Koronavirus təhlükəsi böyüyür: Ramazan ayında qapanmanı zəruri edən səbəblər
Bizi izləyin

Nida Təhlil

Koronavirus təhlükəsi böyüyür: Ramazan ayında qapanmanı zəruri edən səbəblər

Ramazan ayı bir neçə gün sonra başlayır. Koronavirusun dünyanı cənginə aldığı, ikinci, üçüncü, bəzi ölkələrdə hətta dördüncü dalğanın yaşandığı vaxtda bütün müsəlman dünyasını düşündürən bir sual var: 11 ayın sultanı olan ayda qapanma olacaqmı, yaxud qapanma olmasa nələr olacaq?

2020-ci ilin Ramazan ayında müsəlman ölkələrində, o cümlədən, Azərbaycanda da karantin rejimi tətbiq edilmişdi. Virusun sürətlə yayıldığı vaxt əsas çıxış yolu bu idi və nəticəsi də oldu. İndi eyni vəziyyət, bəlkə də daha mənfisi müşahidə olunur.

Artıq ölkəmizdə yoluxma adi hala çevrilib, ölüm sayı da sürətlə artır və koronavirus bəlası mutasiya olunmuş formalarda özünü göstərməkdədir. Bu reallıq “Ramazan ayında qapanmaya gedilməsi lazımdırmı” sualını aktuallaşdırır. Cavab birdən çoxdur:

Birincisi, 2020-ci ilin təcrübəsi qapanmanın yoluxma hallarının aşağı düşməsi üçün effektiv addım olduğunu göstərdi;

İkincisi, koronavirus bütün dünyada olduğu kimi, Azərbaycanda da artan xətt üzrə yayılır və təcrübə göstərir ki, artım tepmi yüksəldikdə yeganə çıxış yolu qapanmadır: hazırda ölkəmizdə yoluxma 2000-nin, ölüm faktı 30-un üzərindədir;

Üçüncüsü, qapanma olmayacaqsa, Ramazan ayında insanların kütləvi toplaşmasının qarşısını almaq çətinləşəcək:

- Adətən Ramazanda iftar süfrələri təşkil edilir;
- Müxtəlif dərnəklər, təşkilatlar da iftar süfrələrində insanları bir araya toplayır;
- Bayram və cümə namazlarının birlikdə qılınması həyata keçirilir;


Qapanma olmasa, bu addımların qarşısını almaq mümkün olmayacaq və yoluxma daha da artacaq.

Bunun fonunda ən vacib məqamlardan biri oruc tutanların virusun hədəfinə daha tez çevrilməsidir. Oruc tutanların immunitetinin zəiflədiyi məlumdur. O da məlumdur ki, koronavirusun əsas hədəfi məhz zəif immun sistemidir. İnsanlarımızın oruclu halda işə, yaxud digər yerə getməsi, koronavirusun asan hədəfinə çevrilməsi deməkdir.

Məhz bu səbəblər Ramazan ayında qapanmanın zəruri olduğunu təsdiqləyir. Digər müsəlman ölkələr də bu istiqamətdə addımlar atırlar.

Türkiyə Ramazan ayında həftə sonları küçəyə çıxma qadağası, həftə içi isə digər məhdudiyyətlər gətirir.

Covid-19-un dördüncü dalğasını yaşayan İranda ilk tədbir kimi yenidən 10 günlük karantin elan edilib, 10 gün sonra yoluxmanın vəziyyətinə görə bu qərara baxılacaq. Ramazan ayında məktəblər bağlı olacaq, o cümlədən, insanların bir yerə toplaşmasına qarşı sərt addımlar atılacaq.

Ərəb ölkələri və Mərkəzi Asiya ölkələri də Ramazan ayında məhdudlaşdırıcı addımlara hazırlaşır.

Səudiyyə Ərəbistan, İran, Misir, Livan kimi ölkələrdə din xadimləri vətəndaşlara Ramazan ayında birgə namazın qılınmaması, birgə iftar mərasimlərinin keçirilməməsi çağırışları edib.

Bütün bunların əsas səbəbi vaksinasiya prosesi başlasa da, Covid-19-a qarşı hələki əsas mübarizə üsulunun karantin rejiminin olmasıdır.

Təhlükə hələ də bizimlədir və hər keçən gün risk artır. Bu baxımdan, Ramazan ayında qapanmanın vacib olduğu reallığı ilə üz-üzəyik.

Müqəddəs Quran da daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Allah Bəqərə sürəsinin 195-ci ayəsində buyurur: “Öz əlinizlə özünü təhlükəyə atmayın”.

Allahın Rəsulu (s.ə.s) da buyurur ki, xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm