Paşinyan həmin bəndlərin icrasında maraqlıdır - RƏY
Bizi izləyin

Nida Təhlil

Paşinyan həmin bəndlərin icrasında maraqlıdır - RƏY

Ermənistanın baş naziri Nikol Paşinyan apreldə istefa verəcəyini açıqladı. O, bu addımı 20 iyuna təyin edilən növbədənkənar parlament seçkiləri üçün atdığını vurğuladı.

İş orasındadır ki, 10 noyabr üçtərəfli razılaşmasının bir sıra bəndləri gerçəkləşsə də, bəziləri hələ də yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, avqusta qədər Qarabağdakı Ermənistan ordusunun tamamilə çıxarılması və sair…

Əgər Koçaryan-Sarkisyan bloku, qısası, revanşistlər Paşinyanı “taxtından” salsalar, razılaşmanın bəndləri yerinə yetiriləcəkmi? Ümumiyyətlə, parlament seçkilərində hazırkı baş nazirin şansı nə qədərdir?

Millət vəkili Elman Nəsirov Publika.az-a açıqlamasında söyləyib ki, Ermənistanda siyasi gərginlik qorunub saxlanmaqdadır. Onun fikrincə, İrəvanda hər an siyasi partlayışın baş verməsi mümkündür:

“Amma hadisələrin təhlili və analizi göstərir ki, getdikcə hazırkı baş nazir Nikol Paşinyanın mövqeləri möhkəmlənməkdədir. Artıq Ermənistan parlamentinin önündə çadırlar quran Ermənistan parlamentinin nümayəndələri həmin “palatka”ları sökməyə başlayıblar. Gün kimi aydındır ki, bundan sonra müxalifətin Paşinyana bu yolla təzyiqi nəticə verməyəcək. Artıq Ermənistanın baş naziri daha inamlıdır. İyunun 20-nə növbədənkənar parlament seçkiləri təyin edib. Müxalifət istəsə də, istəməsə də bu reallıqla barışmaq məcburiyyətində qalıb. Eyni zamanda, müxalifət dəfələrlə qeyd etmişdi ki, növbədənkənar seçkilərə getməyəcəklər. Bunun səbəbi də bəllidir, çünki hər iki qütb mitinq keçirdi və bəlli oldu ki, Paşinyanın elektoratı müxalifətin siyasi dayaqlarından daha çox, daha güclüdür. 18 siyasi partiya koalisiya yaratsa belə, onun başında “Qarabağ klanı” dayanır. Eyni zamanda, bu qurumun başında Ermənistanın keçmiş prezidentləri - Serj Sarkisyan və Robert Koçaryan durur. Onlar da “Qarabağ klanı”nın rəhbərləridir”.

Deputatın sözlərinə görə, onlar əslində Ermənistanı hazırkı fəlakətli vəziyyətə gətirib çıxarıblar: “44 günlük Vətən müharibəsində Ermənistanın birabırçı məğlubiyyətinin kökündə dayanan fundamental səbəblərdən biri də məhz onların 20 illik siyasətlərinin nəticəsidir. Onlar Ermənistanı fəlakət həddinə gətirib çıxarıblar. Bu gün Ermənistanda haqqında bəhs etdiyimiz bu reallıq mövcuddur. Nikol Paşinyan 20 iyun parlament seçkilərinin nəticələrindən irəli gələrək aprel ayında baş nazir vəzifəsindən istefa verəcək. Ancaq bu, Nikol Paşinyanın öz vəzifəsindən uzaqlaşması anlamında deyil. O, baş nazir vəzifəsini icra edən şəxs statusunda öz səlahiyyətlərini icra edəcək”.

Elman Nəsirov bildirib ki, Paşinyan öz vəzifəsini kiməsə təhvil vermir: “Yenə də vəzifəsinin başında özü dayanır. Sadəcə olaraq, həmin vəzifəni icra edən şəxs statusunda olacaq. İstisna deyil ki, 20 iyunda Paşinyanın “Mənim addımım” partiyası qalib gəlsin. Hazırda Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus 20 minlik tör-töküntü qruplaşma hələ də qalmaqdadır. Ən son yayılan məlumatalara görə, həmin 20 minlik silahlı birləşmələrin Qarabağdan çıxarılmasına başlanılıb. Hətta onun konkret çərçivələri də bəllidir. Avqust ayına qədər həmin silahlı birləşmələrin Qarabağı tam tərk edəcəyi ilə bağlı məlumatlar da yayılmaqdadır. Şübhəsiz ki, bu, 10 noyabr razılaşmasının məntiqindən irəli gələn məsələdir. Həmin razılaşmanın bəndlər üzrə icrası ilə bağlı Nikol Paşinyanın tutduğu mövqe bəllidir”.

Deputat deyib ki, N.Paşinyan həmin bəndlərin icrasında maraqlıdır:

“Çünki həmin bəndlərin icrası nəticə etibarı ilə Ermənistanı düşdüyü blokada vəziyyətindən çıxarır. Nəqliyyat və kommunikasiyaların bərpasını təmin edir. Bu da Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdan çıxmasında çox vacib bir amildir. Yəni proseslər hazırda bu istiqamətdə getməkdədir. Hesab edirəm ki, Ermənistanda Sarkisyan-Koçaryan blokunun, eləcə də “Qarabağ klanı”nın revanş götürmək istəyi getdikcə daha çox fiaskoya uğramaqdadır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm