TARİXİ UĞUR: TAP işə düşdü - Avropa bazarına çıxan Azərbaycan nələr qazanacaq?
Bizi izləyin

Nida Təhlil

TARİXİ UĞUR: TAP işə düşdü - Avropa bazarına çıxan Azərbaycan nələr qazanacaq?

Çoxları üçün xəyal olan, hətta mümkün olmayacağı haqda müzakirələr açılan nəhəng layihə başa çatdı: tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail oldu.

Bu, təkcə təbii qazın Avropa bazarına çıxması yox, həm də Azərbaycanın güclü siyasi iradəsinin nəticəsidir. Hər şey heç də asan olmadı, lakin rəsmi Bakı bütün çətinliklərə rəğmən Azərbaycanın güclü gələcəyini təmin edəcək nəhən layihəni reallaşdırmağı bacardı.

Cənubi Qaz Dəhlizi: Azərbaycan liderinin güclü gələcəyimizi inşa edən siyasi iradəsi.

Bu layihə 4 seqmentdən ibarətdir – “Şahdəniz – 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP).

Birinci seqment: “Şahdəniz” yatağının ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz – 2” isə yatağın əsası hissəsini təşkil edir.

İkinci seqment: Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır.

Üçüncü seqment: TANAP Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a bağlanır.

Dördüncü seqment: TAP Cənub Qaz Dəhlizi layihəsində yekun mərhələdir. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində əsas siyasi iradə Azərbaycan liderinə məxsusdur. Xüsusilə Prezident İlham Əliyevin Qərblə Rusiyanın enerji müharibəsində milli maraqlarımıza zərər dəymədən atdığı strateji addımlar diqqət çəkir.

Qərb Avropanın enerji şaxələndirilməsi planında “Nabucco” layihəsini irəli sürmüşdü və bu layihə Azərbaycan qazını “Köhnə Qitə”yə daşıyacaqdı. Lakin Bakı üçün iki məqam çətinlik yaradırdı: birincisi, bu, yetərincə bahalı layihə idi, ikincisi, bu layihədə yer almaq regionda Rusiya ilə üz-üzə gəlmək olardı.

Bu iki məqama yanaşı, “Nabucco” adı özlüyündə təhlükəli məqamları gizlədirdi. Qərb incə gediş edərək, bu ad altında uzaq perspektivə hesablanan çox təhlükəli oyun başlatmışdı. Belə ki, İtaliya operası olan “Nabucco” adını qədim Babil hökmdarı “Nabukadnezar”ın adından götürmüşdü. İlk baxışdan, layihəyə belə adın seçilməsi qlobal siyasətin mədəni üzü kimi qəbul olunurdu. Lakin bu layihəyə “Nabukadnezar”ın adından qaynaqlanan yarlığın yerləşdirilməsi vaxtilə Babil torpaqlarının indiki Şimali İraq ərazisini əhatə etməsi ilə sıx bağlı idi. Məqsəd həmin coğrafiyada Kürdüstan dövləti yaratmaq istəyən kürdlərin gələcəkdə iqtisadi müstəqilliyinə zəmin yaratmaq idi. Bakının belə bir layihədə iştirakı qardaş Türkiyəyə qarşı çıxmaq olardı.

Bu mürəkkəb və təhlükəli oyunu pozmaq, eyni zamanda, ölkənin milli maraqlarının zərbə altında qalmasının qarşısını almaq üçün olduqca üstün zəkaya sahib olmaq lazımdır. Prezident İlham Əliyev bu oyunu pozdu və Rusiya ilə üz-üzə gəlmədən, Qərblə əməkdaşlığı dayandırmadan, Türkiyənin maraqlarına toxunmadan birbaşa Azərbaycanın gələcəyinə hesablanmış addım atdı: Cənub Qaz Dəhlizi layihəsini irəli sürdü və “XXI əsrin müqaviləsi”ni həyata keçirdi.

Bu gün tarixi gündür: Azərbaycan qazı Avropa bazarına çıxdı. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra bu gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev TAP üzərindən ilk qazın nəqli ilə bağlı deyib: “Bu tarixi gündə TAP və “Şahdəniz-2” layihəsini, Cənub Qaz Dəhlizini ərsəyə gətirən, Azərbaycan qazının tarixdə ilk dəfə Avropa bazarına çatdırılmasına öz töhfəsini verən tərəfdaş ölkələrə və şirkətlərə, mütəxəssislərə, bütün həmkarlarımıza, bu layihəni dəstəkləyən maliyyə qurumlarına, boru xətlərimizin keçdiyi icmaların sakinlərinə dərin minnətdarlığımızı bildiririk. Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak payına malik olmaqla, bu tarixi missiyanı uğurla başa çatdıran SOCAR və Azərbaycan neftçiləri adından Avropa Birliyi xalqlarına və əziz Azərbaycan xalqına gözaydınlığı verir, bu möhtəşəm layihənin müəllifi və aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!
7 il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə yekun investisiya qərarını verdik və Avropanın qazpaylayıcı şirkətləri ilə 25 illik qaz alqı-satqısı haqqında müqavilələri imzalamaqla yola çıxdıq. Bəzilərinin vaxtı ilə mümkünsüz hesab etdiyi 3500 kilometr uzunluğunda bir-birinə bağlanan üç qaz boru xəttinin inşası artıq başa çatıb. Azərbaycan qazı bu gün Avropadadır
”.

SOCAR prezidenti qeyd edib ki, Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək.

Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq”, - bildirib.

TAP-ın idarəedici direktoru Luka Şieppati tarixi hadisəyə belə şərh edib: “Bu gün layihəmiz üçün, eləcə də kəmərin keçdiyi ölkələr və Avropanın enerji landşaftı üçün tarixi bir gündür. TAP qitənin qaz şəbəkəsinin ayrılmaz parçasıdır və enerji tranzitinin yol xəritəsinə töhfədir. Biz Çənub-Şərqi Avropaya və digər ölkələrə etibarlı, birbaşa və əlverişli nəql marşrutu təklif edirik”.

TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bazar araşdırmasının ikinci mərhələsi 2021-ci ilin yay aylarında başlanacaq.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33%-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20%), bp (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

Bu layihənin uğurla başa çatdırılması Azərbaycan üçün ciddi perspektivlər vəd edir:

1. Enerji sektoru daha da inkişaf edəcək, dövət büdcəsi böyük gəlirlər əldə edəcək;
2. Ölkəyə xarici investorların gəlişi daha da stimullaşacaq;
3. Azərbaycan Avropanın qaz bazarında əsas payçılardan biri olacaq ki, bu da milli maraqlarımızın siyasi platformalarda təmin edilməsinə zəmin yaradacaq;
4. Azərbaycan Avropanın daxil olduğu nəhəng regionda eneri xəritəsinin əsas açarı olan ölkəyə çevrildi.


Qazanacağımız dividentlərin nəticəsini zamanla daha yaxşı görə biləcəyik.

2020-ci ili Böyük Zəfərlə başa vuran, 30 illik işğala son qoyan Azərbaycan ilin son günündə gələcək illərin siyasi-iqtisadi xəritəsini müəyyən edəcək növbəti nəhəng uğur qazandı.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm