Mediada xaos, dövlət üçün risklər və KİV haqqında yeni qanunun zərurəti
Bizi izləyin

Nida Təhlil

Mediada xaos, dövlət üçün risklər və KİV haqqında yeni qanunun zərurəti

Dünya dəyişir, Azərbaycan dəyişir, həyatımız XXI əsrin ən müasir texnologiyalarının inkişafına uyğunlaşır. Bu müddət ərzində ölkədə dəyişməyən və dəyişməməsi milli maraqlara ciddi təhlükə olan bir məsələ var: KİV haqqında qanun...

Ötən əsrin sonunda – 1999-cu ildə qəbul olunan qanun elə ötən əsrin tələblərinə uyğundur, üzərindən məcazla desək bir əsr keçib, əslində inkişafın və dəyişikliyin sürətinə baxdıqda, məcazsız da bir əsrin keçdiyini deyə bilərik, Azərbaycanın “KİV haqqına qanun”u isə ötən əsrdən qalmadır. Və bunun ağrılı nəticələri açıq şəkildə hiss olunur:

- Mediada ciddi xaos yaranıb;
- Müasir informasiya axınını həyata keçirən onlayn media qanundan kənarda qalıb;
- Qeyri-peşəkarlıq informasiya axınında dövlətin maraqlarına təhlükə yaradır;
- “Reket jurnalistika”nın qanunun nəzarətindən qalan onlayn mediaya axışması təhlükəni daha da aktuallaşdırır;
- Azərbaycan dil normaları isə hər gün belə demək mümkünsə işgəncə altındadır;

Səbəb bəllidir, ötən əsrdən qalma KİV haqqında qanun mövcud media məkanını tənzimləyə bilmir, çünki qanun qəbul ediləndə çap mediası hakim idi, indi çap mediası unudulmaqdadır.

Qanunu incələdikdə nə qədər köhnəldiyini daha aydın görmək mümkündür.

Qanun çap mediasına həsr olunub, onlyan media haqqında isə ümumiyyətlə qeyd belə yoxdur. Misal üçün, qanunun mətnində qanun mətnində 27 yerdə çap mediası ilə bağlı ifadə keçir. Cəmi 9 yerdə informasiya agentliklərindən bəhs olunur, o da ümumidir.

Mövcud medianın reallığı nədir?

Hazırda bütün dünyada informasiya axınına sosial media hakimdir: onlayn media (informasiya agentlikləri, xəbər saytları), sosial şəbəkələr (Facebook, Twitter, İnstagram, son dövrlər daha da məşhurlaşan Telegram və s.), eləcə də bloqlar və ünsiyyət vasitəsi kimi istifadə olunan, eyni zamanda, sürətli xəbərləşmə prosesinin getdiyi digər vasitələr;

Əsasən çap mediasının prinsiplərinin yer aldığı “KİV haqqında qanun” bu media resursların heç birini tənzimləmir.

Bu gün mediada köhnə qanunun boşluğundan qaynaqlanan çoxsaylı problemlərlə üz-üzədir.

Müasir informasiya axınını həyata keçirən yeni media resursları qanunun nəzarətindən kənarda qalıb. Bu da ümumi media məkanında xaosun yaranması, qeyri-peşəkarlığın peşəkarlığı üstələməsi, xüsusi informasiya təhlükəsizliyinin ciddi təhdid altına olmasına zəmin yaradır.

Vətən müharibəsi dövründə informasiya təxribatları intensiv şəkildə baş verdi. Bu prosesdən media həmişə üzüağ çıxmadı, xüsusilə Ermənistan tərəfinin ortaya atdığı yalan xəbər və dezinformasiyanın tirajlanması bunun nümunəsidir.

Sensasiyanın yaradılması, İP arxasınca qaçış, maraq qruplarının məqsədinə xidmət və s. Bütün bunlar hazırda medianın üzləşdiyi acı reallıqdır. Onlayn medianın qanun tərəfindən tənzimlənməməsi saxta xəbər və dezinformasiyaların yayılmasının başlıca səbəbidir.

İnformasiya məkanında ən ciddi problemlərdən biri sosial şəbəkələrin gündəmi formalaşdırmasıdır. Bu gün smartfon telefonu olan hər kəs jurnalist fəaliyyəti ilə məşğul ola bilər, əslində olur da və bu vəziyyət informasiya məkanında “ara qarışıb, məzhəb itib” vəziyyətini yaradır. Məsələ kiminsə hansısa imformasiyanı paylaşması deyil, məsələ sosial şəbəkələrdə paylaşılan informasiyanın mediada yayımlanan gerçək informasiyadan daha inandırıcı qəbul edilməsidir. Buna səbəb mövcud medianın nüfuzunun lazımi səviyyədə olmaması, qeyri-peşəkar fəaliyyətdir. Azərbaycan dilinin qaydalarına riayət edilməməsi də qeyri-peşəkarlıqdan irəli gəlir.

Mövcud vəziyyət və informasiya təhlükəsizliyinə yaranan risklər təcili şəkildə tədbirlər görülməsini şərtləndirir:

KİV haqqında qanun mövcud reallığa uyğunlaşdırılmalıdır, yaxud ümumiyyətlə yeni qanun qəbul olunmalıdır. Sosial media anlayışına daxil olan informasiya məkanın tənzimlənməsi ilə bağlı konkret və işlək müddəalar daxil edilməlidir. Qeyri-peşəkarlığa, “fake news” və dezinformasiyalara qarşı daha sərt və nəticə əldə olunacaq addımlar atılmalıdır. Medianın nüfuzu və peşəkarlığı artırılmalı, xüsusilə IV hakimiyyət missiyası gücləndirilməlidir.

Yeni qanunun qəbulu fonunda ümumilikdə media ilə bağlı qurumların da yenilənməsi zəruridir.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti hazırda informasiya sürəti ilə ayaqlaşmır. Fond əsasən çap mediası ilə işləyir, halbuki, bu gün qəzetlərin üzünü açan yoxdur. O zaman çap mediası ilə işləyən ayrıca bir quruma ehtiyac varmı?

Cavab bəllidir. KİV haqqında yeni qanunun qəbuluna paralel olatraq, KİVDF də yenilənməli, bütün media resurslarını əhatə edəcək daha geniş səlahiyyəti olan və prosesləri təmziləyə bilən qurum yaradılmalıdır.

Bunun üçün ilk iş təbii ki, KİV haqqında yeni qanunun qəbulundan başlanmalıdır. əvvəlcə qanunverici baza mövcud vəziyyətə uyğunlaşdırılmalı, ardınca buna uyğun islahatlar aparılmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm