Bu, Azərbaycanın qüdrətinin növbəti nümayişi idi - RƏY
Bizi izləyin

Nida Təhlil

Bu, Azərbaycanın qüdrətinin növbəti nümayişi idi - RƏY

“Dünən açılışı olan Hərbi Qənimətlər Parkı Azərbaycanın həm qüdrətini, gücünü, həm də hərbi, iqtisadi və sənaye potensialını bir daha ortaya qoydu. Hər birimizə və bütün dünyaya bəllidir ki, Azərbaycan 44 günlük müharibəsini necə bir strategiya və uğurlu taktika ilə həyata keçirdi. Bu strategiya haqqında hətta bu günə qədər həqiqətlərimizi, ədalətimizi görmək istəməyən ölkələrin hərbi mütəxəssisləri və jurnalistləri belə etiraf etmək məcburiyyətində qaldılar ki, Azərbaycan bütün dünyaya nümunə ola biləcək böyük bir strategiya ortaya qoydu”.

Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, bu taktikanın, strategiyanın arxasında düşünülmüş, uzaqgörən siyasət və idarəetmə dayanır: “Bütün bunların arxasında isə ölkə Prezidenti cənab İlham Əliyevin vaxtında verdiyi tapşırıqlar, Ali Baş Komandan kimi verdiyi əmrlər dayanırdı. Eyni zamanda, biz bu qələbəni xalq-ordu-prezident birliyi sayəsində əldə edə bildik. Bu, möhtəşəm birlik, möhtəşəm həmrəylik idi. Dünən açılan Park Azərbaycanın müharibədə böyük üstünlüklə əldə etdiyi qələbənin, nailiyyətlərin görüntü olaraq ortaya qoyduğumuz faktları idi ki, bu Parkda hər kəsə nümayiş etdiriləcək. Azərbaycan sadəcə düşmənlə müharibə aparmadı, öz torpaqlarından onları qovmaqla kifayətlənmədi, eyni zamanda düşmənin qoyub getmək məcburiyyətində qaldığı hərbi texnikasına sahib ola bildi ki, bu da müharibə dilində hərbi qənimətlər adlanır”.

J.Əliyeva vurğulayıb ki, Azərbaycanın heç bir zaman heç bir ölkənin torpağında gözü olmayıb: “Biz heç vaxt dinc insana qarşı silah qaldırmamışıq. Biz sadəcə öz haqqımız olanı tələb etmişik ki, burada da söhbət ata-baba topaqlarımızdan gedir. 30 illik səbrimizdən sonra beynəlxalq danışıqların heç bir fayda vermədiyini, ikili standartların mövcud olduğunu görəndən sonra Azərbaycan təxribatlara cavab vermək məcburiyyətində qaldı və torpaqlarını öz gücü, öz ordusu ilə geri qaytardı”.

Deputat qeyd edib ki, Prezidentin Hərbi Qənimətlər Parkının açılışındakı nitqi növbəti tarixi çıxışı idi. Onun sözlərinə görə, dövlət başçısı qələbəmizin qazanılmasında böyük xidmətləri olan ordu birliyimizin, əsgər və zabit heyətinin, eyni zamanda Azərbaycan xalqının, bütün dünyanın qarşısında çıxış edərək mühüm mesajlarını verdi:

“Bu qələbəmizin təməlində 32 il bundan əvvəl işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda hər zaman müsəlləh əsgər kimi birləşməyimiz, eyni zamanda Aprel döyüşləri də cənab Prezidentin söylədiyi kimi həlledici məqam oldu. Aprel döyüşləri sanki illərdən bəri həll edilməmiş qalan münaqişənin, problemin həllində təkanverici və stimulverici bir qüvvəyə çevrildi. Həmin döyüşlərdən sonra artıq Azərbaycan bir addım da olsa geri çəkilməyəcəyini bildirdi. Biz bu günə qədər olan bütün müraciətlərimizdə bildirmişdik və dövlət başçısı hər dəfə çıxış edəndə söyləyirdi ki, danışıqlar masası arxasında bütün çarələr tükənənə qədər Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə çalışacaq. Amma heç bir şəkildə bu mümkün olmazsa, Azərbaycan müharibə yoluna da hər zaman hazırdır. Biz çox qısa müddət davam edən, 4 günlük Aprel döyüşlərində bunu sübut etdik və bütün dünyaya nümayiş etdirə bildik ki, qısa müddət ərzində Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Bizim 4 gün ərzində azad etdiyimiz ərazilər, üçrəngli bayrağımızı sancdığımız Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kimi yaşayış məntəqələrimiz bütün dünyaya mesaj idi”.

J.Əliyeva əlavə edib ki, Aprel döyüşləri Azərbaycanın dayanmayacağı və öz mübarizəsini davam etdirəcəyi mesajı idi: “Aprel döyüşlərindən sonra Azərbaycan 2020-ci ilin iyul ayında növbəti erməni təxribatı ilə qarşılaşdı. Ölkəmiz Tovuz sərhədindən vurulmağa başlandı, avqustda diversiya qrupları göndərildi və s. Artıq düşmənə silahın dili ilə dur deməyin zamanının çatdığını Azərbaycan bütün dünyaya nümayiş etdirdi və öz haqlı mövqeyini, haqlı tələbini sona qədər davam etdirərək möhtəşəm qələbəsini qazandı. Hərbi Qənimətlər Parkının açılışı Azərbaycanın gücünün, qüdrətinin növbəti nümayişi idi”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm