Minalanmış ərazilərin xəritələri əlimizdə olarsa... - RƏY
Bizi izləyin

Nida Təhlil

Minalanmış ərazilərin xəritələri əlimizdə olarsa... - RƏY

"İşğaldan azad olunmuş ərazilərin minalanması insan həyatı üçün böyük təhlükə mənbəyidir. Hərbçilərimiz və ya bölgəyə səfər etmiş mülki şəxslərimiz mütəmadi olaraq minaya düşərək dünyasını dəyişir və ya sağlamlıqlarını itirirlər. İki gün əvvəl itkin düşmüş əsgərlərimizin axtarışını həyata keçirən iki əsgərimiz minaya düşərək xəsarət alıb. Belə halların baş verməsi Azərbaycan ictimaiyyətini kədərləndirir və hiddətləndirir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmə işləri sürətlə aparılır. Bu işin görülməsinə mütəxəssislərdən ibarət müvafiq qurumların şəxsi heyətləri də cəlb olunub: "Ancaq konkret şəkildə hansı bölgənin və hansı formada minalandığı haqqında məlumat olmaması, sxemlərin yoxluğu işimizi çətinləşdirir. Nəticədə, torpağın hər bir qarışının axtarılması zərurəti ortaya çıxır. Azad olunmuş ərazilərimizin 10 min kvadrat kilometrlərlə ölçüldüyünü nəzərə alsaq, prosesin nə qədər çətin və uzunmüddətli olacağı haqda təsəvvür formalaşdırmaq mümkündür. Təbii ki, minalanmış ərazilərin xəritələri əlimizdə olarsa, bütün ərazilərdə axtarışların aparılmasına ehtiyac qalmaz".

Depuatın fikrincə, konkret şəkildə mina basdırılan əraziləri qısa zamanda təmizləyib işğaldan azad olunmuş ərazilərimizi təhlükəsiz zonaya çevirmək mümkündür. Azər Badamov ermənilərin düşünülmüş şəkildə düşmənçiliyini və xainliyini davam etdirdiyini söyləyib və öz təkliflərini verib:

“Ermənistan tərəfi müxtəlif bəhanələr irəli sürərək xəritələri verməkdən imtina edirlər. Xəritələrin gizlədilməsi beynəlxalq konvensiyaların kobud şəkildə pozulması və hərbi cinayətlərin davamıdır. Ermənilər cinayət törətməkdə həvəsli və pəşəkardırlar. Ona görə də belə cinayətlərdən əl çəkmək çətin məsələdir. Əlbəttə, Rusiya ermənilərə təzyiq göstərmək üçün kifayət qədər güclü imkanlara malikdir. Çox təəssüf ki, Rusiya sülhməramlıları minalanmış ərazilərin xəritələrinin verilməsi üçün ermənilərə təzyiq göstərmir, onları məcbur etmirlər".

Millət vəkili çıxış yolunu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunmasında görür:

"Azərbaycan ermənilərin bu cinayət əməlini özündə əks etdirən hüquqi sənədləri hazırlayıb Avropa Məhkəməsi qarşısında iddia ilə çıxış etməlidir. Düzdür, bu, uzun prosesdir. Amma cinayətlərin cəzasız qalması erməni qəsbkarlarına öz əməllərini davam etdirməyə imkan verir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm