Moskva görüşü: Əliyevin çantasında nə var? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Moskva görüşü: Əliyevin çantasında nə var? - TƏHLİL

44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan rəhbərliyi Moskvada ilk dəfə bir araya gəlir. Əliyev qalib, Paşinyan məğlub tərəfdir, bəs Putin necə, qərəzsiz hakim olacaqmı?



Hadisələrin inkişafı Moskva görüşünün Qarabağ məsələsində yekun, regionda yeni mərhələnin başlanğıcı ola biləcəyini göstərir:

- Azərbaycan-Ermənistan dövlət sərhədinin bərpası rəsmiləşdirilir;
- Ermənistanla kommunikasiya əlaqələri qurulur: bunun tərkib hissəsi olaraq, Naxçıvan dəhlizinin detalları razılaşdırılır;
- Regionun münaqişədən sonrakı gələcəyi (“altılıq” platforması üzərində müzakirələr) ilə bağlı gələcək addımların şifahi razılaşdırılması;

Bu regionla bağlıdır və müharibədən sonra tərəflərin bu məsələdə aşağı-yuxarı həmfikir olduğunu deyə bilərik. Lakin bunun üçün öncə Qarabağdakı problemlər həll edilməlidir. Bu kontekstdə tərəflərin hər birinin irəli sürdüyü tələblər olacaq:

Əliyevin çantasında nələr var?

1. Dağlıq Qarabağdakı silahlı ermənilər dərhal çıxarılmalıdır;
2. Ermənistan rəsmiləri, yaxud siyasətçiləri Xankəndinə Bakının icazəsi olmadan səfər etməməlidir;
3. Sülhməramlılar 10 noyabr razılaşmasında təsbit edilmiş vəzifələrini yerinə yetirməlidir;

Qarabağda hər şey Azərbaycanı daxili məsələsidir: Azərbaycan Prezidentinin yekun tələbi budur.

Paşinyanın çantasında nələr var?

1. Minsk qrupu formatında danışıqların bərpa edilməsi:

- Ermənistan Vaşinqton və Parisi yenidən oyuna daxil etməklə manevr imkanlarını genişləndirə bilər;
- Bunu daha çox Fransa Ermənistandan istəyir, çünki bu ölkə prosesdən kənarda qalmaqla yeni qlobal reallıqda siyasi-iqtisadi itkilərlə üzləşir və oyuna yenidən daxil olmaq cəhdləri edir: Makronun özünü Paşinyandan çox erməni kimi aparması, dünən Putinə zəng etməsi də bununla bağlıdır;

2. Erməni “qaçqın”ların Hadruta qayıtmasına şəraitin yaradılması:

- Bunu Qarabağdakı silahlı ermənilərin çıxarılmasına əvəz olaraq istəyə bilər;
- Son bir neçə gündə silahlı ermənilərin bölgədən çıxarılmasına hazırlıqla bağlı xəbərlərin yayılması da İrəvanın Moskvada bu istəyinə zəmin yaratmaq məqsədi daşıyırdı: “razılaşmaya əməl edirəm”.
- Nikol bununla daxili auditoriyaya “kiçik qələbə” bəxş etmək və Qarabağın “statusu” məsələsinə ümidi saxlamaq niyyətindədir;

Və Putinin masaya gətirəcəkləri...

Rusiya prezidentinin görüşdən öncə müşavirə keçirməsi təkcə vəziyyətin üzərindən təkrar keçmək deyildi. Ruslar hazırda Qarabağa bölgədə gələcək mövcudluq, ən azından Ermənistanda zərər görmüş dayaqlarını tam bərpa edənə qədər kart olaraq baxır, bu baxımdan, sülhməramlıların nəzarət etdiyi bölgədə hakim rolunu daha da gücləndirmək niyyətindədir.

1. Ermənilərin Hadruta da qayıtması:

- Siyasi hədəf: ermənilərin Hadruta qayıtması “status” məsələsində perspektiv imkanlar yarada bilər;
- Hərbi hədəf: Hadrut Şuşa, Laçın, Xankəndi ilə sərhəddir; ordumuzun bu bölgədəki mövqeyi ermənilərin yaşayacağı Xankəndi və Xocavəndin bir hissəsinə nəzarət imkanı verir; rus sülhməramlılarının Hadrutda olması isə Rusiya üçün bütün Araz boyu istiqamətinə - Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan – nəzarət etmək imkanı deməkdir;

Paşinyanın mümkün Hadrut istəyi rusların bölgədə “humanitar fəaliyyət” üzərindən planının tərkib hissəsidir.

2. Qarabağın “yekun statusu”:

- Putin bir neçə dəfə “yekun status” amilinə toxunub: Minsk qrupunun digər iki həmsədr ölkəsinə “məsələ hələ tam həll olunmayıb” deyə göstərmək; rus sülhməramlılarının bölgədə qalması üçün bu amil üzərindən danışıqları davam etdirmək; erməni əhalisinin qayıdışını stimullaşdırmaq üçün “vəd vermək”; Bakıya qarşı siyasi rıçağı əldə saxlamaq;

Ruslar “status” məsələsini müzakirə mövzusuna çevir bilər, çünki danışmağa mövzunun olması onların varlığına ehtiyacın yaranması deməkdir. Hərçənd, danışıqlar davam edərsə, bu, Minsk qrupu formatında deyil, Rusya-Türkiyə formatında olacaq: ABŞ və Fransanın bundan sonrakı fəaliyyəti formal xarakter daşıya bilər, misal üçün, zənglə nələrinsə müzakirə edilməsi və s.

Asan görüş olmayacaq, lakin masa rus torpaqlarında qurulsa da, kartlar İlham Əliyevin əlindədir: Azərbaycanın qalib tərəf olması və ordumuzun bölgədə mümkün toqquşmada üstün mövqeyi; Türkiyənin siyasi və hərbi varlığı, Rusiyanın buna rəğmən Bakı üçün ciddi təhdid olacaq böyük müharibəni başlamayacağı reallığı; dövlət sərhədinin bərpa edilməsi ilə Qarabağda baş verənlərin de-fakto olaraq da Azərbaycanın daxili məsələsinə çevrilməsi; dəyişən geosiyasi reallığın Bakının tərəfində olması;

Əliyev qalib tərəf kimi bu üstünlüyünü masada nümayiş etdirəcək:

- Danışıqların Minsk qrupu formatına qaytarılmasını qəbul etməyəcək: burada Bakı, Ankara və Moskva eyni mövqedədir;
- Hadrut məsələsi qəbul olunmayacaq: üçtərəfli razılaşmanda da Azərbaycan Ordusunun azad etdiyi ərazilər müzakirə predmeti deyil; Əliyev görüşdən öncə “10 noyabr razılaşmasının əsas olduğunu” təsadüfi xatırlatmadı;
- “Status” məsələsi gündəmdən çıxarılacaq: üçtərəfli razılaşmada status yoxdur; Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır; Qarabağ heç bir status verilməyəcək; Xankəndi Azərbaycan ərazisidir və ora gələnlər Bakıdan icazə almalıdır - İlham Əliyevin görüşdən öncəki açıq mesajları;
(Rusiya mümkün olmadığını bildiyi halda status məsələsindən müzakirələrin uzanması üçün kart kimi istifadə edir, məqsəd tərəflər arasında və bölgədə hakim rolunu saxlamaqdır).

Görüşdən öncə iki məqam vacib idi: a) Türkiyənin Azərbaycanda hərbi mövcudluğu sürətlə artırıldı (hərbi yük təyyarələrinin intensiv uçuşu); b)
Azərbaycan prezidentinin müharibənin başa çatmasından sonra ilk dəfə açıq şəkildə Xankəndi məsələsinə toxundu və rəsmi Bakının mövqeyini dəqiqləşdirdi. Bu baxımdan, masada Bakının üç şərti – sülhməramlıların funksiyasına uyğun fəaliyyətinin təmin edilməsi, erməni silahlıların çıxarılması, Qarabağda baş verənlərin Azərbaycanın daxili məsələsi kimi qəbul edilməsi – öncə həll olunmalı, daha sonra regional məsələlərə keçilməlidir. Əks təqdirdə, anti-terror əməliyyatları genişləcək, bu dəfə Türkiyənin açıq hərbi dəstəyi ilə. Görüş öncəsi baş verənlər və Əliyevin mesajları bunu göstərir.

Görüşdə yekun sənədin imzalanacağı ehtimalı az, (Paşinyana daxili təzyiq və rusların müzakirələri uzatmaq istəyi) şifahi razılamalar və ümumi bəyanatın qəbul olunması gözləniləndir. Azərbaycan tərəfinin razılaşa biləcəyi yeganə məsələ də növbəti görüşlərin davam etdirilməsi ola bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm