• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

Paşinyan erməniləri İlham Əliyevin yaratdığı reallıqla barışmağa çağırır - ETİRAFLAR

Paşinyan erməniləri İlham Əliyevin yaratdığı reallıqla barışmağa çağırır - ETİRAFLAR

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədən təxminən iki ay sonra “44 günlük müharibənin kökləri” adlı məqalə yazdı. Məqsəd aydındır: erməni ictimaiyyəti qarşısında məğlubiyyətin səbəblərini izah etmək və məsuliyyəti onda öncəki hakimiyyətlərin üzərinə atmaq.

Məqalə boyunca Nikolun münaqişənin tarixinə ekskurs etməsi, xüsusilə Koçaryan-Sarkisyan hakimiyyəti dövründə səhvlərin buraxıldığını önə çəkməsi də buna hesablanıb.

Paşinyanın etirafları üç kontekstdə diqqət çəkir.

Birincisi, I Qarabağ müharibəsindən sonra işğal siyasəti aparan Ermənistanın heç bir uğur qazanmaması, hər şeyin illuziyadan başqa bir şey olmamasıdır.

Erməni baş nazir ölkəsinin diplomatik və hərbi məğlubiyyətinin, hazırda düşdükləri acınacaqlı vəziyyətin səbəblərindən danışır, əsas günahkarların Koçaryan-Sarkisyan cütlüyü olduğunu qeyd edir.

Paşinyanın dediklərindən məlum olur ki, uzun illər ərzində danışıqlrın imitasiyası vaxtın uzadılmasına hesablanıb və əslində Ermənistan heç nə əldə edə bilməyib. Bunun fonunda Azərbaycan danışıqlar prosesində, informasiya müharibəsində, diplomatiyada, iqtisadi və hərbi sferada böyük uğurlar qazanıb.

Nikol məqalədə münaqişənin tənzimlənməsi ilə əlaqədar müxtəlif formatlarda aparılmış danışıqlarda guya Ermənistan diplomatiyasının “mühüm uğurlar” əldə etməsi barədə Ermənistan cəmiyyətində illərlə formalaşdırılmış fikrin əslində, illüziya, mif olduğu etiraf edir. Xatırladır ki, keçmiş hakimiyyətdən ona böyük uğursuzluq mirası qalıb və etiraf edir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından indiyə qədər aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib. Paşinyan Ermənistan cəmiyyətinə hələ 1996-cı ildəki Lissabon sammitində Heydər Əliyevin Ermənistanı necə çıxılmaz vəziyyətdə saldığını xatırladır, bu sammiti Ermənistanın dünyada tək qalmasının əyani nümunəsi kimi misal çəkir.

İkincisi, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı məğlub etmək üçün illərdir həyata keçirdiyi dərin strategiyanın etiraf edilməsidir.

Ermənistanın baş naziri Azərbaycan liderinin gücü qarşısında geri çəkilir və yazır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məqsədyönlü diplomatiya həyata keçirib, faktiki olaraq, Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə salıb. etiraf olunur.

Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib. Nikol etiraflarına davam edir. Məqalədə Azərbaycanın bölgədəki prosesləri diqqətlə izlədiyi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalandığı bildirilir.

Paşinyan Kazan düsturunu xatırladır və Prezident İlham Əliyevin necə ustalıqla addımlar atdığını etiraf edir.

İlham Əliyev Qarabağa Azərbaycanın tərkibindən kənarda statusunun verilməsi məsələsini hələ 2011-ci ildə gündəmdən çıxarmışdı. Son 10 ildə Qarabağ münaqişəsi üzrə danışıqlarda bir neçə həll prosesi var idi. Kazan prosesi ilk sırada gəlirdi. Bu təklifə görə, 5+2 düsturu üzrə rayonlar Azərbaycana qaytarılmalı, Qarabağa aralıq status verilməli və qaçqınların qayıdışından sonra son status referendum yolu ilə həll edilməli idi. Lakin gözlənilməz hadisə baş verdi: İlham Əliyev 2011-ci ilin 24 iyununda Kazan sənədini imzalamaqdan imtina etdi. Serj Sarkisyan 2016-cı ilin 17 noyabrda “Rossia” telekanalına müsahibəsində bu haqda danışırdı ki, Ermənistan 7 rayonu qaytarmağa hazır idi, amma Azərbaycana daha çox şey istəyirdi. Daha böyük nə ola bilərdi? Kazan sənədini imzalamayan İlham Əliyev bunun cavabını verdi: Qarabağın Azərbaycanın tərkibindən kənarda statusu ola bilməz. O, bunu 2011-ci ildə istisna etmişdi”, - ermıni baş nazir yazır.

Bu, o deməkdir ki, Azərbaycan işğal altındakı torpaqların tam azad edilməsi prosesinə illər öncə hazırlaşıb və 7 rayonun qaytarılmasından məhz buna görə imtina edib. Bunun nəticəsi olaraq, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Paşinyan məqalədə Azərbaycanın ardıcıl səyləri ilə Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasının tarixçəsinə ekskurs edir, hətta Rusiyanın son illərdəki təkliflərində də status məsələsindən bəhs olunmadığını qeyd edir.

Ermənistanın baş naziri etiraf edir: “Aprel döyüşləri” onlar üçün böyük uğursuzluq idi. Buna əlavəm olaraq qeyd edir ki, 2020-ci ilin “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edir və bundan ürəkləndiklərini dilə gətirir, lakin etiraf edir ki, Azərbaycanın güc və imkanlarını düzgün hesablamayıblar.

Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etdiyini, lakin hər şeyin artıq gec olduğunu bildirir. Bununla həm də Azərbaycanın güclü olduğunu qəbul edir.

Üçüncüsü, Ermənistan Azərbaycanın gücünü qəbul etməli, Azərbaycan liderini yaratdığı yeni reallığı qəbul etməlidir.

Paşinyan sentyabrda başlanan müharibə qərarının yalnız ona məxsus olmadığını, bu qərarın Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini deməklə, məsuliyyətdən boyun qaçırmağa çalışır. Həm də demək istəyir ki, hamımız qərar verdik, hamımız məğlub olduq. İndi də hamımız yeni reallığı qəbul etməlidir.

Məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahıdır. Paşinyan hər şeyi etiraf edir və bununla erməni cəmiyyətini hazırki nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR