Şuşanın xilası: hərb elmini alt-üst edən əməliyyat və qalib liderin 39 il sonra qayıdışı
Bizi izləyin

Nida Təhlil

Şuşanın xilası: hərb elmini alt-üst edən əməliyyat və qalib liderin 39 il sonra qayıdışı

Ali Baş Komandan İlham Əliyevin Şuşaya dönüşü, bu dəfə qalib ordusu ilə.

Qarabağın incisi, bölgənin alınmaz qalası olan Şuşa üzərində ermənilərin oyunlarına, bu oyunların pozulmasına, şəhərin süqutu və xilasına, həm də müasir hərb tarixinə yazılacaq əməliyyatla, 50 il öncədən baxaq.

Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşa vilayətin tərkibinə daxil edilir və məqsəd şəhərdə Azərbaycan izinin silinməsi idi. Hər şey gələcək işğal planına hesablanmışdı. 1969-cu ildə Heydər Əliyevin Azəraycan SSR rəhbərliyinə gəlməsi ilə ermənilərin və havadarların bu oyunu pozuldu. Ümumilli lider hələ SSRİ dövründə ermənilərin məkrli planlarını görür, buna qarşı siyasi təzyiqlərə rəğmən önləyici addımlar atırdı.

Molla Pənah Vaqifin məqbərəsinin açılması bu addımlardan biridir. 1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı oldu və bu, təsadüfi deyildi: şairin qəbri Şuşadadır. SSRİ dövründə xanın vəziri olan insanın şərəfinə məqbərə ucaltmaq qeyri-adi və təhlükəli idi, lakin Heydər Əliyev cəsarətli addım ataraq, bunu həyata keçirdi. İllər sonra şahidi olduq ki, bu addım Şuşanın erməniləşdirilməsinin qarşısında ciddi faktlardan biri oldu və aydın oldu ki, Heydər Əliyevin 39 il sonra mədəni hadisə kimi görünən bu addımının arxasında dərin strategiya yatırmış.

39 il öncə Şuşada Vaqifin məqbərəsi açılanda 21 yaşlı İlham Əliyev də orada idi. O, 39 il sonra qalib ordunun komandanı kimi qədim Şuşaya qayıdacaqdı...

SSRİ dövründə Heydər Əliyev daşıdğı vəzifələrin imkanlarından istifadə edərək, milli maraqlarımıza xidmət edən addımlar atdı. Onlardan biri də Şuşada Azərbaycan izlərinin silmək planlarının qarşısının alınması idi. Lakin Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra ermənilərin işğal planı işə düşdü. 1988-ci ildə başlanan separatizm fəaliyyəti Azərbaycanın 20 faiz torpağını işğalı ilə nəticələndi. Bu işğal planında Şuşanın süqutu müharibənin həlledici anı idi.

1992-ci ilin 8 mayında Ermənistan “Dağlarda toy” adını verdiyi əməliyyat keçirdilər, hərçənd, bu hücumu hərbi əməliyyat kesab etmək olmazdı. Şuşa faktiki olaraq mühafizəsiz qalmışdı, çünki mübarizə Bakıda hakimiyyət uğrunda gedirdi. AXC-Müsavat cütlüyününü Bakıda həyata keçirdiyi hakimiyyət çevrilişi Ermənistana Şuşanı işğal etmək imkanı yaratdı.

Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi sonradan bildirirdilər ki, Bakıdakı siyasi hərc-mərclik onlara torpaqları ələ keçirməyə fürsət verdi.

O vaxt müdafiə naziri olmuş Rəhim Qzıyev deyirdi: “Şuşa getsə, başıma güllə vuracam”. Bu sözlərindən iki gün sonra Şuşa işğal edildi.

28 il sonra Şuşa işğaldan azad edildi. Şuşanı xilas edən şəhərin erməniləşdirilməsinə imkan verməyən Heydər Əliyevin davamçısı İlham Əliyevdir. O, 21 yaşında getdiyi Şuşaya 39 il öncə qalib komandan kimi ayaq basdı.

Şuşanın azad edilməsi Vətən müharibəsinin kilid nöqtəsi hesab oluna bilər. Çünki strateji əhəmiyyətə malik olan Şuşa Qarabağın açarıdır.

Şuşanın azad olunması: mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar.

Yəhudi jurnalist Pyotr Lyukimson yazır: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.

Azərbaycan cəmiyyəti Şuşa əməliyyat haqqında ilk dəfə “Le Monde” nəşrinin sətrlərində rast gəlirik. Fransız reportyorun məqsədi əməliyyat haqqında yox, Xankəndiyə gətirilən yaralılar barəsində yazmaq idi. “Xankəndinə gətirilən yaralıların hamısında tapança və bıçaq yarası var idi”, - o, yazırdı.

“Tapança və bıçaq yarası...”. Bu sözlər Şuşa əməliyyatı ilə bağlı ilkin təsəvvür yaranmasına kömək etdi.

“Le Monde” yazırdı: “Ermənilərin çox sayda ölü və yaralıları var, onları Xankəndinə daşıyırlar. Erməni əsgərlər Xankəndinə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar. Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb. “Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir” yaralı erməni əsgər deyir. Təcili yardım maşını dayanmadan işləyir, əsgərlər üst-üstə yığılır, bəzi yerlərdə üzbəüz döyüşlər gedir”.

Bu məqalə yayımlananda Şuşanın azad olunduğu elan edilməmişdi, şəhər döyüşləri hələ də davam edirdi...

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanı ağır artilleriya olmadan, tapança və bıçaqdan istifadə etməklə, əlbəyaxa döyüşlə azad edib.

Daha sonra müəyyən fərqliliklərlə eyni mənzərəni təsvir edən bəzi təfərrüatlar ortaya çıxdı və bizə döyüşü birbaşa iştirakçılarının dilindən dinləmək nəsib oldu.

Əməliyyat haqda deyilənlər müəyyən təsəvvürlərin yaranmasına imkan verir:

- Şuşaya yeganə olan girişdən yox, sıldırım qayalıqlardan daxil olub;
- Döyüş ancaq yüngül silahlarla – bıçaq, tapança, avtomat – aparılıb, bir çox hallarda əlbəyaxa halda baş verib;
- Yaralılar və şəhidlər arxada buraxılmayıb, əsgər döyüş yoldaşı çiynində döyüşə-döyüşə sıldırım qayalarla şəhərə qalxıb;
- Şəhərə daxil olana qədər saatlarla, hətta günlərlə döyüş olub;


Bu əməliyyatı tarixi Qavqamela döyüşü ilə eyniləşdirənlər də var: Makedoniyalı İsgəndər sayca qat-qat çox olan III Daranın ordusunu ağıllı taktikası ilə darmadağın edir.

Yaxud bunu Nadir Şah Əfşarın Çar Rusiyasına qarşı hərbi əməliyyatları, eləcə də Malazgirt və Mohaç döyüşləri ilə müqayisə edə bilərik.

Aypara (Qurd Qapanı da deyilir) taktikası. Hücum planı iki mərhələdən ibarət olur: saxta gediş və pusqu. Ordunun bir hissəsi düşmənin gözlədiyi yerdə hücum görüntüsü yaradır, digər qrupu gizli şəkildə düşmənin arxasına keçərək, pusqu qurur. Döyüşçülərin dedikləri Şuşa əməliyyatında məhz bu taktikadan istifadə edildiyi fikrini gücləndirir: şəhərə qalxan yeganə yola hərbi qüvvə və zirehli texnika yığılıb və ermənilər hücumun oradan olacağını gözləyiblər; əsas qüvvələr sıldırım qayaları dırmaşaraq, şəhərə daxil olub və üzbəüz döyüşlə düşmən məhv edilib.

Ali Baş Komandan İlham Əliyevin “Şuşa əməliyyatı müasir hərb tarixində xüsusi yer tutacaq” sözləri təsadüfi deyildi.

Azərbaycan əsgəri qayalıqlarla Şuşaya qalxanda Azərnaycan lideri İlham Əliyev Şuşanın azad edilməsinə qarşı bütün təzyiqlərə mərdliklə sinə gərdi, əsl liderlik, mərdlik, cəsarət nümunəsi ortaya qoydu.

Tarix Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Şuşa əməliyyatını daim xatırlayacaq. Çünki bu hərb elminin bütün prinsiplərinə ziddir.

1992-ci ilin 8 mayında işğal edilən Şuşa 28 il sonra – 2020-ci ilin 8 noyabrda azad edildi. Və bu təqvim Azərbaycanın Zəfər günü kimi tarixə düşdü.

39 il öncə Şuşanın erməniləşdirilməsinin qarşısını almaq üçün Heydər Əliyevlə birlikdə şəhərə gedən İlham Əliyev 39 il sonra Şuşaya qalib komandan kimi getdi. Səfərin 39 il öncəki təqvim günündə - 14 yanvarda edilməsi təsadüfi deyildi: Prezident İlham Əliyev bununla bütün dünyaya elan etdi ki, Şuşa Azərbaycan torpağıdır və Qarabağın incisinə qarşı istənilən pis niyyətə “dəmir yumruq”la cavab veriləcək.

Prezident Şuşada şəhərin yaxın zamanlarda bərpasına başlanacağını elan etdi. Artıq bununla bağlı təhlillər aparılıb.

Şəhərin azad edildikdən sonra yenidən öz tarixinə qayıtmasının, yenidən dirçəlməsinin mesajını Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən demişdi: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm