.jpg)
Azərbaycan və Türkmənistan arasında “Kəpəz” və “Sərdar” yatağının birgə işlədilməsi razılığı əldə olundu: bu, Rusiyanın qarşı olduğu, Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırıldığı hesab oluna bilər.
- İki ölkənin dəniz sərhədində yerləşən (Kəpəz – Azərbaycan), (Sərdar-Türkmənistan) yataqlarla bağlı mübahisələr var idi;
- Xəzərin statusunun həll edilməməsi Transxəzər layihəsinə ciddi əngəl idi;
Moskva Avropa bazarında rus qazının hakim mövqeyinə risklərin yaranmaması üçün bu iki amili illərdir körükləyirdi.
Burada Azəraycanın strateji önəmi və manevrləri önə çıxır:
1. Cənub Qaz Dəhlizi layihəsi irəli sürüldü (2014-cü il, enerji müharibəsinin Kiyev küçələrində partlamasından sonra);
2. Xəzərin hüquqi statusu Bakınya sərf edən konvensiya əsasında həll olundu (2019-cu il: Konvensiyanın 14-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, “tərəflər dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilər”, buna qarşı yalnız “ekoloji problem” maneədir);
3. Cənub Qaz Dəhlizi layihəsi tamamlandı və Azərbaycan qazı ilk dəfə Avropa bazarına çıxdı (2020-ci il, Qarabağ müharibəsindən sonra);
4. Bakı və Aşqabad mübahisəli yataqların “Dostluq” adı altında birgə işlədilməsinə qərar verdi;
Xəzərin statusunun həllindən sonra Transxəzər layihəsinin önündəki digər amil də aradan qalxdı deyə bilərik və Rusiyanın proseslərə müdaxiləsinin azaldığı da müşahidə olunur. Bu layihədə iki faktor önə çıxır.
Enerji faktoru:
- Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdə gəlir: ümumdünya ehtiyatlarının 9 faizi. Əsas bazarı Rusiya olub, lakin Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad buna qarşı Çin və İran bazarına çıxdı, lakin mövcud bazarları şaxələndirmək üçün əsas istəyi Avropa bazarıdır;
- Azərbaycan qazı Avropanın rus qazından asılılığının aradan qalxmasına bəs etmədiyi üçün Mərkəzi Asiyanın enerji resurslarının CQD-nə çatdırılması vacibdir. Türkmənistan 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər qazı Bakıya çatdıra bilər: bu, ilkin dövrdə sıxlaşdırılmış qazın tankerlərlə, sonrakı dövrdə dənizin dibindən çəkiləcək boru kəməri ilə mümkündür.
Siyasi faktor:
- Aşqabad Avropa bazarına çıxmaqla enerji daşıyıcılarını, həm də siyasi oriyentasiyasını şaxələndirə bilər;
- Azərbaycan Avropa bazarı ilə yanaşı, yeni dünyada inkişaf edən Çin bazarına da çıxış əldə edir: Mərkəzi-Asiya-Çin magistral kəməri;
- Türk dünyasının siyasi-iqtisadi istiqamətdə daha da yaxınlaşmasına imkanlar artır: Naxçıvan dəhlizindən sonra bu razılaşma təsadüfi deyil;
- Çindən başlayan, dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişdirəcək “bir kəmər bir yol” layihəsində Azərbaycanın da yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artır;
Rusiya prosesə necə yanaşacaq? Layihə əvvəldən Moskvaya qarşı idi, lakin ABŞ-ın zəifləməsi fonunda Çinin yüksəlməsi, rusların da yer aldığı qlobal dəyişiklik Rusiyanın prosesə müdaxiləsini zəiflədir. Moskva baş verənlərdən daha çox qazanclı çıxmaq niyyətindədir: bükə bilmədiyi əli sıxmaq kimi...
Asif Nərimanlı