Prezident bunu beynəlxalq tribunadan bütün dünyaya elan etdi
Bizi izləyin

Nida Təhlil

Prezident bunu beynəlxalq tribunadan bütün dünyaya elan etdi

Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış etdi. Dövlət başçısı nitqində bir sıra vacib məqamlara toxundu. Ölkə rəhbəri 44 günlük vətən müharibəsi dövründə Ermənistanın yaşayış məntəqələrini, dinc vətəndaşları hədəfə götürməsini qeyd etdi, Ermənistan ordusunun darmadağın edilməsini və işğala son qoyulmasını, işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılmasını, Azərbaycan xalqının mədəni irsinin məhv edilməsini vurğuladı. Prezident növbəti dəfə beynəlxalq tribunadan Ermənistan-Azərbaycan münaqişəsin sona çatmasını elan etdi.

Ölkə başçısının toxunduğu məsələlərdən biri də kağız üzərində qalmış BMT qətnamələrinin təkbaşına icra olunması ilə bağlı oldu.

Publika.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov dövlət başçısının BMT qətnamələrini təkbaşına icra etmiş dövlət kimi Azərbaycanın tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət etməsini yüksək qiymətləndirdini bildirib:

"Azərbaycan BMT-nin 4 qətnaməsini 27 il sonra öz gücü hesabına icra etdi. Söhbət burada Ermənistanın Azərbaycan torpaqlarını işğala məruz qoymasından gedir və 30 il ərzində ermənilər tərəfindən vandallıq, vəhşilik nümayiş olunub. Cənab Prezidentimiz burada Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaqla Ermənistanın nə qədər vəhşiliklər, cinayətlər, misli görünməmiş soyqırımılar törətdiyini qeyd etdi. Ölkə rəhbərinin BMT-nin 4 qətnaməsinə Ermənistanın 27 il ərzində məhəl qoymamasını ali tribunadan bütün dünyaya çatdırması Ermənistanın yürütdüyü siyasətin mərkəzində separatizm, işğalçılıq və terrorçuluq olduğunu göstərmiş oldu. Həmçinin tərəfdaş ölkələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsi mexanizmi ilə bağlı da təklif olunan və hazırlanan səylərə qoşulmağa dəvət edildi. Cənab Prezident bildirdi ki, BMT-də qətnamələr qəbul olunan andan icra olunmağa başlanır, amma nədənsə Azərbaycanla bağlı olan bu 4 qətnamə 27 il gizlənildi və bundan sonra Azərbaycan öz gücü ilə ermənilərin təxribatlarının qarşısını alaraq əks hücum əməliyyatları həyata keçirdi və qələbə qazandı".

Prezident İlham Əliyev “Zəngəzur nəqliyyat dəhlizi”ni potensialına da toxundu. Dövlət başçısı Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələrin Azərbaycan üzərindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi”ni potensialını nəzərdən keçirməyə dəvət etdi.

Cavid Osmanov bildirib ki, Prezidentin beynəlxalq tribunada Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə toxunması olduqca əhəmiyyətli hadisədir: "Cənab Prezident 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi, Ermənistanın kapitulyasiyasının elan olunması ilə bağlı imzalanan üçtərəfli bəyanatın bəndlərinə də toxundu. Dövlət başçısı çıxışında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdən danışdı. Bildirdi ki, bu, təkcə bölgə ölkələrini deyil, daha geniş coğrafiyanı əhatə edərək o dövlətlər üçün də əhəmiyyətli olacaq ki, bu potensialdan istifadə etmək üçün dövlətlərə səsləndi. Qeyd etdi ki, bunun üçün dövlətlər təkliflərini irəli sürə bilərlər. Zəngəzur dəhlizi bütün dünyaya öz qapısını açacaq. Bir çox ölkələr arasında iqtisadi əməkdaşlıq çox əlverişli olan bu logistika dəhlizi üzərindən həyata keçirilməklə bu ölkələrin də iqtisadi inkişafına çox böyük töhfələr verə bilər".

Prezidentin toxunduğu digər məsələlərdən biri də Azərbaycanın növbəti 10 ildəki prioritetləri ilə bağlı idi.

C.Osmanov dövlət başçısının Azərbaycanın növbəti 10 ildə iqtisadi-sosial inkişafla bağlı rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmaqla bağlı müəyyən etdiyi milli prioritetlərin ölkə üçün xüsusi önəmini vurğulayıb. Deputat bildirib ki, burada ilk növbədə Azərbaycanın işğaldan azad edilmiş tarixi torpaqlarının yenidən qurulması və bərpası məsələsi dayanır: "Bununla bağlı bir sıra infrastruktur layihələri həyata keçirilir, pilot layihələri, "ağıllı kənd", "ağıllı şəhər", "yaşıl enerji" konsepsiyasından istifadə olunaraq ərazisi də 4 Lüksemburq boyda olan Qarabağın inkişafı, yenidən qurulması və bərpası ilə bağlı cənab Prezident görülən və görüləcək işləri qeyd etdi. Milli prioritetlər daxilinə eyni zamanda həm işğaldan azad olunan ərazilərin təhülkəsizliyi, regionda dayanıqlı sülhün və təhülkəsizliyin təmin olunması, o cümlədən də həmin ərazilərin yenidən qurulması və bərpası istiqamətində də işlərin görülməsi öz əksini tapır.

Bu baxımdan cənab Prezident bütün dünyaya həm erməni vəhşiliyini, erməni vandallığının, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımıları, BMT-nin 4 qətnaməsinin icrasını Azərbaycanın öz gücü ilə 27 ildən sonra təmin etdiyini, eyni zamanda yeni əməkdaşlıq platformasının və bu platformanın daha böyük coğrafiyanı əhatə etməklə dünyaya növbəti çağırışını vermiş oldu. Prezident beynəlxalq tribundan bütün dünyaya ölkəmizin qüdrətini nümayiş etdirdi".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm