Ermənistanda qarşısıalınmaz xaos: İrəvanda barrikada savaşı gözlənilir
Bizi izləyin

Nida Təhlil

Ermənistanda qarşısıalınmaz xaos: İrəvanda barrikada savaşı gözlənilir

Ermənistanda hakimiyyət növbədənkənar seçkilərə hazırlaşır;
Keçmiş xunta rejiminin nümayəndələri – Robert Koçaryan və Serj Sarkisyan Paşinyanın hakimiyyətə gəlişindən sonra ilki dəfə siyasi mübarizədə birləşir;
Müxalifət Koçaryan və Sarkisyanın da iştirakı ilə hakimiyyətə qarşı yeni platforma qurur;
Yeni platforma Paşinyana qarşı olsa da, öz daxilində fikir ayrılığı yaşayır;
Bunun fonunda Paşinyan yeni müxalif platformaya korrupsiya üzərindən hücuma hazırlaşır;


44 günlük müharibədə məğlubiyyətdən sonra Ermənistanda yaranan daxili siyasi xaos yeni çalarlarla davam edir.

Robert Koçaryan seçkilərə qatılacağını açıqladıqdan sonra siyasi mənzərə dəyişdi. 17 partiyanın yaratdığı vahid platforma arxa plana keçdi, əvəzində partiyalar Koçaryanın qurduğu masaya gəldilər.

2 fevral tarixində Koçaryan və Sarkisyanın keçirdiyi görüş bu kontekstdə diqqət çəkir. Görüşdə R.Koçaryan, S.Sarkisyan, Vətən partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan və 17 siyasi partiyanın birləşdiyi platformanın “vahid namizədi” Vazgen Manukyan iştirak edirdi.

Ermənistan mediası yazır ki, 6 siyasi lider 4-5 saat müzakirə aparıb. Əsas müzakirə mövzusu Nikol Paşinyanın istefasına nail olmaq, növbədənkənar seçkilərdə necə hərəkət etməkdir.

Görüşdə tərəflərin uzlaşdığı və toqquşduğu məqamlar kifayət qədər olub.

- Növbədənkənar seçkilər qaçılmazdır;
- Nikol Paşinyan taxtdan endirilməlidir;


Bunlar ortaq fikirdir, lakin mübarizənin hansı yolla aparılması üzərində fikir ayrılığı var.

Vazgen Manukyan hesab edir ki, küçə mübarizəsi davam etdirilməli, hakimiyyətə təzyiq artırılmalı, seçkilərdə qüvvələr hakimiyyətə qarşı birləşməlidir.

Serj Sarkisyan hesab edir ki, seçkinin nəticəsi öncədən bəllidir, Paşinyan baş nazir olduğu dövrdə onlar seçkidə qalib gələ bilməyəcək.

“Hraparak” qəzeti yazır ki, bu məsələdə ən radikal mövqe sərgiləyən Serj Sarkisyandır. Digərləri seçkidə hakimiyyətin məğlub olacağına inanırlar.

“Joxovurd” qəzeti isə yazır ki, görüş fikir ayrılığında keçib.

Qaqik Sarukyan seçkiyə təkbaşına getməyi düşünür, Artur Vanetsyan bir neçə partiya ilə birləşmək istəyir, Sarkisyan isə ümumiyyətlə hər şeyin əleyhinədir. Danşaksütyunla Koçaryan ortaq mübarizənin tərəfdarıdır.

Fikir ayrılığı olan müxalifətin qarşısındakı hakimiyyətin də vəziyyəti yaxşı deyil. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçirdiyi son sorğuda Nikol Paşinyanın reytinqinin 27 faiz olduğu müəyyən edilib. Bu reytinqlə seçkiyə getmək məğlubiyyəti qəbul etmək deməkdir. Buna görə, hakimiyyətin müxalifətə qarşı yeni hücum taktikası hazırladığı haqda məlumatlar var.

- Korrupsiyaya qarşı ixtisaslaşmış məhkəmələrin qurulması;
- Anti-milli və anti-dövlət fəaliyyətlərə görə cəzaların sərtləşdirilməsi;


Ermənistan mediası yazır ki, hakimiyyət qanunvericiliyə bunlarla bağlı dəyişiklik etməyi planlaşdırır. Müxalifət hesab edir ki, bu dəyişikliklər məhz onlara qarşı hesablanıb: etirazlar dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək; Koçaryan-Sarkisyan cütlüyü isə keçmiş korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunacaq;

“Ermənistanın səsi” saytı isə Nikol Paşinyanın polisə sərhədsiz səlahiyyət verib: “Etirazın miqyası hələki riskli deyil, lakin respublika meydanı 70 faiz dolarsa, üçqat polis səddi buna dözməyəcək. İstisna deyil, bu zaman polis güllələmə əmrini verəcək. Çünki etirazların yatırılması üçün polis qüvvələrinə bütün vasitələrdən istifadə etmək səlahiyyəti verilib”.

Sayt yazır ki, Paşinyanın göstərişi ilə hökumət bağlarının ərazisində cəza dəstələri formalaşdırılır.

“Bu dəstələr camaatı qorxutmaq üçü təkcə havaya atəş açmayacaqlar, həm də insanları hədəfə alacaqlar. Müxalifət kütləvi etiraz aksiyalarına hazırlaşır, baş nazir cəza əməliyyatlarına”, - sayt bildirir.

Ermənistandakı siyasi mənzərə belədir. Və baş verənlər hadisələrin bir neçə istiqamətdə inkişafını proqnozlaşdırmağa imkan verir:

1. Növbədənkənar seçkilər yaxnlaşdıqca daxili qarşıdurma daha da qızışacaq: erməni mənbələrin də yazdıqları bu qarşıdurmanın küçə döyüşlərinə qədər gətirib çıxara biləcəyini istisna etmir; çünki hakimiyyət silahlı dəstələr formalaşdırdığı kimi, müxalifət də istefa verməyəcəyi təqdirdə baş nazirin fiziki məhvi planını irəli sürüb;
2. Müxalifət özü də daxildən parçalanacaq və bu, daxili xaosu daha da gücləndirə biləcək amildir:

- Koçaryan-Sarkisyan cütlüyü mövcud müxalif qüvvələri qəbul etmir, eyni zamanda, öz aralarında maraqları toqquşur;
- Koçaryanın Moskva səfəri, ardınca Sarkisyanın Ermənistandakı Rusiya səfiri ilə görüşü tərəflərin eyni masada əyləşməyə baxmayaraq, ayrı-ayrılıqda Kremlin dəstəyini qazanmağa çalışdığını deməyə əsas verir;
- “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan da Moskvadakı əlaqələrindən istifadə edərək, öz maraqlarının təmin edilməsinə çalışacaq;
- 17 partiyanın birləşdiyi platforma seçkidən öncə ayrı mübarizə yolunu seçə bilər;
- “Vətən” partiyasının sədri Artur Vanetsyan da birlik platformasında liderliyə əsas iddiaçılardan biridir;


Ermənistanda baş verənlər Azərbaycanın bu ölkənin siyasi prosesinə təsiri xüsusilə diqqət çəkir: 2016-cı ilin “aprel müharibəsi”ndə ordumuzun qələbəsi Serj Sarkisyanın hakimiyyətdən getməsinin əsasını qoydu. Vətən müharibəsində əldə etdiyimiz Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi isə Ermənistanın uzunmüddətli xaos vəziyyətinə düşməsinə səbəb oldu.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm