Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən və hər kəsin qazanacağı layihə
Bizi izləyin

Nida Təhlil

Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən və hər kəsin qazanacağı layihə

Prezident İlham Əliyev 10 noyabr bəyanatında “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” olaraq qeyd olunan və Naxçıvan dəhlizi dediyimiz dəhlizi Zəngəzur dəhlizi adlandırdı.

Bu, bir tərəfdən Zəngəzurun tarixi torpaqlarımız olduğunun mesajıdır, digər tərəfdən gələcək hədəflərimizi müəyyən edir.

Hələ 2019-cu ildə Türk Konseyinin Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev “Zəngəzur türk coğrafiyasının bölünməsinin əsas nöqtəsidir” deyə bəyan etmişdi. Bu, türk dünyasını Ermənistanın işğalçılıq siyasətinə qarşı birləşdirmək addımı idi. Həmin il “Qarabağ Azərbaycandır və Nida” bəyanatı, Qaregin Njde üzərindən edilən manevrlər və Türk Konseyindəki mesaj hesab etməyə imkan verirdi ki, 1920-ci ildə - Azərbaycanın qədim diyarı olan Zəngəzurun Ermənistana verilməsinin 100 illiyində ciddi dəyişikliklər ola bilər. Belə də oldu.

2020-ci ildə Azərbaycan 44 gün davam edən Vətən müharibəsi ilə işğal altındakı ərazilərini azad etdi, həm də Naxçıvanı Azərbaycana birləşdirilən dəhlizin inşası üzərində razılıq əldə olundu.

Azərbaycan lideri bunun Zəngəzur dəhlizi olduğunu elan etdi.

Bu dəhliz Vətən müharibəsində qazandığımız tarixi uğurlarımızdan biridir. Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin tarixi nailiyyət olduğunu vurğulayıb: “Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”.

Zəngəzur dəhlizinin siyasi-iqtisadi dividentləri kifayət qədər böyükdür:

1. Türk coğrafiyası bu dəhliz sayəsində birləşir, Azərbaycan liderinin 2019-cu ildə verdiyi mesaj da məhz bu idi;
2. Bu dəhliz sayəsində Azərbaycan və Türkiyə arasındakı məsafə 400 kilometrə qədər qısalır;
3. Dəhlizin istifadəyə verilməsi ilə bölgə ölkələri – Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan arasında iqtisadi əlaqələrdə maneə qalmayacaq;
4. Bu dəhliz sayəsində Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Mövcud nəqliyyat və enerji infrastrukturu bu imkanı daha da genişləndirir;

Bölgənin təhlükəsizliyinə, iqtisadi inkişafına və rifahına səbəb olacaq bu dəhlizin bölgədəki hər bir ölkəyə ayrı-ayrılıqda xeyri də göz qabağındadır. Lakin Ermənistan tərəfi dəhlizin icrasına əngəl törətmək istəyir. Hərçənd, bu dəhlizin inşaası ilə Ermənistan özü iqtisadi imkanklar əldə edə, Türkiyə ilə sərhədlərin açılması şansı yarana, beləliklə, həm blokadadan çıxa, həm də bölgənin normal ölkələrindən birinə çevrilə bilər.

Əks təqdirdə, bu, Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Prezident İlham Əliyev bildirib ki, Ermənistan buna nail ola bilməyəcək: “Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq”.

Ermənistanın seçimi sadədir: ya 10 noyabr bəyannaməsini yerinə yetirməklə, gələcəkdə dövlət kimi var olmalarını təmin edəcək, ya da Azərbaycan liderinin bəyan etdiyi kimi, 44 günlük müharibədə olduğu kimi, indi də buna məcbur edəcəyik. İkinci seçimin nəticələri Ermənistan üçün yaxşı olmaya bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm