Deputat: "O, terrorçu kimi mühakimə edilsin"
Bizi izləyin

Nida Təhlil

Deputat: "O, terrorçu kimi mühakimə edilsin"

"Ermənistanın keçmiş prezidenti son açıqlamasında sözün əsl mənasında özünün terrorçu, vaxtilə rəhbərlik etdiyi dövlətin isə terrorçu dövlət olduğunu etiraf edib".

Bunu Publika.az-a açıqlamasında Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın son müsahibəsində səsləndirdiyi sərsəm fikirləri şərh edərkən millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, heç bir siyasətçi hələ indiyənədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha yaxşı və cəsarətli terrorçu ola bilməməkdə qınamayıb:

"Sarkisyan isə faktiki olaraq, Paşinyanı yaxşı terrorçu olmamaqda, əsgərlərin kütləvi toplanma ərazilərinə "İskəndər" raketi atmamaqda suçlayır. Bu azmış kimi Sarkisyan Azərbaycanın rellaşdırdığı beynəlxalq enerji layihələrini, qaz və neft boru kəmərlərini "İskəndər" raketləri ilə vurulmamasını qəbahət və suç hesab edir. Eyni zamanda Gəncədə bir mülki obyektin digər mülki hədəflə səhv salınmasını qeyri-dəqiqlik sayır".

Hikmət Babaoğlunun sözlərinə görə, Sarkisyanın çıxışı uzun illər Ermənistan adlandırılan dövlətin və onun rəhbərlərinin terrorçu düşüncə sahibləri olduğunu bütün dünyaya bir daha nümayiş etdirir:

"Elə bu gün də Ermənistanda revanş hissləri ilə yaşayanlar Sarkisyan-Köçəryan-Paşinyan terrorçuluğunun davamçılarıdır. Ona görə də qoy bütün dünya bir daha görsün ki , Azərbaycan uzun illərdir sadəcə işğalçı ölkə ilə deyil həm də dövlət adı altında beynəlxalq terror təşkilatı ilə necə mübarizə aparıb. Əslində isə işğalçılarla bərabər həm də beynəlxalq terrorizm mərkəzlərindən birini məhv edib. O mərkəz ki, daima beynəlxalq enerji layihələrini də terror hədəfi kimi görüb".

Deputat hesab edir ki, Sarkisyan öz açıqlamasında sadəcə fiziki terroru deyil, həm də siyasi terroru yaxşı bacardığını göstərir:

"Onun bu terroru isə daha çox öz xalqına yönəlmiş siyasi terordur. Erməni ictimai rəyini terrorizə edərək bildirib ki, guya ki, 2016-cı il aprel döyüşlərində Azərbaycan məğlub ediləcəyini başa düşərək atəşkəs haqqında qərar qəbul edib. Ancaq elə növbəti cümləsindəcə özünü təkzib edərək bildirir ki, o atəşkəs üçün Rusiyaya müraciət edib. Bax bu əsl siyasi terror nümunəsidir. Ona görə də Serj Sarkisyanın bu müsahibədə səsləndirdiyi fikirlər kifayətdir ki, o, terrorçu kimi mühakimə edilsin və dünyada antiterror koalisiyasından danışanlar ilk növbədə, Ermənistanın da adını terror təşkilatı kimi siyahıya daxil etsinlər".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm