Ermənistandakı durum məğlubiyyətin miqyasından xəbər verir - Deputat
Bizi izləyin

Nida Təhlil

Ermənistandakı durum məğlubiyyətin miqyasından xəbər verir - Deputat

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışından sonrakı vəziyyət – bütün siyasi qüvvələr məğlubiyyətin günahkarını axtarır, tərəflər məsuliyyəti bir-birinin boynuna atır. Hamı hamını satqınlıqda ittiham edir. Hətta ideoloji baxımdan bir-birinə yaxın olan Levon Ter-Petrosyanla Paşinyan belə qarşılıqlı ittihamlar səsləndirir.

Bütün bu xaos və qarışıqlıq Ermənistanın məğlubiyyətinin miqyasını göstərir. Həmçinin, Ermənistanda Azərbaycan tərəfindən səsləndirilən bəzi təklif və tələblərin hədəfə götürülməsi, etikadan kənar şərh edilməsi müşahidə edilir.

Millət vəkili Cavid Osmanov Publika.az-a açıqlamasında söyləyib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı:

“30 il ərzində Ermənistan ordusunun işğalı altında olan torpaqlarımız işğaldan təmizləndi. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri ermənilərin özləri haqqında yaratdıqları “məğlubedilməz ordu” mifini darmadağın etdi. Azərbaycan təkcə Ermənistan dövlətinə deyil, ümumilikdə erməni faşizminə qalib gəldi. Bununla da bölgədə yeni reallıqlar yaratdı. Eyni zamanda, rəzil duruma düşmüş, acı məğlubiyyətə uğramış Ermənistanın daxilində onsuz da mürəkkəb olan vəziyyət getdikcə çətinləşir. Ölkədə bütün sahələrdə - siyasi, iqtisadi, hərbi və digər sahələrdə dərin böhran hökm sürür. Bu gün Ermənistanda xaos, anarxiya, vətəndaş qarşıdurması mövcuddur. Müxalifət bu gün acı məğlubiyyəti Nikol Paşinyan hakimiyyətinin üzərinə atmağa çalışır. Paşinyan isə məğlubiyyətin əsas günahkarları kimi keçmiş xunta rejiminin rəhbərlərini - Robert Koçaryanı və Serj Sarkisyanı görür. Ermənistandakı hazırkı qarışıq durum məğlubiyyətin miqyasından xəbər verir”.

Deputat qeyd edib ki, bu gün Ermənistanda qarşılıqlı ittihamlar, məğlubiyyətə görə bir-birini günahlandırma halları durmadan daha geniş miqyas alır:

“Hazırkı xaos Ermənistandakı rəzil durumu və tənəzzülü daha da dərinləşdirir. Qarşıdan seçkilər gəlir. İyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Hər iki cəbhə çalışır ki, öz platformalarını revanşizm üzərində qursun. Ordusu darmadağın olunmuş, iqtisadiyyatı talan edilmiş ölkənin yeganə çıxış yolu Azərbaycanla və qardaş Türkiyə ilə razılaşaraq kommunikasiya xətlərini açmaqdan keçir. Bununla onlar Ermənistanı dalan vəziyyətdən çıxara bilərlər. Bəlkə bu halda Ermənistan sivilizasiyaya inteqrasiya edən normal, sivil bir ölkəyə çevrilsin”.

Millət vəkilinin fikrincə, mahiyyətcə bu gün Ermənistanın siyasəti terrorizm və separatizm üzərində qurulub:

“Eyni zamanda, Ermənistan öz konstitusiyasında digər dövlətlərə ərazi iddiaları ilə çıxış edib. Bu baxımdan İrəvan öz siyasətində dəyişiklik etməsə, Azərbaycanofobiya və türkofobiyanı aradan qaldırmasalar, insanların beyinlərini zəhərləməsələr - söhbət sadə erməni vətəndaşlarından gedir - bunu dayandırsalar, yeni sağlam düşüncəli mərhələyə qədəm qoysalar, bəlkə də Ermənistan bir neçə onilliklər sonra özünə gələcək. Azərbaycana, türkə, Türkiyəyə qarşı olan fobiya və bizim səsləndirdiyimiz bəzi təkliflərin etikadan kənar cavablandırılması onu deməyə əsas verir ki, onlar Azərbaycanofobiya və türkofobiya ilə qarşıdan gələn seçkilərə yollanacaqlar”.

Cavid Osmanov əlavə edib ki, Ermənistanın düçar olduğu rəzil durumun məsuliyyəti təkcə köhnə xunta rejiminin rəhbərlərinin üzərində deyil, eyni zamanda erməni diasporunun üzərinə düşür: “Onların uzun illərdir ölkəmizə, qardaş Türkiyəyə qarşı apardığı işğalçılıq siyasəti, ərazi iddiaları ilə çıxış etməsi, separatizm və vandallıq nümayiş etdirməsi bu ölkəni rəzil, utancverici, gülməli bir vəziyyətə gətirib çıxarıb. Ermənistan bu gün Azərbaycan qarşısında diz çökmüş bir dövlətdir. 10 noyabr 2020-ci ildə qarşımızda diz çökərək üçtərəfli bəyanata imza atıb. Azərbaycan və Türkiyəyə yalvararaq normal münasibətlər qura, çıxış yolu tapa bilərlər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm