Prezidentin bu duruşu Almaniyanı niyə narahat edir? - Millət vəkili nüansları açıqladı
Bizi izləyin

Nida Təhlil

Prezidentin bu duruşu Almaniyanı niyə narahat edir? - Millət vəkili nüansları açıqladı

Azərbaycanın Qarabağ uğrunda apardığı müharibədə qələbə çalması çox dövlət tərəfindən qəbul edilmədi. Çünki 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında o boyda ərazini azad etmək çoxlarına inandırıcı gəlmir. Almaniya da bunlardan biridir.

Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, Almaniyanın anti-Azərbaycan siyasətinin pərdəarxasında Fransanın təsirini görmək mümkündür: “Çünki Fransa hər zaman Prezidenti Emmanuel Makron başda olmaqla, Azərbaycanın əleyhinə fəaliyyət göstərib. Müharibə dövründə də, ondan əvvəl də, ondan sonra da bu fəaliyyət aparılıb. Ümumiyyətlə, Azərbaycana qarşı ikili standartlar Avropa tərəfindən olub. Buna görə də qələbəmizi hələ də həzm edə bilmirlər. Digər tərəfdən, ermənilər dünyaya kifayət qədər səpələnib və lobbilərinin Azərbaycanın əleyhinə əməlləri mövcuddur. Bütün bunlara rəğmən, Azərbaycan haqq yolundadır, öz torpaqlarını azad edib. Xarici İşlər Nazirliyimiz bu və bu kimi hadisələrə adekvat cavab verməlidir”.

V.Əhmədov məsələnin ciddi olduğunu dilə gətirib: “Elə dövlətlər var ki, onillərlə müharibə aparır, amma torpaqlarına ağalıq edə bilmir. Amma Azərbaycan öz torpaqlarını azad etdi. Dünyada elə ekspertlər var ki, Azərbaycanın bu qələbəsinə hələ də təəccüblə baxırlar və mümkünlüyünü anlamağa çalışırlar.

Prezident İlham Əliyevin çıxışları, heç bir dövlət qarşısında əyilməməsi, öz siyasi iradəsini ortaya qoyması bəzi siyasi liderlərin xoşuna gəlmir. Onlar istəyir ki, Azərbaycan əllərinin altında olsun. Lakin ölkəmiz müstəqildir və dövlət başçısı da müstəqil siyasət aparır. Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bütün intriqalar öz həllini tapacaq”.

Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda nizam dəyişib: “Artıq Türkiyə bölgədə əsas oyunçulardan birinə çevrilib. Azərbaycan Türkiyə ilə birlikdə hərəkət edir. Ola bilsin ki, müəyyən müddət ziddiyyətli proseslər getsin, amma gələcəkdə bütün daşlar öz yerinə oturacaq və hamı başa düşəcək ki, Azərbaycan haqlıdır. Azərbaycan kiminsə ərazisini işğal etməyib. Öz ərazilərini işğaldan azad edib. Çoxları fikirləşir ki, Azərbaycan kiçik ölkədir. Amma düşünmürlər ki, indiki Azərbaycan 90-cı illərdəki ölkə deyil”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm