Putin-Paşinyan görüşü: erməni qoşunlar Qarabağdan çıxarılır?
Bizi izləyin

Nida Təhlil

Putin-Paşinyan görüşü: erməni qoşunlar Qarabağdan çıxarılır?

Paşinyan Moskvadadır, Putindən hakimiyyətinə zəmanət istəyəcəyi, qarşı tərəfin şərtlərinin olduğu və görüşün nəticələrinin Ermənistanın daxili siyasətinə təsirləri məlumdur.

Bizim üçün ən mühüm məqam görüşdə “10 noyabr razılaşmasının müddəalarının həyata keçirilməsi” məsələsinin də müzakirə ediləcəyidir.

Üçtərəfli razılaşmanın əksər müddəaları yerinə yetirilib, yaxud yetirilməkdədir, birindən savayı: 4-cü maddə - sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Bu müddəanın yerinə yetirilib-yetirilməməsi bölgədəki proseslərin inkişafını müəyyən edəcək faktordur.

Razılaşmada hər üç tərəfin cari prioritetləri var:

İrəvan üçün “hərbi əsir” adlandırdığı terrorçuların qaytarılması;

Moskva üçün kommunikasiyanın açılması - Ermənistana çıxdığı Gürcüstan marşrutuna alternativ yol;

Bakı üçün erməni qoşunların Qarabağdan çıxarılması;

İrəvan və Moskvanın istəkləri Bakının istəyinin yerinə yetiriləcəyi təqdirdə reallaşa bilər. İstisna deyil ki, Putin-Paşinyan görüşündə 10 noyabr razılaşmasının 4-cü maddəsinin icrası müzakirə ediləcək.

Rusiya kommunikasiyanın açılmasına tələsir, Bayden Amerikası ilə qarşıdurmanın qızışması onsuz da riskli olan Gürcüstan yolunun etibarlılığını təhlükə altına qoyur. Ruslara Ermənistana qoşunları dislokasiya edə biləcəyi marşrut lazımdır. Bu baxımdan Bakının prioriteti aktualdır.

Paşinyanın Moskva səfərindən saatlar öncə - bu gün Rusiya Müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Vaqarşak Arutyunyanla “Qarabağdakı vəziyyəti” müzakirə etməsi bu kontekstdə diqqət çəkir. Mümkündür ki, Şoyqu və Arutyunyan Putin-Paşinyan görüşündə müzakirə ediləcək erməni qoşunlarının çıxarılması məsələsinin detallarını razılaşdırıblar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm