Ermənistana buna görə təzyiq edilməlidir - Hüquqşünas
Bizi izləyin

Nida Təhlil

Ermənistana buna görə təzyiq edilməlidir - Hüquqşünas

İşğaldan azad edilmiş ərazilərimiz uzun illər Ermənistan tərəfindən sistemli qaydada, Vətən müharibəsi dövründə isə xaotik şəkildə minalanıb. Sülh sazişi imzalanandan sonra beynəlxalq qanuna görə, minalanan ərazinin xəritəsi qarşı tərəfə təqdim edilməlidir. Ermənistan isə hazırda bunun əksini edir. Onlar minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir.

Bunu Publika.az-a "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib

O bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməsi humanitar hüquq normalarına ziddir:

"Nədənsə, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı susurlar, hesabatlarında bununla bağlı hər hansı məlumata rast gəlmirik. Düşünürəm ki, bu, beynəlxalq təşkilatların ikili standartlarının növbəti nümunələrindən biridir. Rusiya sülhü təmin edən dövlət kimi minaların xəritəsinin Azərbaycana təqdim edilməsi ilə bağlı məsələlərdə də yaxından iştirak etməlidir. Rusiya sülhməramlıları burada aktiv rol oynamalıdır. Haaqa Konvensiyasına görə, müharibə başa çatandan sonra tərəflər bir-birinə minalanmış ərazilərlə bağlı xəritələri təqdim etməyə borcludurlar. Əgər bu öhdəlik yerinə yetirilmirsə, buna görə məsuliyyət də mövcuddur. Böyük dövlətlər də, beynəlxalq təşkilatlar da buna susur, sakit yanaşma ilə yola verirlər. Həmsədrlik institutu olan ATƏT yarararsız bir təşkilata çevrilsə də, onlar da susmaqda davam edirlər. İnsanlar orada ölürlər, dinc insanlar, hərbçilərimiz müharibədən sonra minaya düşərək həlak olurlar”.

Ə.Nuriyevinin sözlərinə görə, Ottava Konvensiyasına əsasən piyadalar əleyhinə mina qadağan edilib və bunun beynəlxalq konvensiya ilə qadağan olunması dövlətlər qarşısında bir sıra öhdəliklər qoyur:

"Bu minalar Ermənistan tərəfində deyil, Azərbaycan ərazilərində basdırılıb. Ona görə də Ermənistan konfliktin tərəfi, həmçinin işğalçı tərəf olduğuna görə birbaşa məsuliyyət daşıyır. Rusiya sülhyaratma prosesini həyata keçirən ölkə kimi bu prosesdə yaxından iştirak etməli, Ermənistana xəritələrin təqdim edilməsi ilə bağlı təzyiq göstərməlidir. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərin yerinə yetirilməsində sadiqlik nümayiş etdirib. Buna görə də beynəlxalq güclər, böyük dövlətlər buna dərhal reaksiya verməlidirlər. Bu, müharibə cinayətidir. Bu məsələnin həm hərbi-siyasi, hüquqi, həm də mənəvi məsuliyyəti var. Ona görə də Ermənistan minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı məcbur edilməlidir. Bütün dövlətlər Azərbaycanın mülki insanlarının müharibədən sonra həlak olmasına sakit münasibət bəsləyirlər.

Araşdırmaq lazımdır ki, bu minaları Ermənistana kimlər verib, həm də separatçı bir ölkəyə satıblar. Azərbaycan Xarici işlər nazirliyi bununla bağlı işlər görür, beynəlxalq təşkilatlarla danışıqlar aparır. İnsanların hüquqlarını müdafiə edən, bunu ən ali dəyər hesab edən beynəlxalq subyektlər isə indi Azərbaycanın mülki sakinlərinin həlak olmasına susurlar. Bunlar dinc sakinlərdir. Biz burada da bir daha ölkəmizə qarşı tətbiq olunan ikili standartların şahidi oluruq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm