Ermənilər reallıqla barışmayacaqsa... - RƏY
Bizi izləyin

Nida Təhlil

Ermənilər reallıqla barışmayacaqsa... - RƏY

44 günlük Vətən müharibəsində erməni terrorçularını və faşistlərini ərazilərimizdən çıxardıq. Ərazi bütövlüyümüzü bərpa etdik.

Bunu Publika.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, əldə edilmiş üçtərəfli razılaşmaya əsasən, Ermənistanın götürdüyü öhdəliklər var:

“Əldə olunmuş razılığın əsas məqsədlərindən biri də regionda daimi sülhü təmin etmək və regionda iqtisadi əlaqələrin güclənməsi, bərpa olunması, kommunikasiya xətlərinin işə başlamasıdır. Ancaq təəssüflər olsun ki, ermənilər kapitulyasiya aktını imzaladıqdan sonra regionda sülhün qorunub saxlanması üçün ciddi addımlar atmaq əvəzinə, İrəvanda revanşist fikirlər və qisas sədaları eşidilməkdədir. Təbii ki, bunun da müəyyən səbəbləri var”.

Deputat qeyd edib ki, Ermənistanda hələ də məğlubiyyəti qəbul edə bilməyən siyasi qüvvələr mövcuddur:

“Həmçinin Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq bu cür fikirlərin səslənməsi məncə, seçkilərdə qələbə əldə etmək istəyən qüvvələrin əsas məqsədidir. Hərçənd ki, ermənilərin özləri də reallığı dərk edirlər. Onlar çox gözəl anlayırlar ki, nə vaxtsa Azərbaycan ərazilərini müharibə yolu ilə yenidən işğal etmək faktiki olaraq artıq mümkün deyil. Ermənilərin tək nicat, çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaqdan, kommunikasiya xətlərini bərpa etməkdən keçir. Onlar hər iki ölkə ilə iqtisadi əlaqələrin yaranması üçün zəmin yaratmalıdırlar. Eyni zamanda, digər qonşu dövlətlərlə də dostluq münasibətlərini gücləndirməlidirlər”.

Naqif Həmzəyev düşünür ki, onlar reallıqla barışmayacaqsa, Ermənistanın müstəqilliyini sual altına sala bilərlər:

“İstənilən halda regionda sülhü dəstəkləməyən, regional iqtisadi inkişafa öz töhfəsini vermək istəməyən bir tərəf olaraq bu ölkə yenə də beynəlxalq layihələrdən təcrid ediləcək. Bildiyimiz kimi, onlar 30 il ərzində işğal faktına görə bütün beynəlxalq layihələrdən təcrid olunmuşdular. Belə olan halda İrəvan yenə də regionun iqtisadi imkanlarından istifadə edə bilməyəcək. Bir sözlə, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya hərtərəfli əlaqələrindən kənarda qalacaq. Yenə də özlərini blokadaya salmış olacaqlar. Düşünürəm ki, Ermənistanda seçkilərdən sonra səsləndirilən fikirlərin yanlış və nə qədər cəfəng olduğunu dərk edəcəklər. Azərbaycanla iqtisadi əlaqələrin inkişafına və kommunikasiya əlaqələrinin bərpasına cəhd göstərəcəklər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm