Konqresdə güllələnmə, seçki böhranı... - ABŞ-da demokratiya dəfn edilir
Bizi izləyin

Nida Təhlil

Konqresdə güllələnmə, seçki böhranı... - ABŞ-da demokratiya dəfn edilir

Dünya növbəti “amerikasayağı demokratiya”nı izləyir. Dünən Tramp tərəfdarlarının Konqres binasına daxil olması və polisin onlara qarşı silahlı hücumu demokratiya dəyərlərinin okeanın o tayında süquta uğradığını bir daha təsdiqlədi.

Prezident seçkilərində demokratların namizədi Co Baydenin qələbəsi elan olundu, respublikaçı prezident Donald Tramp nəticələri şübhə altına alır. Konqres binasında baş verənlər ABŞ daxilində baş verən xaosun zirvəsi oldu. Burada müqayisə üçün bir hadisə yada düşür.

Ötən ilin iyulunda Azərbaycanda bir qrup insan qanunsuz olaraq Milli Məclisin binasına daxil olmuşdu. Hadisə zamanı Azərbaycan polisinin parlament binasına daxil olan insanlarla rəftarı xüsusilə diqqət çəkirdi: təzyiq edilmədi, heç bir güc tətbiq olunmadı, sadəcə, asayişin bərpası ilə bağlı çağırış oldu.

ABŞ qanunverici orqanının – Konqresin binasına daxil olan etirazçılara qarşı nələr edildi?

- Polis dəyənəklər və silahlarla etirazçılara hücum etdi;
- Bir qadın etirazçı elə Konqresin binasında güllələnərək, öldürüldü, halbuki, həmin mülki şəxs digərləri kimi silahsız idi və sadəcə etiraz haqqından istifadə edirdi;
- Baş verən toqquşmalar nəticəsində ümumilikdə 4 nəfər həyatını itirib;


Nə qədər böyük və super güc, o cümlədən, tarix boyu demokratik dəyərlərin “mühafizəçisi” rolunda çıxış edən ölkə olsa da, ABŞ bu prosesdə Azərbaycandan nümunə götürə bilmədi. Təkcə bu hadisəmi? Xeyr. ABŞ-da son 20 il ərzində baş verənlər bu ölkədə demokratiyanın bitdiyini, etirazçıların qətlə yetirilmələri də daxil olmaqla ciddi hücumlara məruz qaldığını göstərir.

Afroamerikalıların küçənin ortasında polis tərəfindən qətlə yetirilməsi;
Etiraz aksiyaların ən sərt üsullarla yatırılması;
Nümayişlərə polisin silahlı basqını;
Vətəndaş bərabərsizliyi, hətta seçki hüququnun pozulması;
Seçkilərin saxtalaşdırılması, səsvermə prosesinə müdaxilələrin olması;


Bunlar ABŞ üçün adi hala çevrilib. Bu vəziyyət Barak Obamanın dövründə də va idi, Trampın dövründə də müşahidə olundu.

- 2014-cü ilin 9 avqustunda Ferqüssonda 18 yaşlı qaradərili gəncin polis tərəfindən öldürülməsinə etiraz olaraq minlərlə qaradərili aksiyalara başladı. Bu aksiyalar bir neçə ay davam etdi və dekabrın 2-də polis müdaxiləsi ilə yatırıldı. Etirazlara görə, qətli törədən polis minium cəza aldı.

- 2015-ci ilin 25 aprelində 26 yaşlı qaradərili gənc Freddi Qreyin poli tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı və qətli törədən polis cəmi 5 il cəza aldı.

Obama Administrasiyası dövründə baş verən bu iki hadisə afroamerikalılara qarşı hücumların ən böyüyü idi. Rasizm ABŞ-ın gündəlik həyat tərzi hesab oluna bilər: işə qəbul, ev alqı-satqısı, təhsil, səsvermə hüququ, hətta həbslərə qədər hər yerdə var.

2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işə götürənlər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Araşdırmada bildirilir ki, rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili olması ehtimalı 90 faizdən yuxarıdır.

Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.

Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının 2013-cü ildə apardığı araşdırmaya görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə daha çoxdur. Qaradərililər ABŞ cəmiyyətinin cəmi 13 faizini təşkil etsə də, polisin saxladığı şəxslərin 28,4 faizi məhz qaradərili təbəqəyə aiddir. Statistikaya görə, qaradərililərin 3,1 faizi, ağdərililərin isə cəmi 0,5 faizi həbsdədir.

Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir.

İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir. Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət
təşkil edir.

Hətta afroamerikalı Obamanın prezidentliyi dövründə də ABŞ-da rasizm azalmadı, əksinə getdikcə şiddətləndi.

Tramp Administrasiyası isə Corc Floyd böhranı ilə yadda qaldı. Ötən ilin iyulunda Minneapolis şəhərində polis Derek Şovenin qaradərili amerikalı Corc Floydu dizinin altında boğaraq, öldürdü. Görüntüləri araşdıran mütəxəssislər deyirlər ki, polis zabiti afroamerikalını 8 dəqiqə 46 saniyə dizinin altında saxlayır, 2 dəqiqə 53 saniyə sonra Floyd artıq huşunu itirmişdi və sonda öldü. Derek Şoven buna görə yüngül cəza aldı.

“İtirilmiş dürüstlük: hüquq-mühafizə orqanlarının həbs edilmiş əməkdaşlarının tədqiqatı” kitabının müəllifi Filipp Stinson yazır ki, “2005-ci ildən indiyə qədər atışma nəticəsində qətl və ya qəsdsiz qətl üçün 110 polis əməkdaşı həbs edilib və bu 15 ildə onlardan yalnız 42-nə qarşı ittiham irəli sürülüb”.

Floydun qətlinə görə ABŞ-ın onlarla ştatında başlanan etiraz aksiyaları zor gücünə yatırıldı.

Təsəvvür etmək çətindir, ABŞ kimi ölkədə istənilən vaxt dinc insan həyatını itirə bilir. ABŞ-da fəaliyyət göstərən Hüquqi Yardım Cəmiyyəti təşkilatının nümayəndəsi Cenvayn Vonq deyir ki, “Polislər xırda hadisələrə tez-tez bu qədər sərt müdaxilə edir, xüsusilə mülki geyimdən istifadə edirlər. Küçədə təsadüfən kimsə bizə hücum edərsə, onun polis, yaxud başqası olduğunu necə anlayaq? Bu davranış qəbuledilməzdir”.

ABŞ Konqresində baş verəb son hadisələr də “amerikasayağı demokrtiya”nın davamı hesab oluna bilər. Hadisələr sübut etdi ki, super güc ölkəni demokratiya böhranı bürüyüb və bu dövlətin əsasları ciddi şəkildə sarsılıb. Dünya mediasında ABŞ-ın qeyri-stabil siyasi sistemə malik olan ölkələrlə müqayisədi də bu ölkənin düşdüyü vəziyyəti göstərir.

Və ən maraqlısı odur ki, başqa ölkələrin seçki sistemlərini tənqid edən ABŞ-da böhranların kökündə elə seçkilər dayanır.

2000-ci il: demokratların namizədi Albert Qor seçkidə tam şəkildə qalib gəlmişdi. Corc Buşu (oğul) Ağ Evə gətirmək istəyənlər onun qardaşının qubernator olduğu Florida ştatında səslərin yenidən hesablanmasına start verdilər. Sayılma zamanı Buş nisbi üstünlük qazanan kimi ştatın məhkəməsi prosesi dayandırdı və respublikaçılar qalib elan olundu. Halbuki, səslərin sona qədər sayılması nəticəyə ciddi təsir edə bilərdi. Hərçənd, Albert 560 min səs öndə idi, Ağ Evə 50 ştatın 538 nümayəndəsinin təmsil olunduğu Nümayəndələr Palatasında 270 nümayəndənin səsini alan Buş köçdü.

2012-ci il: “The Las Vegas Journal Review” nəşri yazırdı ki, demokratların seçki qərargahı Ohayo ştatında seçki məntəqələrinə somalili miqrantları gətirib.

Onlara Obamanın xeyrinə səs vermək göstərişi verilmişdi. Analoji hal Florida, Kolorado və Nevada ştatında da baş verib. Bu ştatlarda da Amerika vətəndaşlığı olmayan miqrantlar müxtəlif vədlər qarşılığında demokratların namizədinin xeyrinə səs veriblər. Bu, “karusel əməliyyatı”dır”, - nəşr bildirirdi.

Rusiya Monitorinq Qrupu isə iddia edirdi:

- 50 milyondan çox amerikalı seçici səsvermə hüququndan məhrum edilib. Onlardan 62 faizi afroamerikalı, digərləri isə Latın Amerikasından olanlardır;
- Bir sıra ştatlarda şəxsiyyət vəsiqəsini təqdim etmədən də bülleten almaq mümkündür;
- Gizli səsvermə prinsipi pozulub. Çünki səslər faksla, yaxud elektron poçtla da verilə bilər. Bu isə şirkət sahiblərinə öz əməkdaşlarının səslərini yönəltmək imkanı tanıyır;
- Həbsxanada olanlar səsvermə hüququndan məhrumdurlar;


2016-cı il: Donald Tramp seçkidə qalib gəldi, lakin seçkilərin şəffaf olmadığı haqda müzakirələr illərlə davam etdi. Hesab olunurdu ki, Tramp Rusiyanın seçkidə müdaxiləsi və “Biq Data” sisteminin (seçicilərin şəxsli məlumatlarının əldə edilməsi və ona uyğun seçki kampaniyasının aparılması) köməyi ilə prezident seçildi.

2020-ci il: demokratların namizədi Co Bayden səs çoxluğunu qazandı, lakin Tramp seçkilərin saxtalaşdırıldığını deyir və nəticələri qəbul etmir.

Tramp tərəfdarlarının Konqresə hücumunun səbəbi də budur: onlar seçkilərin nəticəsini tanımır.

ABŞ-da məcazla desək demokratiyanın əsl “təntənəsi” yaşanır: seçkilərə müdaxilələr olur, etirazçılar Konqres binasında güllələnir.

Necə olur ki, dünya ictimaiyyəti bu qədər zorakılığı görməzdən gəlir. Azərbaycanda ən xırda insidenti beynəlxalq təşkilatların gündəliyinə daşıyanlar, qətnamələr, qərarlar qəbul edənlər indiyə qədər niyə susur? Sual ritorik deyil, beynəlxalq münasibətlərin, eləcə də demokratiya, insan haqları dəyərlərinə yanaşmanın real mənzərəsidir.

Demokratiya sınağından yenə də ABŞ kimi super güc yox, Azərbaycan çıxdı. Ötən ilin iyulun 14-də Milli Məclisin binasında baş verən hadisə zamanı Azərbaycan polisi dözümlü davrandı, etik çərçivədən kənara çıxmadı. ABŞ Konqresində baş verən hadisədə isə bu ölkənin polisi dəyənəklər və odlu silahdan istifadə etdi: 4 ölü, onlarla yaralı. Demokratiya ABŞ-da dəfn edilir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm