Paşinyanın məqaləsində ikinci bir etiraf da olmalı idi – Deputat
Bizi izləyin

Nida Təhlil

Paşinyanın məqaləsində ikinci bir etiraf da olmalı idi – Deputat

“Ermənistanın baş naziri Nikol Paşinyanın indiki məqamda “44 günlük müharibənin kökləri” adlı məqaləni qələmə almasının bir neçə səbəbi var. İlk növbədə o, Ermənistanın məğlubiyyətini Paşinyanın üzərinə yıxmaq istəyən qüvvələrə cavab verib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Millət vəkili bildirib ki, biz Koçaryan-Sarkisyan ordusunu məğlub etmişik:

“Biz onların Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə cavab olaraq işğalçıları torpaqlarımızdan təmizləmişik. Bu o deməkdir ki, 2018-ci ildən sonra hakimiyyətə gələn Nikol Paşinyan da xeyli zibillər törədib, ancaq bu məsələdə yalnız Paşinyanla kifayətlənmək olmaz. Əvvəla, Azərbaycan erməni faşizminin kökünü kəsib. Eyni zamanda, erməni faşizmi bu regionda iki il müddəti əhatə etməyib. Erməni faşizmi Azərbaycan torpaqlarının işğalından başlamış bir prosesdir. Paşinyan da öz məqaləsində bununla bağlı yazıb. Doğrudur, Nikol Paşinyanın məqsədləri başqadır. O nöqteyi-nəzərdən ki, baş nazir bütün məğlubiyyəti öz üzərinə götürmək niyyətində deyil. Hazırda Ermənistanda ciddi siyasi mübarizə, hətta müharibə gedir. Paşinyan bunu rədd etmək fikrindədir”.

Səməd Seyidovun fikrincə, qalibiyyəti heç vaxt döyüş meydanında qazanmırlar. Millət vəkilinin sözlərinə görə, qalibiyyət döyüşdən öncə əldə olunur:

“Məğlub olanlar qalibiyyəti döyüş meydanında axtarırlar. Qalib gəlmək üçün illər boyu işləməlisən. Zəfər çalmaq üçün öncədən iqtisadi, siyasi, diplomatik, demoqrafik, geopolitik və sair nöqteyi-nəzərlərdən ibarət olan fəlsəfəni həyata keçirməlisən ki, sonra döyüş meydanında düşməni darmadağın edəsən. Sadaladıqlarım olmasa, döyüş meydanında qalib gəlmək çox çətindir”.

Deputat hesab edir ki, Azərbaycan öz torpaqlarının işğal altına düşməsindən sonra elə bir yol seçdi ki, faktiki olaraq bu yol qalibiyyətimizin əsasını, kökünü yaratdı:

“Nikol Paşinyanın həmin məqaləsində bizim iqtisadiyyatımız, apardığımız islahatlarla yanaşı, diplomatik sahədə əldə etdiyimiz uğurlar bənd-bənd sadalanır; Lissabon sammitindən tutmuş Avropa Şurasında, Avropa Parlamentində, danışıqlar prosesində Dağlıq Qarabağın “tərəf” kimi iştirakının rədd edilməsi... Bunlar həmin məqalə içərisində reallıqları əks etdirən bir məsələdir. Paşinyan bu reallıqları hazırda öz müxalifətinə təqdim edərək Koçaryan-Sarkisyan cütlüyünün Ermənistan üzərində apardığı siyasəti də ifşa edir”.

Səməd Seyidovun fikrincə, bütün bunlar heç də Paşinyanın günahlarını kənara qoymur: “Onun provokator, populist olması, ölkəsini dağıtması, Soros Fondunun və onların əlaltılarının siyasətinin regionda həyata keçirilməsi, Azərbaycan xalqını təhqir etməsi, 2018-ci ildən sonra ölkəmizə qarşı xeyli provokasiyalar törətməsi, iyul hadisələri, danışıqlar prosesinə zərbə vurması, diversantlar göndərməsi, yeni torpaqları işğal etmək niyyətində olması kimi əməllərin hamısı Paşinyanın boynundadır. Bunların hamısına görə o məsuliyyət daşıyır. Bütün bunlarla yanaşı, torpaqlarımızın işğalına ötən əsrin 90-cı illərindən başlanılıb. “Krunk”, Qarabağ komitəsi, bu gün hakimiyyətə gəlmək istəyən qüvvələr və başqaları bu siyasəti həyata keçiriblər. Ona görə də hazırda Ermənistana rəhbərlik edən şəxsin qələmindən çıxan belə bir məqalə əhəmiyyətlidir, vacibdir. Eyni zamanda etirafdır. Çünki çox şey etirafdan irəli gəlir”.

Komitə sədri onu da əlavə edib ki, bu məqalənin içərisində ikinci bir etiraf da olmalı idi:

“Hələ ki, məqalənin içərisində biz həmin etirafı görə bilmirik. Həmin həqiqəti sonuncu kəlmələrində yazmaq istəyib, ancaq gücü, cəsarəti çatmayıb. Amma həmin etirafı da yazacaq. Əgər ikinci belə bir məqalə olsa, onu da qələmə alacaq. Etiraf edəcək ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından asılıdır. Hansısa diaspor və böyük dövlətlərlə bağlı deyil. Yaxın qonşularla – onların içərisində Azərbaycan və Türkiyə ilə yüksək səviyyəli münasibətlərin qurulmasından irəli gələn məsələlərdir. Cürəti çatıb yazarsa, bəlkə də onun hakimiyyətdə qalmaq şansı çoxala bilər. Yoxsa, revanşist qüvvələr onu məhv edəcəklər. Əvvəl öz siyasətini yürütmək istəyirdi, sonra qorxdu. Sarkisyan və Koçaryandan, onların ətrafındakı banditlərdən, mafiyadan çəkindi. Faktiki olaraq onların siyasətinin davamçısına çevrildi. Bu da onun tam faciəsinə gətirib çıxardı. Amma indi hakimiyyətə gəldiyi ilk aylarda səsləndirdiyi tezisləri yenidən təkrar etməyə başlayıb”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm