20 Yanvar hadisəsi bugünkü qələbəyə gələn əsas yollardan biri idi - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

20 Yanvar hadisəsi bugünkü qələbəyə gələn əsas yollardan biri idi - DEPUTAT

20 Yanvar hadisəsi bugünkü qələbəyə gələn əsas yollardan biri idi. Həmin dövrdə bir neçə diviziyanın köməyilə, eyni zamanda dənizdən dəstəklə sovet ordusunun Azərbaycana qarşı törətdiyi cinayətin təməlində azadlıq hərəkatını boğmaq dayanırdı. Azadlıq hərəkatını boğmağa çalışmalarının əsas məqsədi Azərbaycanın müstəqilliyini məhv etmək idi. Azərbaycanın azadlıq hərəkatı, Ermənistan sərhədində baş verən hadisələr, o cümlədən ermənilərin Qarabağ iddiası 1988-ci ildən başlamışdı. Bütün bunlar zəmin idi ki, 90-cı illərin hadisələri baş versin.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, 20 Yanvar tarix boyu Azərbaycanın milli qürur və qəhrəmanlıq günü kimi qeyd olunacaq: “O vaxt həm ermənipərəst qüvvələr, həm də sovet rəhbərliyi başa düşürdü ki, Azərbaycanda lidersizlik atmosferi yaranıb. Ulu öndər Heydər Əliyev Mərkəzi Komitə üzvlüyündən azad edilmişdi. Odur ki, bu mübarizəmizə istər etnik, istərsə də dini don geyindirməyə çalışan sovet rəhbərliyi həm yaranmış vəziyyətdən, həm də ermənipərəst qüvvələrdən istifadə edərək bu proseslərdə azadlıq hərəkatını boğmağa çalışırdı.

Lakin düşünmədilər ki, Azərbaycan xalqı tankların qabağına əliyalın çıxa bilər. Çıxdı da. Onlar Azərbaycan xalqını əzməyə çalışırdılar, lakin həmin Azadlıq meydanında dəfn mərasimini görəndə anladılar ki, ölkədə çox ciddi proseslər gedir. Bu azadlıq hərəkatı bütün postsovet məkanına yayıldı. Əsas məqam ulu öndərin Moskvadakı çıxışı ilə bağlıdır.

20 Yanvar hadisəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsini və vüqarını ifadə edən bir gün idi. Bu hadisənin təsiri nəticəsində Azərbaycan kimliyi formalaşmağa başladı. Siyasi proseslərin sonrakı gedişində də Heydər Əliyevin müstəqil Azərbaycan dövləti üçün misilsiz xidmətləri oldu. Ulu öndərin Moskva nümayəndəliyindəki açıqlamasından sonra Azərbaycanda artıq azadlıq hərəkatı böyük vüsət aldı.

Bu gün də həmin proseslər davam edir. Prezident İlham Əliyev güclü dövlət qurucusu olması ilə yanaşı, Zəfər paradını məhz Azadlıq meydanında keçirməsi mühüm məsələdir. 20 Yanvar şəhidləri məhz Azərbaycanın müstəqilliyi uğrunda öz canından və qanından keçdilər. Bakının ən yüksək nöqtəsində yerləşən Kirovun heykəli dağıdılaraq orada əbədi məşəl yandırıldı. Ulu öndərin əziyyəti nəticəsində orada şəhidlərimizin ziyarətgahı yaradıldı. Faciədə ölənlərin dəfn prosesi, Kirovun heykəlinin uçurularaq həmin ərazidə şəhidlərin dəfn edilməsi bütün dünyaya azadlıq hərəkatının başlanğıcı kimi mesaj oldu. Bu gün Şəhidlər Xiyabanı demək olar ki, hər bir Azərbaycan vətəndaşının and yeridir, gələcəkdə öz fikirlərinin formalaşmasına təsir edən ocaqdır. 20 Yanvar şəhidlərinin xatirəsi əbədidir, Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm