İrəvan Bakının diktəsi ilə razılaşmağa başlayır - Babaoğlu
Bizi izləyin

Nida Təhlil

İrəvan Bakının diktəsi ilə razılaşmağa başlayır - Babaoğlu

"Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra kapitulyasiya aktına imza atmış Ermənistanda ilk dəfədir ki, rəsmi şəkildə kommunikasiyaların açılmasından danışırlar və bu, baş nazir tərəfindən dilə gətirilir. Şübhəsiz ki, bu, yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputatın sözlərinə görə, ancaq bu o demək deyil ki, Azərbaycan 30 il torpaqlarımızı işğal altında saxlamış, xalqımıza qarşı hərbi cinayətlər, soyqırımı törətmiş, tarixi, dini və mədəni abidələrimizi yerlə-yeksan etmiş bir ölkə ilə dərhal əməkdaşlığa başlayacaq:

"Üstəlik, hamımıza məlumdur ki, Ermənistanda hələ də revanşist qüvvələr, terrorçu birləşmələr var və onlar bizdən qisas almaq kimi faşist düşüncələrindən əl çəkməyiblər. Ancaq bununla belə, biz həm də başa düşürük ki, Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi regionla yeni qarşılıqlı faydalı əməkdaşlıqdan keçir.

Bunun üçün ən yaxşı başlanğıc üçtərəfli razılaşmada göstərildiyi kimi yol-nəqliyyat və enerji kommunikasiyalarının açılması ola bilər. Ermənistanın baş naziri Nikol Paşinyan da elə bu məsələlərin aktuallığına toxunaraq onun ermənilərin mənafeyi baxımından da aktual olduğunu dilə gətirib. Paşinyan mövzu ilə bağlı publik açıqlama vermək üçün əslində doğru zaman seçib. Çünki bu tipli açıqlamaları bir qədər əvvəl versəydi, erməni ictimai rəyi buna hazır olmayacaqdı və elə buna görə də real addımların atılması daha da çətinləşəcəkdi".

H.Babaoğlu qeyd edib ki, İrəvanda keçirilən 20 fevral mitinqlərindən sonra Paşinyan bir daha yəqin etdi ki, onun xeyli sayda tərəfdarları var və yeni reallığı Ermənistanda qəbul edənlərin sayı hər gün daha da artmaqdadır:

"Mitinq ərəfəsində keçirilən rəy sorğusunda Paşinyanın hakimiyyətdə qalmasını istəyənlərin təqribən 34 faizə çatması da onu belə açıq danışmağa cəsarətləndirən faktorlardan biri oldu. Mövcud reallığı ən yaxşı bilənlərdən biri də Ermənistanın müdafiə naziridir ki, o da Paşinyanın açıqlamalarına bənzər fikirlər söyləməklə əslində baş naziri dəstəkləmiş oldu. Və nəhayət, Ermənistan region dövlətlərinin hamısının əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirməklə ilk dəfədir ki, onların da mənafeyini qəbul etməyin zərurəti ilə bağlı reallığı etiraf etdi. Bütün bunlar isə regional sülh və əməkdaşlıq baxımından müsbət irəliləyişlərdir. Azərbaycanın da məqsədi regionda uzunmüddətli və davamlı sülhə nail olmaqdır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm