Azərbaycanın növbəti diplomatik qələbəsi
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın növbəti diplomatik qələbəsi

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi, görüşdən sonra üç ölkə rəhbərinin imzaladığı birgə Bəyanat diplomatiyamızın növbəti qələbəsidir. Dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Azərbaycan Qarabağ məsələsində söz sahibidir. Bu görüşün nəticələri beynəlxalq aləmdə də böyük səbirsizliklə gözlənilirdi. Çünki Azərbaycan bu görüşə qalib, Ermənistan isə məğlub kimi gedirdi.

Publika.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə deyib: “Yeri gəlmişkən, qeyd edim ki, 30 illik münaqişədən sonra təzyiq və təhdidlərə baxmayaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanın dünyada əks-səda doğuran parlaq Qələbəsi ermənipərəstlərin sinəsinə silinməz dağ çəkib. Onlardan biri də keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovdur. Ölkəyə rəhbərlik etdiyi müddətdə milli ədavət toxumu səpməklə məşğul olan, hər addımında Ermənistana dəstək verdiyini gizlətməyən Mixail Qorbaçov bu dəfə də iç üzünü, ermənipərəstliyini ortaya qoydu. Görünür, Qorbaçov Azərbaycan Prezidentinin Moskva görüşlərinə qalib, Ermənistan baş nazirinin isə məğlub kimi getməsini həzm edə bilməyib. Ona görə də deyib ki, Dağlıq Qarabağ münaqişəsində qalib gələn və ya uduzan olmamalıdır. Niyə? Məgər müharibədə qalib və ya məğlub olmur? Yoxsa, Qorbaçova elə gəlir ki, müharibə hər hansı bir idman yarışmasıdır və burada da heç-heçə də ola bilər. Bəli! Bütün dünya şahidi oldu ki, Azərbaycan Vətən müharibəsində 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Bu məğlubiyyəti işğalçı ölkənin siyasi-hərbi rəhbərliyi kimi, tərəfdarları, havadarları, o cümlədən keçmiş prezident Mixail Qorbaçov da qəbul etməyə məhkumdur.

Prezident İlham Əliyevin Moskva görüşündən məmnun və Ermənistanın baş nazirinin isə qanıqara qayıtması xarici ekspertlərin də diqqətindən yayınmayıb. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, sentyabrın 27–də Ermənistan ordusunun başladığı müharibə işğalçıların acınacaqlı məğlubiyyəti ilə nəticələndi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları Bəyanat müzəffər ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallıqdır. Bəyanatda digər önəmli məqam ondan ibrətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və şərtsiz Qələbəsinin əyani sübutudur.

Bu Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Bütün bunlardan sonra Prezident İlham Əliyevin Moskvaya səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. Məlum olduğu kimi, səfər çərçivəsində Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşləri baş tutub. Görüşlərin yekunu ilə bağlı üçtərəfli Bəyanat imzalanıb. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkdaşlıq məsələlərini nəzərdə tutan ikinci Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır.

Üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, bu məqsədlə üçtərəfli işçi qrupun, yarımqrupların yaradılması, görüləcək işlərlə bağlı prioritetlərin müəyyən edilməsini nəzərdə tutan yol xəritəsidir. Dörd saat davam edən görüş başa çatdıqdan sonra ölkə rəhbərlərinin mətbuat qarşısında bəyanatla çıxışları zamanı Nikol Paşinyanın açıqlamaları və Prezident İlham Əliyevin sərgilədiyi davranış qapalı görüşdə nələrin olduğunu ehtimal etməyə imkan verir.

Sənəd Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı bir daha təsdiqləyir və kommunikasiyaların bərpası ilə bağlı əks olunmuş müddəaların həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üçün müvafiq vəzifələri müəyyən edir.

Dövlətimizin başçısı görüşdən sonra mətbuata bəyanatla çıxışında da 10 noyabr tarixli birgə Bəyanatın uğurla həyata keçirildiyini diqqətə çatdırdı və bu bəyanatın bəndlərinin çox hissəsinin yerinə yetirildiyini bildirdi. Rusiya sülhməramlı missiyasının öz işini səmərəli şəkildə yerinə yetirdiyini və iki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmadığını deyən Prezident İlham Əliyev qeyd etdi ki, bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

Ermənistanın baş naziri isə “təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir” deməklə sanki noyabrın 10-da şəxsən imzaladığı Bəyanatdan xəbərsizdir. Halbuki həmin Bəyanatda bütün məsələlər öz əksini tapıb və qaranlıq heç nə qalmayıb. Paşinyanın “Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır” fikrini səsləndirməsi isə “bəlkə də qaytardılar” xülyasından başqa bir şey deyil. Çünki artıq münaqişə öz həllini tapıb və undan sonra ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuata bəyanatla çıxışında səsləndirdiyi fikri də təsdiqləyir: “Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm