Prezidentin mətbuat konfransı dünya mediasında çox yüksək qiymətləndirilir - Məmmədov
Bizi izləyin

Nida Təhlil

Prezidentin mətbuat konfransı dünya mediasında çox yüksək qiymətləndirilir - Məmmədov

Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında çox sayda maraqlı məqamlara toxundu. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Qarabağdakı dağıntıların miqyasına diqqət çəkərək bildirdi ki, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi və bununla paralel olaraq bütün imkanlardan istifadə etməklə ziyanın qiymətləndirilməsi prosesi gedir. O cümlədən, beynəlxalq qurumlar vasitəsilə işğalçılara əsaslandırılmış iddialar təqdim etmək üçün dronlarla çəkilişlərin aparıldığını da vurğuladı.

Publika.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov buna münasibətdə bildirib ki, Qarabağdakı dağıntılarla bağlı faktlar aktlaşdırılır, sənədləşdirilir və bu yöndə Azərbaycan Ermənistanı məhkəməyə verərək təzminat istiqamətində işlər görüləcək:

“Ermənilər Qarabağ ərazisini bütünlükdə dağıdıb, yerlə yeksan ediblər. Onların vurduğu ziyanın miqyası həddindən artıq böyükdür, bütün əraziləri dağıdıblar. Azərbaycan da bu ərazilərin həm dronlar vasitəsilə, həm də fotoaparatla çəkilişini aparıb. Bunların hamısı sənədləşdirilir və məhkəməyə təqdim olunacaq.

Vacib məsələlərdən biri də ondan ibarətdir ki, beynəlxalq aləm bu məsələyə ciddi reaksiya verməlidir, Ermənistanın bu əməlləri qətiyyətlə pislənməlidir. Çünki biz görürük ki, oraya səfər edən səfirlər, diplomatik korpusun nümayəndələri, jurnalistlər şok içərisindədirlər. Onların hamısı ermənilərin törətdiyi vəhşiliyin miqyasından dəhşətə gəliblər ki, belə bir vəhşiliyi necə həyata keçirmək olar?!”

Deputatın sözlərinə görə, Azərbaycan bu vəhşiliyi dünya ictimaiyyətinə təqdim etmək istiqamətində işləri davam etdirir və gələcəkdə də davam etdirəcək: “Amma burada beynəlxalq qurumların üzərinə də böyük məsuliyyət düşür. Ermənistanın bu əməlləri qəti şəkildə pislənməlidir və onlar bu əməllərə görə mütləq cavab verməlidirlər. 44 günlük Vətən müharibəsi zamanı da Prezident İlham Əliyev xarici mətbuata onlarla müsahibə verdi. Dövlət başçısının bu mətbuat konfransı həmin müsahibələrinin davamı olaraq dünya mətbuatında çox yüksək qiymətləndirilir. Bu gün bir çox beynəlxalq mətbu orqanlar bu mətbuat konfransından yazırlar. Bu da erməni vəhşiliyinin nümayişi və yalanlarının ifşasına öz ciddi töhfəsini verəcək”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm