Şuşaya atılan “İsgəndər – M”: Azərbaycana qarşı hərbi cinayət...
Bizi izləyin

Nida Təhlil

Şuşaya atılan “İsgəndər – M”: Azərbaycana qarşı hərbi cinayət...

Şuşada qalıqları tapılan “İsgəndər – M” raketi iki məqamı gündəmə gətirdi: Rusiya Ermənistana verdiyi “İsgəndər”lər haqda doğru məlumat vermir; Ermənistan döyüşlərdə müharibə cinayətləri törədib;

ANAMA işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı “İsgəndər – M” raketinin qalıqlarını tapıb. Raketin üzərindəki 9M723 kodu raketin “İsgəndər –M” olduğunu təsdiqləyir. Raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər.

Rusiyanın Ermənistana “İsgəndər –E” raketləri verdiyi açıq mənbələrdə əksini tapır. Bu raketlər ilk dəfə 2016-cı ilin sentyabrında – “aprel müharibəsi”ndən sonraq İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilmişdi. “İsgəndər – E” raketi 250 kilometr məsafədə uçur, “İsgəndər – M” raketi ilə müqayisədə daha zəifdir. Lakin Şuşada “İsgəndər – M” raketlərinin qalqlarının tapılması, Ermənistanın hərbi və siyasi rəhbərliyinin 44 günlük müharibədə “İsgəndər” raketindən istifadə etdiklərinə dair etirafları Rusiyanın Ermənistana “İsgəndər – E” yox, daha dağıdıcı qüvvəyə malik olan “İsgəndər –M” raketləri verdiyini deməyə əsas verir.

Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda bildirilib ki, Qarabağda münaqişə zamanı “İskəndər” raketlərindən istifadə olunmayıb. Lakin qalıqların tapılması bu açıqlamanı şübhə altına qoyur.

“İsgəndər – M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən sayılır. 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

Ermənistanın müharibədə nüvə başlığı daşıya bilən “İsgndər – M” raketindən istifadə etməsi bu ölkənin müharibə cinayətlərinin daha bir sübutudur.

44 günlük müharibə dövründə cəbhədə məğlub olan Ermənistan mülki əhalini hədəfə almağa başladı. Bu, nasistlərin II Dünya müharibəsində istifadə etdiyi metodun eynisi idi.

1944-cü ildə Hitler anladı ki, artıq yolun sonuna çatıb, məğlubiyyət qaçılmazdır və mahiyyətinə uyğun olaraq, mülki əhaliyə hücum etməyə başladı. Və həmin ilin 8 sentyabr tarixində Londona FAU-2 raketləri atmaq barədə əmr verdi, nəticədə 3 nəfər dinc sakin həlak oldu, 22 nəfər yaralandı. Ardınca Londona 1300 FAU-2 raket zərbəsi endirildi.

Hitler Almaniyasının Böyük Britaniyaya endirdiyi FAU-2 zərbələri nəticəsində 2724 britaniyalı həlak olub. Ümumilikdə isə FAU-2 zərbələri 20 min insanın ölümü il nəticələndi. Ermənistan müharibədə məhz Hitlerin metodlarından istifadə edirdi.

İstifadə edilən raket tipi də eyni idi.

FAU-2: məğlub olan nasistlər bu raketi hücum edən sovet qoşunlarına qarşı yox, Londona və əhalinin sıx yaşadığı digər böyük şəhərlərə atırdı. Çünki raketin dəqiqliyi çox aşağı idi və hərbi hədəfləri vurmaq üçün yararsız hesab olunurdu. Buna görə də həmin raketlərdən mülki əhalini vurur, bununla həm qisas alır, həm də insanlarda vahimə yaradırdı.

SKAD: Ermənistan Gəncəyə, Bərdəyə və mülki azərbaycanlıların yaşadığı digər şəhərlərə hücumda bu raketdən istifadə edirdi. Sovet dövrünün istehsalı olan SKAD ballistik raketdir. İlk versiyası R-11, modernləşdirilmiş versiyası isə R-17 “Elbrus” olan bu raket NATO-da SKAD kod adı ilə qəbul olunur. Raketin maksimum sürəti saniyyədə 1,7 kilometrdir. Ortamənzillidir və nüvə başlığı daşıya bilir. Lakin SKAD-dan hərbi hədəflərin vurulması üçün istifadəsi sərfəli deyil. Hədəfdən yayınma dairəsi 450 metr olduğu üçün dəqiqliyi çox aşağıdır. Misal üçün, raket hər hansı bir hədəfə atılanda hədəfdən ən azı 450 metr raduisdan kənara düşəcək. Hərbi hədəflərin vurulmasında yararsız olan bu raketdən əsasən mülki əhaliyə qarşı istifadə olunur. SKAD ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunub, nəticədə 7 nəfər İsrail hərbçisi həlak olub. Sonuncu dəfə isə 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılıb. Ballistik raketlər diktator Səddam Hüseynin də dinc əhaliyə qarşı istifadə etdiyi əsas silahlarından idi.

Müharibədə “İsgəndər – M” raketindən istifadə edilməsi və bu raketin məhz Qafqazın mədəniyyət incisi olan Şuşaya atılması müharibə cinayətidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm