Türk Şurası aparıcı oyunçulardan birinə çevrilib - Fikrət Sadıqov
Bizi izləyin

Nida Təhlil

Türk Şurası aparıcı oyunçulardan birinə çevrilib - Fikrət Sadıqov

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası son zamanlar böyük təşkilata çevrilməklə yanaşı, həm də beynəlxalq münasibətlər sistemində aparıcı oyunçulardan birinə çevrilib”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, xüsusilə Azərbaycanın bu təşkilatda oynadığı rol kifayət qədər yüksəkdir və çoxşaxəlidir:

“Bu şura çərçivəsində Azərbaycan bir sıra mühüm və aktual həm ölkəmizin, həm də Türk Şurasının maraqlarına cavab verən məsələləri qaldırıb. Bu, vaxtilə pandemiya ilə bağlı idi. Müharibə vaxtı baş verən hadisələrlə bağlı məsələlər də burada qaldırılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının son iclasında da dövlət başçısı çox mühüm məsələlər haqqında danışdı. Bir sıra məsələləri xüsusi ilə qabartdı”.

Politoloqun sözlərinə görə, bu həm Zəngəzur dəhlizi, həm də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır: “Ölkə başçısı bu görüşdə müharibədən sonra yaranan bir sıra məqamlara toxundu. Hal-hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası böyük bir təşkilat kimi türk dünyasında öz sözünü deyir. Azərbaycanın mövqeyini dəstəkləyir. Ölkəmizin maraqlarına uyğun addımlar atır. Müxtəlif qətnamələr qəbul edir. Onu da qeyd edim ki, Azərbaycan bu təşkilatın nüfuzunu qaldıran bir dövlətdir. Çünki bir sıra aktual, problemli məsələlərin qaldırılması Azərbaycana məxsusdur”.

Fikrət Sadıqov bildirib ki, Azərbaycanın dövlət başçısı bu şura çərçivəsində türkdilli dövlətlərin maraqlarına cavab verən məsələləri qaldırır:

“Bir sıra dövlətlərin Ermənistan və Azərbaycan arasındakı münasibətlərə biganəliyi onu göstərir ki, Türk Şurası indi böyük beynəlxalq təşkilata çevrilərək bir sıra mühüm məqamlarla bağlı öz sözünü deyəcək. Lazımı qətnamələr qəbul edəcək. Nüfuzlu təşkilata çevrilməklə bütün dövlətlərin maraqlarına cavab verən qətnamələr də qəbul edəcək. Təbii ki, dünya bununla hesablaşmalıdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm