Azərbaycan dünyada 10 ölkədən biri oldu: Bakını və Dünya Bankını ittiham edənlər haradadır?
Bizi izləyin

Nida Təhlil

Azərbaycan dünyada 10 ölkədən biri oldu: Bakını və Dünya Bankını ittiham edənlər haradadır?

Dünyanın “Ən islahatçı 10 ölkəsi”. Azərbaycan “Doing Business 2020” hesabatında yenidən bu sıraya daxil edilib. Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” hesabatının ötən ilki nəticələrində də ölkəmiz “10 ən islahatçı ölkə” siyahısında yer almışdı.

2020-ci il koronavirus pandemiyasının dünya iqtisadiyyatına ciddi zərbələr vurması dövrü olaraq yadda qaldı. Nəticədə bir çox ölkənin, xüsusilə böyük dövlətlərin iqtisadi göstəriciləri aşağı düşdü. Lakin Azərbaycan bu müddət ərzində mövqeyini nəinki qoruyub saxladı, əksinə, bir neçə pillə də irəlilədi.

Burada diqqətçəkən məqam 2020-ci il üçün hazırlanan ilkin hesabatın qəbul edilməməsi və yenidən hazırlanması üçün araşdırmaların başlanması idi. İlkin hesabatda Azərbaycan 2019-cu ildə olduğu kimi 2020-ci ildə də “dünyanın 10 ən islahatçı ölkəsi” sırasında yer almışdı. Lakin ilkin hesabat qəbul olunmadı: bu ilin avqustunda Dünya Bankı özünün “Doing Business” hesabatında 4 üzv ölkənin - Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarladığını və bununla bağlı müstəqil araşdırma aparılacağını bəyan etdi.

Dünya Bankının hansısa uyğunsuzluğu aradan qaldırmaq istəyini Azərbaycanda bəlli qüvvələr “göydən düşmə fürsət” hesab etdilər. Məsələnin ən diqqətçəkən tərəflərindən biri də məhz budur.

Dünya Bankı hələ araşdırma apardığını, bəzi üzv ölkələrdən alınan məlumatlarla bankın metodologiyası arasındakı uyğunsuzluğun olduğunu açıqlamışdı. Hələki nəticələr bəlli deyildi. Daxildəki qüvvələr isə nəticələri gözləmədən Azərbaycanı “saxtakarlıqda” ittiham etməyə başladılar.

Bu qüvvələrin əsas tezisi belə idi ki, guya hakimiyyət Dünya Bankına yanlış məlumatlar verib. Hətta bir qədər də irəli gedərək, Dünya Bankının rəsmilərini “ələ aldığını” iddia edirdilər.

Absurd konspriologiya idi. Axı necə olurdu ki, Azərbaycanın “ələ aldığı” rəsmilər öz hesabatlarını ləğv edir, yeni hesabat aparmaq üçün araşdırmalara başlayırdı?!

Yaxud elə bu qüvvələr özlərinin mötəbər qurum hesab etdiyi Dünya Bankını sırf daxili siyasətdə xal qazanmaq, hakimiyyətə qarşı gündəm yaratmaq naminə ittiham edirdilər?!


Milli Şuranın sədri, ABŞ-a gedən və bir daha geri qayıtmayan Cəmil Həsənli iddia edirdi: Azərbaycan rəhbərliyi Dünta Bankının rəsmilərini “ələ alaraq” reytinq cəvdəlində ölkənin mövqeyini yüksəldib.

“Azadlıq” qəzeti isə C.Həsənlinin bu məsələ ilə bağlı məqaləsini “Növbəti saxta hesabat” başlığı ilə dərc etdi.

Ardınca Sevinc Osmanqızı məsələni günlərlə gündəmdə saxladı. O da iddia edirdi ki, Azərbaycanın reytinqi süni şəkildə şişirdilib, məqsədi iqtisadi problemləri gizlətməkdir.

Onların hədəfi Azərbaycan idi, lakin unudurdular ki, haqqında danışdıqları məsələsin əsas tərəfi Dünya Bankıdır.

Və bu iddialardan çıxan nəticəyə görə, Dünya Bankı şəffaf qurum deyil, bankın rəsmiləri “rüşvətxordur” və indiyə qədər hazırlanan hesabatların hamısı yalan olub.

Nəhayət, Dünya Bankının Daxili Auditinin araşdırması başa çatdı və nəticələr açıqlandı.

İlkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü idi. Çatışmazlıq səbəbi ilə Dünya Bankı araşdırmalar apararaq, hesabat yenidən təqdim etdi: araşdırmadan sonra Azərbaycan 78,5 balla sıralamada 6 pillə yüksələrək 28-ci oldu.

Araşırma nəticəsində məlum oldu ki, Azərbaycanda 3 istiqamətdə aparılan islahatlar (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında mövcud vəziyyətdən daha az qiymətləndirilib. Beləliklə, Azərbaycan daha üstün göstəricilərlə yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” oldu.


Bu arada iqtisadi Qubad İbadoğlunun da “proqnozu” yanlış çıxdı. İbadoğlu iddia edirdi ki, Dünya Bankının Daxili Auditdən sonra edəcəyi düzəliş “Azərbaycanın reytinqinin pisləşməsinə gətirib çıxaracaq”.

Nəticə pisləşmədi, əksinə daha da yaxşılaşdı. Müstəqil araşdırma Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etdi. Məlum oldu ki, ilkin uyğunsuzluğun günahkarı məlumatları verən üzv ölkələr, o cümlədən Azərbaycan deyilmiş. Problem Bankın özünün səhv hesablamasındadır.

İndi növbə Dünya Bankının səhvinə görə Azərbaycanı ittiham edənlərdədir: onlar nə deyəcək, ümumiyyətlə deməyə söz tapacaqlarmı?!

Ən yaxşı halda susacaqlar, çünki artıq belə hal onlar üçün vərdişə çevrilib. Çünki təcrübə təsdiqləyir ki, bu qüvvələri öz ölkəsinə qarşı danışdıran şəxsi düşüncələri yox, siyasi maraqları və elektron poçtlarına gələn tapşırıqlardır:

1. Cəmil Həsənli, Sevinc Osmanqızı və bu şəbəkədə təmsil olunanlar üçün Azərbaycanın əleyinə olan istənilən məsələ “əla fürsət”dir. Onlar bundan hakimiyyətə qarşı istifadə edir, həm də özlərini gündəmdə saxlayır;
2. Azərbaycanı nə qədər sərt tənqid etsələr, anti-Azərbaycan qüvvələrin onlara bir o qədər ehtiyacı çox olacaq. Məntiq budur və şübhəsiz ki, Dünya Bankının ilkin hesabatla bağlı araşdırmaya başlamasından sonra bu qüvvələrə gələn tapşırıq da “hakimiyyəti tənqid edin” yönündə idi.


Təəccüblü deyil, artıq Azərbaycan cəmiyyəti də onların mahiyyətini yaxşı bilir.

Burada maraqlı məqam odur ki, Azərbaycan müstəqil araşdırmadan sonra da göstəricilərini daha da yaxşılaşdıraraq, “dünyanın 10 ən islahatçı ölkəsindən biri” olursa, araşdırmanın nəticəsini gözləmədən “hakimiyyəti tənqid edirəm” adı altında əslində öz ölkəsini pisləyən bu qüvvələr dünyanın neçənci adamıdır?!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm