Moskva görüşünün şifrələri: İlham Əliyev nələri diktə etdi? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Moskva görüşünün şifrələri: İlham Əliyev nələri diktə etdi? - TƏHLİL

44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra Moskvada tərəflərin ilk görüşü keçirildi, Prezident İlham Əliyev qalib, Nikol Paşinyan məğlub tərəf kimi...

Görüşün başlanğıcında təxminən 6 dəqiqə ictimaiyyətə nümayiş etdirildi: İlham Əliyev və Nikol Paşinyan salona ayrı qapılardan daxil oldu; Əvvəlcə Azərbaycan prezidenti salona daxil olaraq, Putinlə görüşdü (liderlər qucaqlaşdılar), Putin eyni münasibəti salona ikinci daxil olan Paşinyana da göstərdi; İlham Əliyev və Paşinyan masaya əyləşərkən, bir-birilərinə kənardan “salam” verdi; Putin bildirdi ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır;

Əslində görüşlə bağlı əsas gözlənti də 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın tam yerinə yetirilməsinin müzakirə idi.

Azərbaycan liderinin Moskvada əsas tələbi də bu olacaqdı: Razılaşmanın bəndləri yerinə yetirilməlidir;

4 saat davam edən görüş başa çatandan sonra liderlər təxminən 15 dəqiqə çəkən mətbuat konfransı keçirdi və deyilənlərdən qapalı görüşdə nələrin müzakirə edildiyini, hansı tərəfin şərtlərinin qəbul edildiyini anlamaq mümkündür.

Prezident İlham Əliyev konfransda bildirdi: “Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

Bu o deməkdir ki, qapalı görüşdə Bakının tələbləri qəbul edilib:

1. Qarabağda qalan erməni silahlılar çıxarılır;
2. Ermənilərin yaşaması üçün ayrılan ərazilər Azərbaycan torpağıdır və ora gələnlər rəsmi Bakıdan icazə almalıdır;
3. Ermənistan rəsmiləri bölgəyə qanunsuz səfələri dayandırmalıdır;

Prezident İlham Əliyev bu tələblərini görüşdən öncə, ilin yekunları ilə bağlı çıxışında səsləndirmişdi və bununla Moskvada irəli sürəcəyi tələbləri Bakıda elan etmişdi.

Qapalı görüşdə Bakının tələbləri qəbul edilməsəydi, yaxud nəticələr Azərbaycanın maraqlarına uyğun olmasaydı, əksini görəcəkdik:

- Üçtərəfli razılaşmanın 9-cu bəndində nəzərdə tutulan iqtisadi-kommunikasiya əlaqələrinin qurulmasının əks olunduğu ortaq bəyanat imzalanmayacaqdı, yaxud fərqli olacaqdı;
- Azərbaycan Prezidenti “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə düşünməliyik” açıqlamasını verməzdi;


Ortaq bəyanatın imzalanması və Prezident İlham Əliyevin bu açıqlaması nəticənin Azərbaycanın istədiyi kimi olduğuna dəlalət edir. Və burada Azərbaycan liderinin açıqlamasındakı iki məqam diqqət çəkir:

Birincisi: 10 noyabr razılaşması uğurla həyata keçirilir;

Qapalı görüşdə Bakını narahat edən məsələlər müzakirə olunub və irəli sürdüyü tələblər Rusiya tərəfindən qəbul olunub; Erməni silahlıların bölgədən çıxarılması və ermənilərin yaşadığı ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsi məsələsində konkret addımların atılması razılaşdırılıb;

İkincisi: Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb;

Bu o deməkdir ki, qapalı görüşdə Azərbaycan və Rusiya liderləri eyni mövqe sərgiləyiblər: münaqişə bitib, bundan sonra iqtisadi-kommunikasiya əlaqələri qurulmalıdır və təbii ki, buna paralel olaraq, üçtərəfli razılaşmanın bəndləri ardıcıl şəkildə həyata keçirilməlidir;

Qapalı görüşün nəticəsi: İlham Əliyevlə Putin razılaşdı, Paşinyana bu razılşamanı yerinə yetirmək diktə edildi.

Belə suallar irəli sürülür ki, ortaq bəyanata niyə erməni silahlıların çıxarılması məsələsi salınmayıb? Niyə salınsın ki?!

a) Bununla bağlı bənd bütün prosesdə ana sənəd kimi götürülən 10 noyabr razılaşmasında var;
b) Ortaq bəyanat sırf iqtisadi-kommunikasiya əlaqələrinin qurulması ilə bağlıdır;


Ortaq bəyanatı...

Bəyanat regionda Qarabağın statusu, yaxud münaqişə ilə bağlı heç bir qeyd yer almır. Bu o deməkdir ki, Bakının prinsipial mövqeyi qəbul olunub və Prezident İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin məsələyə eyni mövqedən yanaşır.

Bəyanatda əsas məsələ nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyanın qurulması, regionun inkişafına müsbət təsir edəcək məsələlər yer alır. Bu, Azərbaycan Prezidenti tərəfindən dəfələrlə səsləndirilib, müharibədən öncə də, müharibə dövründə də. Faktiki olaraq, Prezident İlham Əliyevin indiyə qədər dediyi fikirlər Moskva bəyanatına öz əksini tapıb.

Və bütün bunların fonunda Nikol Paşinyanın açıqlamaları görüşdə Bakının tələblərinin qəbul edildiyini bir daha təsdiqləyir: Münaqişə hələ həll olunmayıb; Qarabağın statusu məsələsi qalır;

Nikolun bu sözlərinin iki səbəbi var:

1. Qapalı görüşdə Ermənistanın heç bir istəyi qəbul olunmadığı üçün (İlham Əliyev ə Putinin açıqlamaları da bunu göstərir) konfransda bunu təkrarlayır;
2. Bu sözlər daha çox Ermənistanın daxili auditoriyasına ünvanlanıb və “əlimdən gələni edirəm” deməkdir. Çünki Ermənistanda ona qarşı ciddi etiraz dalğası var, hətta Moskva görüşünə gəlməməsi üçün hava limanında etiraz aksiyası keçirildi. Moskvadakı ermənilər də Ermənistan səfirliyi önündə aksiya keçirdilər. Radikal siyasi qruplaşmalar isə Paşinyanın “anti-erməni sənəd” imzalayacağı təqdirdə ölkəyə buraxılmayacağını bəyan etmişdi. Bu baxımdan, “status və münaqişə bitməyib” sözləri ölkəsinə qayıda bilmək üçün dilə gətirilib. Qapalı görüşdə müzakirə olunan mövzuların ictimaiyyətə açıqlanmasının diplomatik etiketə uyğun gəlmədiyini nəzərə alsaq, Paşinyanın bu etiketi məcburiyyətdən pozduğunu, Azərbaycan və Rusiya liderlərinin də buna göz yumduğunu anlamaq olur.

Bakının Moskva görüşünün qalibi olduğunu göstərən digər məqam isə əsirlərlə bağlı məsələdir.

Paşinyan bildirdi ki, əsirlərlə bağlı məsələdə razılıq əldə olunmayıb.

Söhbət 10 noyabr razılaşmasından sonra Xocavənddə keçirilən anti-terror əməliyyatı zamanı əsir götürülən silahlı ermənilərdən gedir (rəsmi məlumata görə 62 əsir): Azərbaycan rəsmi şəkildə bu əsirlərin terrorçu olduğunu açıqladı və onlarla bağlı məsələnin həll edilməməsi də görüşdə Bakının istəyini qəbul etdirdiyi fikrini gücləndirir:

- Qarabağ (Xankəndi də daxil olmaqla) Azərbaycan ərazisidir;
- Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir, oradakı qanunsuz silahlılar terrorçudur (bundan sonra) və Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunacaq;


Bunun əksi olsaydı, Bakı 62 erməni əsirlər bağlı rəsmi mövqeyinə rəğmən, onların qaytarılmasında razılaşardı.

Bu kontekstdə Ermənistanın “Hraparak” qəzetinin diplomatik mənbələrə istinadən yaydığı məlumat diqqət çəkir.

Moskva bəyanatının ilkin mətni 5 maddədən ibarət olub. Maddələrdən biri məhkumlar (əsirlər) və itkin düşmüş şəxslərlə bağlı idi, lakin görüş zaman İlham Əliyev bu maddəni mətndən çıxarıb və yalnız Azərbaycanın maraqlarına uyğun formada saxlanılmasına nail olub”, - qəzet yazır.

Bu bir daha Bakının Moskva görüşündən qalib ayrıldığını sübut edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm