Makronun Paşinyana göndərdiyi SMS-lər və Fransa adına növbəti biabırçılığı
Bizi izləyin

Nida Təhlil

Makronun Paşinyana göndərdiyi SMS-lər və Fransa adına növbəti biabırçılığı

Fransa prezidenti Emmanuel Makronun 44 günlük müharibə boyunca erməni baş nazir Nikol Paşinyana sms-mesajlar göndərməsi noyabrın 10-da üçtərəfli razılaşmaya qədər 30 ilə yaxın müddətdə mövcud olmuş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik edən bu ölkənin ermənipərəstliyini növbəti dəfə sübut etdi.

Makron Paşinyana nə yazmışdı, yaxud niyə SMS?

Noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədini imzaladıqdan bir neçə gün sonra Makron Fransadakı erməni icmasının nümayəndələri ilə naharda iştirak edib.

“Qraparak” qəzeti yazır ki, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Etiraf edib ki, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxlayıb, öz dəstəyini təklif edib, hətta SMS belə yazıb.

Bildirib ki, Paşinyan onun zənglərinə və SMS-lərinə tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib”, - qəzet yazır.

Nəşr qeyd edir ki, Makronu xüsusilə təəccübləndirən Paşinyan davranışı olub. Erməni baş nazir nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.

Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”, - Makron deyib və erməni icmasından Fransanın necə davranmalı olduğunu soruşub.

“Qraparak” yazır ki, “bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi”.

Makronun nahar masasında erməni icmasına dediyi bu sözlərin hesabat xarakteri daşıdığı aydın görünür. Fransa prezidenti bununla ermənilərə “mən əlimdən gələni etdim, günah Paşinyandadır” demək istəyir. Onun Fransanın necə davranmalı olduğunu erməni icmasından soruşması da ölkəsindəki ermənilərin qarşısında “günahını yumaq” istəyindən irəli gəlir.

ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin rəhbərini erməni icmasına hesabat verməyə nə məcbur edir?

Makron Fransanın vasitəçilik öhdəliyini ayağı altına ataraq, özünü xilas etməyin dərdindədir. Çünki reytinqi bərbad vəziyyətdədir və bu il həm yerli seçkilərdə, həm də Senata keçirilən aralıq seçkilərində istədiyi nəticəni əldə edə bilmədi. Seçkilərin növbəti mərhələsi də Makron üçün yaxşı heç nə vəd etmir.

“Harris İnteraktiv” şirkətinin sentyabr ayında hazırladığı hesabatda Emmanuel Makronun, ümumilikdə hökumətin reytinqinin sürətlə aşağı düşdüyü qeyd olunurdu. Hesabatda bilirilirdi ki, avqust-sentyabr ayları dövründə Makronu dəstəkləyənlərin sayı 7 faiz azalıb. Həmçinin qeyd olunurdu ki, hakimiyyətdə olduğu vaxtda Makrona cəmiyyətin dəstəyi heç vaxt bu qədər aşağı enməyib. Makrona etibarın itməsinin əsas səbəb isə əhalinin problemləri ilə maraqlanmaması, sosial-iqtisadi məsələlərdə lazımsız sərt mövqe tutmasıdır.

Makron Fransa xalqının problemlərini həll etmək əvəzinə, özünü xilas etmək üçün erməni diasporundan imdad diləyir. Paşinyana göndərdiyi SMS-lər və erməni icması ilə naharda Nikolu “satması” da bundan irəli gəlir.

Və bu, Fransanın vasitəçilik missiyasına zidd olduğu kimi, bu ölkənin milli maraqlarının da əleyhinədir. 44 günlük müharibə dövründə bunun açıq şəkildə şahidi olduq.

Hamımız birlikdə müqavimət göstərəcəyik. Əmin olun”.

Makron müharibənin başladığı ilk günlərdə ermənilərə belə vəd verirdi və 44 günlük müharibə dövründə həmsədr ölkə kimi neytral mövqe sərgiləmək əvəzinə, Ermənistanı xilas etmək üçün “əlindən gələni etdi”.

Fransa prezidentinin işğalçıya dəstəyi açıq və gizli formada davam edirdi.

Telefon trafiki: müharibənin başladığı ilk gündən - sentyabrın 27-dən 10 noyabra – bitdiyi günə qədər Makron Prezident İlham Əliyevə 3 dəfə, Rusiya Prezidentinə 4 dəfə, Ermənistanın baş nazirinə 5 dəfə və daha çox zəng vurub. Fransa prezidenti bu zənglərini həmsədr dövlətinin rəhbəri qismində həyata keçirsə də, əsas məqsədi işğalçı Ermənistanı xilas etmək idi.

- Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürdü;
- Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərildi;
- Bu ölkə ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyi vədini verib;


Bunlar Fransanın 44 günlük müharibə dövründə Ermənistana verdiyi gizli dəstəkdir. Bununla yanaşı, Fransa diplomatları müharibə dövründə Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparırdılar. Hətta kapitulyasiya sənədinin imzalanmasından 6 gün sonra – 16 noyabrda Makron Rusiya prezidenti Vladimir Putinə zəng edərək, Ermənistanın maraqlarının müdafiəsi ilə bağlı müzakirələr aparmışdı.

Makronun erməni icması ilə naharda dediyi sözlərdən məlum olur ki, Fransa prezidenti erməni baş nazir Paşinyana təkcə zəng yox, hətta SMS belə yazıbmış. İlk qeyd olunan sual önə çıxır: Makron Paşinyana nə yazmışdı, yaxud niyə SMS?

Makronun dediyindən məlum olur ki, Paşinyan ondan heç nə xahiş etməsə də, o, israrla zəng edir, hətta SMS yazırmış.

“Nikol, Ermənistana hansı dəstəyi verə bilərəm”;
“Nikol, cəbhədə vəziyyət necədir?”;
“Nikol, silah və kəşfiyyat məlumatı göndərdim, çatıbmı?”;
“Nikol, necəsən?”;


Fransanın tutduğu mövqe fonunda Makronun yazdığı sms-mesajların mətninin təxmini bu formada olduğunu təsəvvür edə bilərik. Və onun niyə məhz SMS yazması da diqqətdən qaçmır?

Ölkə liderləri nəyisə müzakirə etmək üçün ya görüşür, ya da telefonla əlaqə saxlayır. Makronun Paşinyana SMS yazması münasibətlərinin səmimiyyətdən də daha artıq olmasından irəli gəlir və həmsədr ölkənin rəhbərinin münaqişə tərəflərindən birinin rəhbəri ilə belə münasibəti onun qeyri-obyektiv mövqeyini sübut edən növbəti detallardan biridir.

Bununla yanaşı, görünür Makron sms-mesajlarla Paşinyanı təlimatlandırırmış, hətta Nikol istəməsə belə. Telefon zəngindən əlavə SMS yazmaq zərurəti də bunu deməyə əsas verir.

Makronun bu cəhdləri Ermənistanın məğlubiyyətinin qarşısını ala bilmədi, lakin müharibənin başa çatmasından sonra da Yelisey sarayının dəhlizlərində ermənipərəst mövqe Fransanın milli maraqlarına üstün gəldi. Makronun birbaşa tapşırığı ilə Paris meriyası Dağlıq Qarabağdakı qondarma qurumunu tanımaq məsələsini gündəmə gətirdi, ardınca Fransa senatı separatçı-terrorçu rejimi tanıdı.

Erməni icması ilə naharda da Makron “daha nə edə bilərəm” deyə soruşur. Bu, indiyə qədər balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayan Fransanın bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Çünki Yelisey sarayında Fransanın milli maraqları düşünən lider yox, ermənipərəst, Ermənistanın maraqlarını öz ölkəsinin maraqlarından üstün tutan Makron əyləşib.

Bu şəxs faktiki olaraq, Fransa xalqının maraqlarına yox, erməni lobbisi/diasporunun istəklərinə xidmət edir və Fransanın prezidenti kimi yox, Ermənistanın vəkili kimi Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik edir. Bu düşmənçilik həm də Fransa dövləti və xalqına qarşıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm