Bu, bölgənin gələcəyinə pessimist yanaşanların fikridir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu, bölgənin gələcəyinə pessimist yanaşanların fikridir - ŞƏRH

“Ermənistanın müxalifət lideri Vazgen Manukyan RBK televiziyasına müsahibəsində bildirib ki, Paşinyan ona bəslənən ümidləri puça çıxarıb. Ermənistan müxalifəti də Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik qələbəsini etiraf edir. Manukyan bildirir ki, Moskva görüşündə Ermənistan heç nə qazanmadı, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə etdi”.

Bu fikirləri Publika.az-a danışan politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, üçtərəfli yeni bəyanatla Ermənistan ətrafında qoyulmuş blokada demək olar ki, aradan qaldırılır, Rusiya və dünya dəmiryolu qovşağına qoşulmaq imkanları əldə edir: “Eyni zamanda şosse yolu ilə Naxçıvana, Türkiyəyə və İrana getmək imkanı qazanır. Ermənistan həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə də qoşulmaq imkanı əldə edir. Ancaq indi onlar müharibədən ayılandan sonra revanşist fikirlərə düşməyə başlayıblar. Deyirlər ki, Qarabağın statusu məsələsi niyə qaldırılmadı. Status məsələsi yoxdur. Qarabağın statusu heç zaman qaldırılmayacaq və bu, müzakirə obyekti deyil”.

Q.Hüseynli qeyd edib ki, Moskva görüşündə uduzan və qalib gələn tərəflərdən danışmaq bu bölgənin gələcəyinə pessimist yanaşanların fikridir: “Bu, həm də bölgənin perspektivini iki dövlətin dinc yanaşı yaşamasında, qarşılıqlı iqtisadi əməkdaşlığında görməyənlərin fikridir. Regionda proseslər gedir. Bunlar post-müharibə dövrünün prosesləridir. Udan tərəf, yəni torpaqlarını işğaldan azad edən tərəf və işğalçı kimi başqa ölkənin ərazilərindən qovulub çıxarılmış tərəf var. Təbii ki, bu tərəflərə münasibət və onların sözünün çəkisi eyni olmayacaq. Udan tərəf sona qədər ərazi bütövlüyünü təmin etmək və bölgədə sülh və əmin-amanlıq, iqtisadi rifah üçün şərait yaratmaq istəyir. Erməni müxalifəti əgər yeni müharibə istəyirsə, yenidən revanşist fikirlərə qapılıbsa, hansısa itirilən torpaqlardan danışırlarsa, deməli xəyalpərəst, avantürist, bölgədə münasibətləri həmişə pozmağa çalışan destruktiv qüvvələrdirlər”.

Politoloq vurğulayıb ki, əgər onlar dövlətlərinin çiçəklənməsini, inkişaf etməsini istəyirlərsə, dinc və yanaşı yaşamaq prinsipinə riayət etməyi də bacarmalıdırlar: “Onlar başqa ölkəyə ərazi iddiası irəli sürməkdən vaz keçməlidirlər. Yox, əgər bunu bacarmayacaqlarsa, vəziyyət onlar deyən kimi olmayacaq və dağılmış orduları ilə heç bir şey edə biməyəcəklər. Çünki bölgə əvvəlki bölgə deyil. Həm siyasi, həm də hərbi cəhətdən ölçüyəgəlməz dərəcədə güclənmiş Azərbaycan dövləti var. Bundan sonra onun gücü və qüdrəti daha da artacaq. Bu bölgədə həm də oturuşmuş qardaş Türkiyə var. Bu dövlət də bölgədə proseslərə nəzarət edən tərəflərdən biridir. Ona görə də bölgə haqqında xəyali, gerçəkliklə əlaqəsi olmayan fikirlərə düşən adamlar ciddi surətdə yanılırlar və onlar son nəticədə uduzacaqlar”.

Qabil Hüseynli deyib ki, Paşinyanı divara sıxmaq istəyən, onu uduzmaqda ittiham edən və yenə də uduzdu deyən adamlar bilməlidirlər ki, proseslər qanunauyğun məcrada cərəyan edir: “Baş verənlərin hamısı təbii proseslərdir. Paşinyan Moskvada danışıqların məcrasını dəyişdirə bilməzdi. Amma burada söhbət işğalçıya qalib gəlmiş Azərbaycan dövlətinin siyasi iradəsindən gedir. Onlar Azərbaycana bu qədər ziyan vurub, işğal altında saxladıqları ərazilərimizi tamamilə tar-mar edib, viranə vəziyyətə salıblar. Abırlarına qısılıb sakit durmaq əvəzinə hələ iddialar da irəli sürürlər. Tərbiyəsi, vicdanı və mənəviyyatı olmayan adamlar bu cür düşünə bilərlər. Siz abrınıza qısılıb Azərbaycana vurduğunuz ziyanı ödəmək şərtilə sakitcə bizimlə dinc, yanaşı yaşamaq barədə vəd verməlisiniz. Əgər yenə də bu xəyalların arxası ilə qaçacaqsınızsa, budəfəki aqibətiniz əvvəlkindən qat-qat pis olacaq və bir dövlət kimi tarix səhifəsindən silinmək qarşısında qalacaqsınız.

Ona görə də başqa millətlərin hüquqlarını tapdayan xəyallara uymamaq lazımdır. Belə olduğu halda Türkiyə və Azərbaycan da sizə hörmətli davranacaq. Başqa cür olacaqsa, bunun da başqa cavabı olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm