ABŞ regionda Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

ABŞ regionda Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir - POLİTOLOQ

"ABŞ Prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubu göstərir ki, ABŞ regionda Azərbaycanın yaratmış olduğu yeni reallığı qəbul edir. Belə ki, ABŞ-da seçki prosesinin qızğın olduğu bir zaman çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam riayət edərək, beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünü bərpa etdi".

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, məktub göstərir ki, ABŞ bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı, eyni zamanda bu kursa sadiqdir: "Təhlükəsizliklə bağlı məsələlərdə hər iki dövlətin siyasətinin əsas konturları üst-üstə düşür. Belə ki, ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində ABŞ Administrasiyası bundan sonrakı zaman çərçivəsində də Azərbaycanla birgə çalışmaq niyyətindədir. Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini verən ölkədir. Belə ki, hərbçilərimiz NATO hərbçiləri ilə birlikdə Əfqanıstanda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər.

Eyni zamanda, nəzərə alsaq ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ firəvan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir, o zaman düşünürəm ki, post-müharibə dövründə Azərbaycanın qarşıya qoyduğu əsas məsələnin işğaldan azad olunmuş ərazilərin bərpasıdırsa, Ermənistanın minaların xəritəsini verməməsi fonunda da ABŞ bu təşviq prinsipinə sadiq qalaraq Ermənistana təzyiq etməlidir ki, xəritələri Azərbaycan tərəfinə versin. Bütövlükdə isə ABŞ-ın barışığı təşviq etməsi həm də 2020-ci il 10 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı barışıq və sülhün bərqərar olunması istiqamətində atılan addımlara sadiqliyinin göstəricisidir".

Ş.Həsənova qeyd edib ki, ABŞ Prezidenti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə edir: "Prezident İlham Əliyev hər zaman öz çıxışlarında bildirir ki, bu gün dünyada güc faktoru önəmlidir. Yəni hər kəs güclünün yanında olmaq, onu dəstəkləmək istəyir. ABŞ Administrasiyası da aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz-Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi ilə həyata keçirilmiş və ABŞ-ın da dəstəklədiyi “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu layihədə uduzan tərəf olmayacaq, hər kəs fayda əldə edəcək. Azərbaycanın bu cür konstruktiv mövqe nümayiş nümayiş etdirən ölkə olduğunu görən ABŞ kimi fövqəldövlət təbii ki, qurucu siyasətə sadiq dövlətlə əməkdaşlıqda maraqlıdır".

Politoloq vurğulayıb ki, hazırkı məsələ işğaldan azad olunmuş ərazilərin bərpasıdır və cənab Prezidentin də qeyd etdiyi kimi bərpa-quruculuq işlərində əsas işi Azərbaycan dövlətinin özü icra edəcək: "Eyni zamanda, xarici dövlətlərə, onların şirkətlərinin burada baş tuta biləcək layihələrə cəlb olunması məsələsinə Azərbaycan dövləti açıqdır. Xarici investorlar üçün xüsusi təşviq proqramları, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulan konsepsiyalar hazırlanır. Co Baydenin də iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu ifadə etməsi düşünürəm ki, ABŞ dövlətinin və şirkətlərinin bu məsələdən kənarda qalmamaq arzusundan xəbər verir. Belə ki, hələ yanvar ayında İqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşündə cənab səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını bildirmişdi. Nəzərə alsaq ki, ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlıq nkişaf edir o zaman ABŞ-ın bütün layihələrə cəlb olunması üçün fürsətlər və imkanları genişdir. ABŞ şirkətləri xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlıdırlar, elə bu baxımdan da onların töhfəsi müsbət olar. Azərbaycanla müxtəlif sahələri əhatə ədən əməkdaşlığın inkişaf etdirilməsi ABŞ-ın Cənubi-Qafqaz-Xəzər dənizi regionunda siyasi prioritetləri sırasına daxildir.

Nəticə etibarilə, Prezident Co Baydenin məktubu ABŞ-ın yeni Adminsitrasiyasnın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm