Azərbaycan-Türkmənistan əməkdaşlığının çoxşaxəli inkişaf potensialı var – Deputat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan-Türkmənistan əməkdaşlığının çoxşaxəli inkişaf potensialı var – Deputat

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, qardaş ölkələr arasında əməkdaşlıq daha da artmalıdır”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. Deputatın fikrincə, iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığa böyük zərurət var: “Bu istiqamətdə doğrudan da böyük potensialın olduğu görünür. Bu razılaşma əslində hər iki ölkənin maraqlarına uyğundur. Eyni zamanda, bu memorandumun imzalanması regionun inkişafı üçün də yeni təkan olacaq. Bir nüansı da xatırlatmaq istərdim ki, Azərbaycanın mövcud olan enerji-kommunikasiya sistemi də regionun inkişafına öz böyük dəstəyini verir. Azərbaycan bu istiqamətdə demək olar ki, dünya bazarlarına Xəzər dənizinin enerji resurslarını çatdırmaq üçün ən əsas vasitədir”.

ADİP sədri hesab edir ki, Azərbaycan-Türkmənistan əməkdaşlığının çoxşaxəli inkişaf potensialı var:

“Biz bunun üzərində işləməliyik. Təkcə enerji sahəsində deyil, humanitar sahələrdə də bu potensialı görmək mümkündür. Mədəniyyət, təhsil və bizi yaxınlaşdıran digər istiqamətlərdə işlərimiz çox ola bilər. Hesab edirəm ki, tarixi birliyimizi tam bərpa etməliyik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm