Bu, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsidir - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsidir - Deputat

“Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Rusiya sülhməramlılarının bəzi davranışlarını tənqid etdi. Söylədi ki, Fransadan gələn deputatların işğaldan azad olunan ərazilərimizə buraxılması qəbuledilməzdir. Azərbaycanın xəbəri olmadan, bizimlə razılaşdırılmadan belə bir addımın atılması düzgün deyil. Biz buna açıq şəkildə iradımızı bildiririk. Bu kontekstdə Ermənistanın xarici işlər nazirinin Xankəndiyə səfərinə də toxundu və bu məsələlərlə bağlı çox ciddi xəbərdarlıq etdi. “Artıq bilsinlər ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq və dəmir yumruq yerindədir”. Cənab Prezidentin bu fikirləri ilk növbədə Rusiya sülhməramlılarına ünvanlanmışdı”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə Prezident İlham Əliyev bu məsələləri qaldırıb: “Bütün bunlar çox ciddi məsələdir, Azərbaycanın suverenliyi ilə bağlıdır. Artıq nəticələr özünü göstərməkdədir. Məlum olur ki, Fransadan bu dəfə mətbuat nümayəndələri Ermənistana gəlirlər, orada akkreditasiya olurlar və Qarabağa gedirlər. Laçın dəhlizində onları Rusiya sülhməramlıları geri qaytarır. Söyləyirlər ki, siz Azərbaycan ərazisinə daxil olursunuz və bu ölkənin razılığı olmadan Qarabağa girişiniz reallaşa bilməz. Bu, çox müsbət nəticədir. Bu, Azərbaycan Prezidentinin qəti, prinsipial mövqeyinin Rusiya sülhməramlılarının davranışına təsirinin nəticəsidir”.

E.Nəsirov bildirib ki, Rusiya sülhməramlılarına rəhbərlik edən Rüstəm Muradov Ermənistan müdafiə nazirinə məktub yazıb və qeyd edib ki, yalnız Rusiya və Ermənistan vətəndaşlarının bu ərazilərə keçidi mümkündür: “Digər hallarda isə Azərbaycan tərəfinin razılığı olmalıdır. Burada prinsip etibarilə Rusiya vətəndaşlarının keçməsi məsələsi anlaşılandır. Çünki Azərbaycan da, Rusiya da MDB-nin üzv dövlətləridir. MDB ölkələrində də viza rejimi yoxdur. Ancaq Ermənistan vətəndaşlarının vizasız, Azərbaycan tərəfinin razılığı olmadan bizim ərazilərə daxil olması qəbuledilməzdir və çoxlu suallar doğurur. Düzdür, Ermənistan da MDB-nin üzvüdür, ancaq bu ölkə ilə münasibətlərimiz fərqlidir. Bu baxımdan burada xüsusi razılaşmaya ehtiyac var. MDB üzvü olduğu üçün Ermənistanın da Qarabağa icazəsiz, vizasız gəlməsi qəbuledilməzdir. Bu məsələ haqlı olaraq Azərbaycan ictimaiyyətini narahat edir və tam sona qədər də həllini tapmalıdır. Qarabağ ərazisinə daxil olan istənilən xarici vətəndaş yalnız Azərbaycanın razılığını almalıdır, biz razı olduqdan sonra onların o əraziyə daxil olması mümkündür. Qalan bütün addımlar qeyri-qanunidir və hüquqi məsuliyyət yaradır”.

Millət vəkilinin sözlərinə görə, bu kimi halların qeydə alınması, nəzarət edilməsi və aradan qaldırılmasında Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin üzərinə böyük məsuliyyət düşür: “Mərkəzin əsas funksiyalarından biri də məhz budur. Orada baş verə biləcək hadisələrə önləyici addımlar atmaq, nəticələri aradan qaldırmaq, bir daha belə halların baş verməsinə imkan verməməkdir. Bunlar bizim üçün önəmlidir və sərhəddin keçidi, Qarabağ ərazisinə gediş-gəliş məsələlərində də qanunun aliliyinin gözlənilməsi monitorinq mərkəzinin əsas hədəflərindən biri olmalıdır. Bu kimi hallar mərkəzin diqqətində olmalıdır. Bu istiqamətdə işlər artıq getməkdədir. Fransalı jurnalistlərin geri qaytarılması dediyimizi təsdiqləyir. Bu həm də Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsidir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm