AŞPA-da qaldırılan hay-küy onların özləri üçündür - Politoloq
Bizi izləyin

Nida Təhlil

AŞPA-da qaldırılan hay-küy onların özləri üçündür - Politoloq

“Doğrusu, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ermənilərin və ermənipərəst deputatların Azərbaycana hücumunu gözləmirdim. Nəyə görə bunu gözləməli idik? Azərbaycan hansı günahı işləyib ki, həmin günahın ucbatından xristianpərəst standartlarla hərəkət edən qurum ölkəmizə qarşı ermənilərin bu cür fəallaşmasına imkan yaradır?! Biz sadəcə olaraq torpaqlarımızı azad etmişik. Bu vaxta qədər AŞPA və digər beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğalı ilə bağlı hay-haray salmayıblar”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, erməni işğalı nəticəsində bir milyondan çox azərbaycanlının malı, mülkü talan edilib:

“Ev-eşiyinin, vətəninin daşı daş üstündə qalmayıb. Cənab UNESCO, BMT-nin Baş katibi, özünüzə əziyyət verin, Füzuliyə, Ağdama, Qubadlıya, Cəbrayıla baş çəkin. Baxın, görün bir nələr görəcəksiniz... Sən 30 il əvvəl insanlarımızın yaşadığı faciələri görəcəksən. Azərbaycan Avropaya, Qərbə nə edib axı?! Ermənistana da heç nə etməyib. Torpaqlarımızı ələ keçirib orada qondarma dövlət yaratmışdınız. İkinci dəfə belə bir addıma imkan vermərik. Bunun üçün də Avropanın yalançı qurumları, Qərbin yalançı müdafiəçiləri bizi ittiham etmək istəyirlər. 62 nəfər qulduru müharibədən 16 gün sonra ermənilər rusların köməyi ilə Xocavəndə göndərmişdilər. Hərbçilərimizi, mülki vətəndaşımızı qətlə yetirmişdilər. Onların orada nə işi vardı?! Ümumiyyətlə, Ermənistan əsgərlərinin Azərbaycan ərazilərində nə işi var?! Onlar adi müharibə iştirakçıları deyil”.

Qabil Hüseynli əlavə edib ki, onlar Azərbaycan ərazilərinə göndərilmiş, xüsusi hazırlıq keçmiş terrorçu qruplardır:

“Onlar özləri də etiraf edirlər ki, həmin 62 nəfərlik qrup Azərbaycana təxribat məqsədi ilə gəlmişdi. Onların ucbatından 4 Azərbaycan əsgəri şəhid olub, ikisi isə ağır yaralanıb. Bunlar müharibə qurtarandan sonra baş verib. Azərbaycan hərbçiləri ciddi və dəqiq əməliyyatlar keçirməsəydilər, onlar hələ çox qanlara bais olacaqdılar. Sevinsinlər ki, Azərbaycan Ordusu onları vaxtında mühasirəyə saldı və tərk-silah etdi.

Birinci Qarabağ müharibəsində Kəlbəcərdə, Xocalıda, Qaradağlıda və başqa kəndlərdə 5500 adamı əsir götürdülər. Bu adamların adları bəllidir, amma onların haqqında heç bir məlumat vermədilər. Qərb onların haqqında danışsa, yaxşı olar. Birinci, ikinci növ insanlar yoxdur axı! Ona görə də AŞPA-da qaldırılan hay-küy onların özləri üçündür”.

Politoloq vurğulayıb ki, ermənilərin AŞPA-da qaldırdıqları hay-küyün heç bir əhəmiyyəti olmayacaq:

“Keşişindən, Papasından tutmuş siyasətçisinə qədər hamısı əli qana batmış ermənilərin müdafiəçisinə çevrildi. Ermənilər dünyada cəmi 5 milyondur. İndi onlar dünyanın taleyini həll edirlər?! Bilmirəm, bəlkə də “xaç savaşı” aparırlar”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm