Azərbaycan hökumətinin ixtiyarı var ki, bu məsələni beynəlxalq məhkəmədə qaldırsın - ALİM
Bizi izləyin

Nida Təhlil

Azərbaycan hökumətinin ixtiyarı var ki, bu məsələni beynəlxalq məhkəmədə qaldırsın - ALİM

“1918-ci ildən bəri ermənilər tarixi saxtalaşdırmağa başlayıblar. O dövrdə İrəvan ermənilərə güzəştə gedildi, elə həmin vaxtdan da yer adlarının, sonrakı proseslərdə isə abidələrin adlarının dəyişdirilməsinə başlandı. İrəvan şəhərində isə bu proses 1935-ci ildən sonra olub”.

Bu sözləri Publika.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

Tarixçi alim qeyd edib ki, Zəngəzurda da tarixi-mədəni abidələr ermənilər tərəfindən dağıdılıb və yer adlarını dəyişiblər: “Bununla bağlı tarixçi Nazim Mustafa sanballı tədqiqatlar aparıb. Adlara qarşı soyqırımı, erməni vandalizmi səpkisində çoxlu əsərlər yazılıb. Ermənilər istər 1918, 1921, 1929-cu illərdə Ermənistana güzəştə gedilən ərazilərdə, sonradan isə 1992-ci ildən 1994-cü ilin may ayının 12-ə qədər olan dövrdə işğal olunan ərazilərdə bütün tarixi, mədəni və dini abidələri məhv ediblər. Bu əməllər bilavasitə beynəlxalq sənədlərdə, BMT-nin, YUNESKO-nun qəbul etdiyi konvensiyalarda soyqırımı cinayəti hesab olunur. Ona görə də Azərbaycan hökumətinin ixtiyarı var ki, bu məsələni beynəlxalq məhkəmədə qaldırsın və Ermənistana cəza tətbiq olunsun”.

C.Bəhramovun sözlərinə görə, Ermənistan ərazisində 2000-ci illərin əvvəllərinə qədər 40 mindən çox toponim dəyişdirilib: “Bütün bunlar cinayətdir. Deyərdim ki, alman faşistləri nasizm, məhvetmə üsullarını ermənilərdən öyrəniblər. Qaregin Njde, Drastamat Kanayan və Andranik Ozanyanın Zəngəzur, Naxçıvan və İrəvan quberniyaları ərazisində törətdikləri cinayət üsulları ilə Xocalıda, Ağdabanda, Ballı Qayada, Qaradağlıda törədilən cinayətərin üsulu, tətbiqetmə forması etibarilə bir-birindən fərqlənmir. Yəni Xocalı soyqırımı da bilavasitə 1918-ci il soyqırımının davamıdır”.

Tarixçi alim deyib ki, ermənilər bu torpaqları ələ keçirəndən sonra, bu ərazilərin Azərbaycan xalqına məxsus olmaması faktını sübut etmək üçün belə çirkin əmələ əl atıblar: “Onlar uzun illərdir ki, tarixin saxtalaşdırılmasına çalışırlar. Bunun üçün hər vasitəyə əl atırlar. Toponimləri dəyişmək, abidələri məhv etmək, yeni xəritələr kəşf etmək bir məqsəd güdür - bu torpaqların Azərbaycan xalqına məxsus olmasını saxtalaşdırmaq. Hər iddiaya əl atırlar ki, guya ermənilər burada yerli əhalidir və çoxdan yaşayırlar. Bu, belə deyil, 1-2 nəfərlə, 3-4 ailə ilə ölçülmür. Onlar təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində yaşayırlar. Bu, o demək deyil ki, bu torpaqlar ermənilərə məxsusdur. Onun üçün də qeyri-adi, təəccübləndirici bir şey də yoxdur. Biz təbliğatımızı çox güclü qurmalıyıq. Qardaş Türkiyə təcrübəsindən istifadə etmək olar. Onlar televiziyalarında ölkə tarixi ilə bağlı uzun saatlı proqramlar, debatlar təşkil edirlər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm