Bu, ermənilərin təəssübkeşlərinə mesaj olmalıdır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu, ermənilərin təəssübkeşlərinə mesaj olmalıdır - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Armnews” telekanalına müsahibəsində bildirib ki, “İskəndər” əməliyyat-taktiki komplekslərindən yalnız müharibənin sonunda istifadə edilib. O, müharibənin əsas mərhələsində qisas qorxusundan “İskəndər”lərdən istifadə edilmədiyini, neft və qaz infrastrukturunun vurulmadığını və bundan təəssüfləndiyini etiraf edib.

Publika.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bunun Sarkisyanın ilk etirafı olmadığını, axırıncı da olmayacağını deyib.

İ.Vəlizadənin sözlərinə görə, Sarkisyan bundan əvvəl də Xocalı soyqırımının törədilməsi ilə bağlı etiraf edib: “O demişdi ki, Xocalı soyqırımında bilavasitə şəxsən onun, əlaltılarının və silahdaşlarının əli var. Etiraf etmişdi ki, azərbaycanlılar Xocalı soyqırımından əvvəl onların bu vasitələrə əl atmayacağını düşünürdülər, amma gördülər ki, onlar belə vasitələrə də əl ata bilirlər. Sarkisyanın bu açıqlaması indi də səsləndirilir və aktualdır. Çünki yenə də həmin məsələni etiraf edib. Bildirib ki, hətta bu cür vasitələrə əl atmağa hazırdır. Etiraf edir ki, o, Azərbaycanın mülki infrastruktur və yaşayış obyektlərini hədəf alıb. Hətta heyfslənir ki, neft-qaz kəmərlərini hədəf ala bilməyiblər”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev də hər zaman Sarkisyanın, Koçaryanın ordusu ilə, onların törəməsi ilə vuruşduğumuzu vurğulayıb: “Çünki indiki Ermənistan ordusu onların varisidir, onların kadrları orduya başçılıq edir. David Tonoyanı vaxtilə Sarkisyan özü hərbi rəhbərliyə gətirib. Baş qərargah rəisi də, digərləri də Sarkisyanın adamlarıdır. Ona görə də onun bu etirafı acı etirafdır. Bu, beynəlxalq ictimaiyyətə, eyni zamanda ermənilərin təəssübkeşlərinə mesaj olmalıdır. Biz vaxtilə deyirdik ki, bu insanların əli qana bulaşıb, heç nədən çəkinməyərək yenə də Azərbaycanın mülki əhalisini hədəfə alıblar, almaqda davam edirlər, heç vaxt öz məkrli planlarından əl çəkməyəcəklər, bizə deyirdilər ki, bu, propaqandadır, söz xatirinə deyilənlərdir. Amma artıq özləri etiraf edirlər ki, əslində ermənilərin siyasəti bu cürdür”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm