Beşulduzlu hoteldə kef məclisləri üçün darıxan həmsədrlərin anti-sülh bəyanatı
Bizi izləyin

Nida Təhlil

Beşulduzlu hoteldə kef məclisləri üçün darıxan həmsədrlərin anti-sülh bəyanatı

Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra işsiz qalan ATƏT-in Minsk qrupunun həmsədrlərinin etirafları davam edir. Keçmiş amerikalı həmsədr Riçard Hoqlandın son məqaləsi isə bu institutun 30 il ərzində münaqişənin həlli ilə bağlı heç nə etmədiyinin rəsmi şəkildə dilə gətirilməsidir.

Həmsədrlərin regiona turist səfərləri haqqında Azərbaycan mediası dəfələrlə yazıb. Bunu institutun fəaliyyətsizliyi ilə bağlı bənzətmələr hesab etmək olardı, lakin Hoqland sözün gerçək mənasında turist kimi səfər etdiklərini açıqlayır.

Biz beşulduzlu hotellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik”, - Riçard deyir.

Bəli, həmsədrlər bölgəyə yeyib-içmək, məclislər təşkil etmək, bir sözlə dincəlmək üçün gəlirdilər. Və arabir özlərini göstərmək üçün bəyanatlar verir, görüşlər keçirirdilər.

Bunu Hoqland etiraf edir: “Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü”.

ABŞ, Fransa və Rusiyanın həmsədr postuna çox vaxt ölkələrində onuncu dərəcəli, nüfuzu olmayan, bir çox hallarda məsələnin mahiyyətini bilməyən diplomatları təyin etməsi də münaqişəyə ciddi yanaşmamasından irəli gəlir.

Hoqland deyir ki, 30 il Dövlət Departamentində işlədikdən sonra təqaüdə çıxırmış, lakin onun Minsk qrupunda müvəqqəti həmsədr vəzifəsini icra etməsini istəyiblər. Ermənistanda, yaxud Azərbaycanda heç vaxt işləməməsinə, nə bölgəni, nə də münaqişənin tarixini bilməməsinə baxmayaraq, o, 2017-ci ilin yanvarından sentyabr ayına qədər o, bu vəzifəsini icra edib.

Doğrusu, müvəqqəti həmsədr olmağı təklif edəndə əvvəlcə bir az tərəddüd etdim, Dövlət Departamentində belə bir vəzifə karyera yüksəlişi kimi qəbul edilmirdi. Açığı, bu vəzifəni tam hüquqlu səfir təyin olunmağı gözləyən diplomat, yaxud təqaüdə çıxana qədər işləməsi lazım olan biri tuturdu”, - Hoqland deyir.

Amerikalı keçmiş həmsədrin etirafları təsdiqləyir:

1. Minsk qrupu 30 il ərzində bölgəyə yalnız turist səfərləri edib və yalnız yeyib-içmək, beşulduzlu hotellərdə qalmaqla məşğul olub;
2. Həmsədrlər yalnız “mövcud olduqlarını” göstərmək üçün bəzən nəsə edirmiş, qalan vaxtı məqsədləri “yaxşı yaşamaq” olub;
3. Həmsədr ölkələr münaqişənin həllinə ciddi yanaşmayıblar, buna görə də həmsədrlik institutuna təqaüdə çıxmağa, yaxud səfir göndərilməyə hazırlaşan şəxslərin müvəqqəti postu kimi baxıblar;
4. Həmsədrlər nə münaqişə tərəflərini, nə münaqişənin tarixini, nə də bölgəni tanıyıblar;


Və Hoqlandın etiraflarında ən vacib detal münaqişənin həlli yolu ilə bağlı dedikləridir.

Həmsədr həmkarlarımla İrəvana və Bakıya çoxsaylı səfərlərim zamanı heç vaxt açıq dilə gətirmədiyim bir qənaətə gəldim. Dağlıq Qarabağ problemini yalnız müharibə ilə həll etmək olardı”, - amerikalı keçmiş həmsədr bildirir.

Azərbaycan məhz bunu etdi və illərdir yerinə yetirilməyən BMT qətnamələrini icra etdi. Artıq müharibə və münaqişə bitib, Azərbaycan ərazi bütövlüyünü həll edib.

ATƏT-in artıq işsiz qalan Minsk qrupu isə 30 il ərzində etdiyi kimi, yenə də özlərini xatırlatmaq üçün yeni bəyanat yayır, yeni danışıqlar təklif edir.

Hansı danışıqlar, yaxud nəylə bağlı? Münaqişə həll olunub, amma həmsədrlər məsələdən əl çəkmək istəmir. Görünür, ya səfir postuna təyin olunana, ya da təqaüdə çıxana qədər işsiz qalmaq istəmirlər.

Əslində məsələnin təhlükəli tərəfləri kifayət qədərdir. Çünki həmsədrlərin belə bəyanatları Ermənistanda revanşizmin körüklənməsinə şərait yaradır və belə vəziyyət bölgədə əldə olunmuş sülhü riskə atır. Münaqişəni sülh yolu ilə həlli üçün 30 il yeyib-içməklə məşğul olan həmsədrlər yeni müharibəmi istəyir?

Birincisi, Azərbaycan danışıqları kiminlə aparmalıdır?! Ermənistanda siyasi xaos davam edir, Paşinyan ölkəni idarə etməkdə çətinlik çəkir, hətta ölkə vətəndaş qarşıdurması həddinə çatıb. Belə bir ölkə ilə hansı danışıqları aparmaq olar?!

İkincisi, münaqişə bitib, BMT-nin qətnamələri icra olunub, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Danışıqlar predmeti olmadığı halda həmsədrlər bölgəyə səfərlər edib, nəyi həll etmək istəyirlər?!

Üçüncüsü, 30 il bir addım belə irəliləyə bilməyən həmsədrlərə münaqişə həll ediləndən sonra ehtiyac varmı?!

Maraqlıdır ki, bəyanatda mədəni abidələrin qorunması məsələsi aktuallaşdırılır. Halbuki, münaqişənin həllindən öncə ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək, burada mədəni abidələrin dağıdıldığını təsdiqləmişdi, lakin qurum və həmsədr ölkələr bununla bağlı heç bir tədbir görmədilər. İndi münaqişənin həllindən sonra mədəni abidələrdən bəhs edirlər.

Sülhməramlıları Dağlıq Qarabağda olan Rusiyanın həmsədrinin bəyanata imza atması ayrıca suallar yaradır. İqor Popov münaqişənin həllindən sonra yaranmış yeni reallığı və ölkəsinin sülhməramlılarının bölgədə olmasını unudurmu?!

Digər həmsədr ölkə Fransanın isə ümumiyyətlə, danışmağa haqqı yoxdur. Müharibə dövründə Ermənistanı xilas etmək üçün əlindən gələni edən və bununla həmsədrlik missiyası tapdalayan bu ölkə anlamalıdır ki, Azərbaycan cəmiyyətində ona heç bir etimad, inam yoxdur. Fransa Minsk Qrupuna daxil olmasının şərtlərini xatırlamalıdır və obyektivlik, bitərəflik kimi kriteriləri kobud şəkildə pozan ölkənin bu prosesdə iştirakının arzuolunmaz olduğunu qəbul etməlidir.

Minsk qrupunun bəyanatı bu institutun fəaliyyətini növbəti dəfə şübhə altına qoyur və haqlı olan üç sual yaradır:

- Həmsədrlik institutu niyə bu 3 ölkənin (Rusiya, Fransa və ABŞ) monopoliyasında olmalıdır?
- Niyə regionda mühüm rola və çəkiyə malik Türkiyə orada olmalı deyil?
- Niyə yalnız xristian dövlətləri bu prosesdə iştirak etməlidir?


Həll edilmiş münaqişə ilə bağlı bəyanatlar qəbul edilməmişdən öncə bu suallara aydınlıq gətirilməsinə ehtiyac var.

Həmsədr ölkələr də anlamalıdır ki, münaqişə həll edilib və ATƏT-in Minsk qrupu artıq tənzimlənmə prosesində iştirak edən qurum deyil. Onların bundan sonra bölgədə sülhə verə biləcəyi töhfə yalnız bir məsələdə mümkündür: sülh müqaviləsinin imzalanması; Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi; Ermənistanla Azərbaycan arasında etimad mühitinin qurulması və s;

Minsk qrupu 30 il sonra həqiqətən nəsə etmək istəyirsə, bunları edə bilər. Əks təqdirdə əvvəlki qədər qonaqpərvər olmayacağıq...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm