İngilis naziri Bakıya gətirən səbəblər nədir? – Politoloq
Bizi izləyin

Nida Təhlil

İngilis naziri Bakıya gətirən səbəblər nədir? – Politoloq

“Son dövrlərdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Böyük Britaniya 44 günlük Vətən müharibəsində İtaliyadan başqa Azərbaycanın mövqeyini müdafiə edən ikinci Qərb dövlətidir. Yəni, Böyük Britaniya bizi həm Birləşmiş Millətlər Təşkilatında, həm də Avropa miqyasında bizi geniş şəkildə müdafiə etdi. Bundan başqa, İngiltərə qəzetləri də əsl döyüş həqiqətlərini, eləcə də ermənilərin vəhşiliklərini, vandalizmini açıb göstərdi”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun Bakı səfərini şərh edərkən deyib. Politoloq bildirib ki, Böyük Britaniyalı nazirin Azərbaycana gəlişinin əsas məqsədi iki ölkə arasındakı dostluq əlaqələrini daha da inkişaf etdirmək və möhkəmləndirmək, zənginləşdirmək məqsədi daşıyır: “Zənnimcə, Bakı və London arasındakı münasibətlər çox yaxşı sürət götürüb. Elə İngiltərə-Türkiyə münasibətləri də yüksək sürətlə inkişaf edir. Azərbaycanla Böyük Britaniya arasında Xəzər neftinin çıxarılması və Avropa bazarlarına çatdırılması ilə bağlı böyük əməkdaşlıq planları mövcuddur”.

Qabil Hüseynlinin fikrincə, bu səbəbdən də bizim İngiltərə ilə iqtisadi əlaqələrimizin dərin kökləri var: “Bu əlaqələr tarixi baxımdan çox uzaqlara gedib çıxır. Bu gün ölkə arasında siyasi əlaqələr də sürətlə inkişaf edir. Azərbaycan və İngiltərə arasındakı iqtisadi və siyasi əməkdaşlığı təkcə regionda deyil, Avropada, eləcə də dünyada iqtisadi, siyasi münasibətlərin inkişafına bir töhfədir. Ona görə də britaniyalı nazir Bakıya konkret olaraq xanımların dövlət idarələrində qadınlarn hakimiyyət orqanlarında təmsil olunması ilə bağlı məsələləri müzakirə etmək üçün gəlsə də, bizdə bu məsələdə hər hansı bir ayrıseçkilik yoxdur”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda dövlət aparatının bütün qurumlarında qadınlar təmsil olunur: “Bundan sonra da təmsil olunacaqlar. Qanunvericilik məclisində deputatların təxminən 12 faizi qadınlardır, hətta parlamentin sədri də qadındır. İcra aparatı strukturlarında da xeyli qadın çalışır. Hazırda tələbələrimizin ali təhsil statistikasına, imtahanlarda uğur qazanmalarına baxsaq, görərik ki, tələbə qızlar tələbə oğlanlarla müqayisədə daha yüksək bilik nümayiş etdirirlər. Bu da onu göstərir ki, gələcəkdə Azərbaycanda müxtəlif sahələrdə - siyasətdə, iqtisadiyyatda, həyatımızın bütün sahələrində qadınlarımız daha geniş yer tutacaq və bizi beynəlxalq arenalarda uğurla təmsil etməyə çalışacaqlar”.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton Bakıya gəlir. Xanım Morton ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana bu postda səfər edən ilk britaniyalı nazirdir. Nazir özünün rəsmi tvitter səhifəsində yazıb ki, xarici işlər və inkişaf naziri olaraq, qadınların hüquqlarını inkişaf etdirmək, onların iş və siyasətdə daha çox imkanlara sahib olmaları və zorakılıqdan qorunmaları istiqamətində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə yaxından işləyəcək.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm