Sosial şəbəkələrdəki bu informasiyalara inanmayın! – DEPUTATDAN ÇAĞIRIŞ
Bizi izləyin

Nida Təhlil

Sosial şəbəkələrdəki bu informasiyalara inanmayın! – DEPUTATDAN ÇAĞIRIŞ

“Dünyanı bürüyən pandemiya bəlası başlayandan bu günə qədər Azərbaycan dövləti ona qarşı mübarizədə nümunəvi ölkə kimi özünü təqdim etdi. Virus özünün ilkin əlamətlərini göstərdiyi zaman kəsiyində Azərbaycan dövləti, xüsusi olaraq ölkə Prezidenti bu bəlaya çox məsuliyyətli yanaşmanı ortaya qoydu. Operativ Qərargah yaradıldı. Ölkənin müvafiq strukturları orada cəmləşdirildi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Millət vəkili bildirib ki, eyni zamanda, məhdudlaşdırıcı tədbirlər həyata keçirildi:

“Azərbaycan həm də 30-dan yuxarı imkansız ölkəyə yardımlar göstərdi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində ianə verdi. Sonrakı mərhələlərdə də pandemiyanı məhdudlaşdırmaq və onun daha ciddi fəsadlar verməsinin qarşısını almaq üçün önləyici və zəruri tədbirlər həyata keçirildi. Təbii ki, maarifləndirmə işləri aparıldı, xüsusən bu istiqamətdə fədakarlıq göstərən Daxili İşlər Nazirliyinin əməkdaşları, xəstəxanalarda, klinikalarda ölümlə üz-üzə dayanan fədakar həkimlərimiz böyük nümunə göstərdilər. Əsl vətəndaş mövqeyini ortaya qoydular”.

AVP sədrinin fikrincə, buna görə də Azərbaycanda pandemiya daha geniş vüsət ala bilmədi:

“Təbii ki, pandemiyanın qarşısının alınmasında mühüm elementlərdən biri də vaksinasiyanın həyata keçirilməsidir. Azərbaycan MDB məkanında, hətta mən deyərdim ki, bəlkə də dünyanın aparıcı dövlətləri içərisində vaksini alan və onu tətbiq edən ilk ölkələrdən biridir. Prezidentimiz uzaqgörən və ehtiyat tədbirləri görərək Çindən vaxtında ölkəmizə vaksin gətirdə bildi. Baxmayaraq ki, dünya miqyasında vaksini bərabər bölmək, onu ədalətli şəkildə ölkələr arasında paylamaq kimi bir missiyanı öz üzərinə götürən beynəlxalq təşkilat yenə də ikili standartlara sədaqət nümayiş etdirdi. Onun yaranmasının təşəbbüskarlarından və təşkilatçılarından biri olan Azərbaycan onun xətti ilə vaksin almaq üçün ilk olaraq maliyyə vəsaiti göndərsə də, bu günə qədər həmin vaksin ölkəmizə gətirilməyib.

Bu ədalətsizliyə haqq qazandırılması heç cür mümkün deyil. Buna baxmayaraq, cənab Prezidentin uzaqgörən siyasəti bizi onların ikiüzlü mövqeyindən sığortalaya bildi. Azərbaycanda vaksinləşmə prosesi uğurla gedir. Mən tamamilə əminəm ki, bu proses uğurla başa çatacaq. Dövlətin apardığı bütün tədbirləri vətəndaşlar da görür. Gərək vətəndaşlarımız da özlərini, yaxınlarını, ailə üzvlərini bu bəladan qorumaq üçün vaksinasiyadan keçsinlər. Hökmən deyilənlərə əməl etməlidirlər. Tibbi maska, sosial məsafə və gigiyena qaydalarına əməl etməlidirlər”.

Deputat vurğulayıb ki, sosial şəbəkələrdə ən iyrənc məqsədlərə xidmət edən informasiyalara inanmaq lazım deyil:

“Şəxsən mən hər iki vaksini qəbul etdim. Nə birinci, nə də ikinci halda səhhətimdə hər hansı problem əmələ gəldi. Buna baxmayaraq, mən yenə də tibbi maskadan istifadə edirəm. Sosial məsafəni gözləyirəm. Gigiyenik qaydaların da tələblərini yerinə yetirirəm. Bu üç qaydaya hökmən əməl etmək lazımdır. Biz bu halda özümüzü, ailəmizi, yaxınlarımızı da qorumuş oluruq. Kim buna əməl etmirsə, ən əzizini, yaxınını itirəndən sonra dərin peşmanlıq hissi keçirir. Lakin bunun heç bir faydası olmur. Ona görə də bütün soydaşlarımıza, Azərbaycan xalqına müraciət edərək vaksinasiya prosesində fəal iştirak etməyi tövsiyə edirəm”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm