Bayden 24 apreldə nə deyəcək? – Vaşinqton təkcə Ankaranı yox, Bakını də itirə bilər
Bizi izləyin

Nida Təhlil

Bayden 24 apreldə nə deyəcək? – Vaşinqton təkcə Ankaranı yox, Bakını də itirə bilər

Co Bayden qondarma “erməni soyqırımı” ilə bağlı nə deyəcək?

Aprelin 24-ü yaxınlaşdıqca bu sual aktuallaşır. Ermənistan və ABŞ-dakı erməni lobbisi son bir ayda “soyqırımı” məsələsini daha aktiv gündəmdə saxlamağa çalışırlar və onların əsas tezisi belədir ki, Bayden seçki öncəsi vəd veribsə, bu vədini yerinə yetirməli, “soyqırımı” ifadəsini işlətməlidir.

İndiyə qədər ABŞ-da prezidentliyə namizədlər erməni seçicilərin səsini qazanmaq üçün belə vədlər veriblər, lakin sonradan 1915-ci il hadisələrini “faciə” adlandırmaqdan irəli getməyiblər. Baydenin sərgilədiyi mövqe və geosiyasi proseslərin inkişafı bu dəfə ABŞ Administrasiyasının erməniləri sevindirə biləcəyi ehtimallarını yaradır.

2019-cu ilin oktyabrında ABŞ Nümayəndələr Palatasının, dekabrında isə Senat qondarma “soyqrımın” tanınması haqda qətnamə qəbul etməsindən sonra daha da ümidlənən Ermənistan və erməni lobbisi Baydenin qondarma “soyqırımı” tanıması üçün bütün imkanlarını səfərbər edib.

Bu il martın 3-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı ermənipərəst senator Robert Menendes ABŞ prezidentini qondarma “erməni soyqırımı” tanımağa çağırıb.

Martın 19-da isə R.Menendesin təşəbbüsü ilə Senatın 38 üzvü eyni çağırışla Prezident Baydenə məktub ünvanlayıb. Məktubda 1915-1923-cü illərdə guya Osmanlı imperiyasında 1,5 milyon erməninin öldürüldüyü, yüz minlərlə insanın torpaqlarından qovulduğu haqda saxta məlumatlar yer alır.

Ermənistanın, ABŞ-dakı erməni diasporunun və lobbisinin hədəfi aprelin 24-də Baydenin “soyqırımı” ifadəsini işlətməsi və qondarma erməni məsələsini tanımasıdır. Əvvəlki prezidentlərin seçki öncəsi vədləri və seçki sonrası tutduqları mövqe Baydenin də eyni gedişi edəcəyini deməyə əsas verir, lakin bunun əksinin olacağı ehtimalını gücləndirən amillər də var.

Birincisi: Bayden də sələfləri kimi seçki öncəsi vəd verib, lakin o qeyd edib ki, ABŞ Konqresinin “erməni soyqırımını” tanıyan qətnamələrini dəstəkləyəcək. Konqresin qəbul etdiyi qətnamələr Bayden üçün presedent rolunu oynaya bilər.

İkincisi: Baydenin siyasi fəaliyyət keçmişi, erməni diasporu/lobbisi ilə isti münasibətləri onun qondarma “erməni soyqırımı”nı tanıya biləcəyi ehtimalını artırır. Misal üçün, 2019-cu ildə Bayden keçmiş vitse-prezident statusunda ABŞ-da erməni təşkilatı ANCA-ya yazdığı məktubda qeyd edirdi: “Birləşmiş Ştatlar bir daha erməni soyqırımı ilə bağlı mövqeyini bildirməlidir. 1.5 milyon erməni kişisinin, qadınının və uşağının ölümünə, 2 milyon erməninin kütləvi şəkildə evlərindən didərgin düşməsinə səbəb olan dəhşətli həqiqəti heç vaxt unutmamalı və susmamalıyıq. Soyqırım faktını xatırlamamaq və tanımamaq gələcəkdə kütləvi vəhşiliklər üçün yeni yollar açır”.

Saxta iddialara əsaslanan bu məktub Baydenin “erməni soyqırımı”na münasibətinin faktıdır. Doğrudur, Bayden bu məktubu keçmiş vitse-prezident statusunda yazmışdı və hesab etmək olar ki, Co prezident kimi ABŞ-ın milli maraqlarını əsas tutacaq. Hərçənd, geosiyasi proseslərin inkişafı Bayden Administrasiyasının qondarma “soyqırımı” məsələsindən Türkiyəyə qarşı təzyiq kimi istifadəni gücləndirə biləcəyini istisna etmir.

Üçüncüsü: Dəyişən geosiyasi proseslər bu ehtimalı gücləndirir. Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-Rusiya mübarizəsi açıq müstəviyə keçdi və bu qarşıdurmada Türkiyə açar ölkədir. Hər iki cəbhə Ankaranı öz sırasında görmək istəyir, lakin Türkiyə daim öz milli maraqlarına əsaslanan müstəqil siyasət xətti yürüdür. Vaşinqtonda isə hesab edirlər ki, Türkiyə NATO üzvüdürsə, Rusiyaya qarşı, ümumilikdə ABŞ-ın rəhbərlik etdiyi cəbhədə yer almalıdır, hərçənd, tarixi təcrübə də bunun Türkiyənin milli maraqlarına uyğun olmadığını sübut edib. Bayden Ankaranın müstəqil siyasət xəttini qırmaq məqsədilə qondarma “erməni soyqırımı”nı alət olaraq istifadə edə bilər.

Dördüncüsü: Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra yaranmış vəziyyətdir. Azərbaycan 44 günlük müharibə ilə 30 ilə yaxındır icra edilməyən BMT qətnamələrini yerinə yetirdi və Türkiyə-Rusiya ikilisi problemin həllində de-fakto iştirak etdilər. 30 ildir fəaliyyətsizliyi ilə yadda qalan Minsk qrupunun digər həmsədr ölkələri – ABŞ və Fransa prosesdən kənarda qalmağı həzm edə bilmir. Mümkündür ki, ABŞ Türkiyənin müharibədə Azərbaycanın yanında olmaqla, məsələnin həllinə verdiyi siyasi dəstəyə qarşı “erməni kartı”nı dövriyyəyə buraxsın.

Və nəhayət, beşincisi: Ermənistan və erməni lobbisi Bayden Administrasiyasının Vətən müharibəsində Azərbaycana diplomatik və siyasi dəstək verən Türkiyəyə qarşı yönləndirməyə çalışır. 44 günlük müharibədə Türkiyənin Azərbaycanın yanında olmasını və qazandığımız qələbəni həzm edə bilməyənlərin olduğu məlumdur. Bu qüvvələrin Türkiyəyə qarşı mövqelərini sərtləşdirdiyi və erməni diasporu/lobbisi yaranmış vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışdığı müşahidə olunur.

Proseslərin inkişafı, erməni diasporu\lobbisinin ABŞ-ın milli maraqlarına zidd fəaliyyəti, yaranmış yeni reallıqda toqquşan maraqları və Baydenin sərgilədiyi mövqe 24 apreldə ABŞ prezidentinin qondarma “soyqırımı” məsələsi ilə bağlı tarixi səhvə yol verə biləcəyi gözləntisini artırır.

Bu baş verərsə, Bayden erməniləri sevindirərsə, nələr ola bilər? Cavab bəllidir.

1. ABŞ Türkiyəni itirə bilər və bu, Vaşinqton-Moskva toqquşmasında ikincinin xeyrinə görünür;
2. ABŞ-Azərbaycan münasibətləri çətin vəziyyətə düşə bilər, çünki Azərbaycan dövləti və xalqı bu məsələdə birmənalı olaraq qardaş Türkiyənin yanındadır, sona qədər də yanında olacaq;


Rəsmi Bakı bunu dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. 2014-cü ildə Praqada baş verənlər Azərbaycanın mövqeyini daha yaxşı anlamağa imkan verir.

2014-cü il, aprel ayı, Praqa: dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit keçirilirdi. Sammitdə iştirak edən Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” ilə bağlı ittihamlar irəli sürürdü.

Prezident İlham Əliyevin Sarkisyanın ittihamlarına belə cavab verdi: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam!”.

Bu, “mən Türkiyənin yanındayam”, “Azərbaycan Türkiyənin yanındadır” deməkdir.

Azərbaycan o zaman da Türkiyənin yanında idi, həmişə yanında olub, bundan sonra da olacaq.

Və Baydenin qondarma “erməni soyqırımı” məsələsində sərgiləyəcəyi mövqe Vaşinqton-Bakı münasibətləri üçün də həlledici nöqtədir. Bir tərəfdə ABŞ-ın milli maraqları, bu maraqlara uyğun olan ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətləri, Bakı və Ankaranın region və Qərb dünyası üçün əhəmiyyəti, digər tərəfdə saxta, heç bir əsası olmayan qondarma “erməni soyqırımı” məsələsi. Seçim Baydenindir və ən azı iki dəfə düşünməlidir. Çünki atacağı yalnış addım hər şeydən öncə ABŞ maraqlarına zərbə vura bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm