Heydər Əliyevin bu addımı qeyri-adi hadisə idi - RƏY
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyevin bu addımı qeyri-adi hadisə idi - RƏY

"Bu gün türk-müsəlman dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin doğum günüdür. H.Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldi. Bununla ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. O, 1976-cı ildə Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildə isə bu büronun üzvü seçildi. Eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. Azərbaycandan Sovet dövləti tarixində ən yüksək vəzifəni Heydər Əliyev tutub".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərov deyib. Millət vəkili bildirib ki, həmin dönəmdə 15 müttəfiq respublikanın 6-sı türk-müsəlman kökənli idi. Tacikistan türk kökənli olmasa da, əhalisi müsəlman idi:

"Özbəkistanın rəhbəri Şərəf Rəşidov Siyasi Büro üzvlüyünə namizədlikdən yuxarı qalxa bilmədi. Qazaxıstanın birinci katibi Dinməhəmməd Kunayev Siyasi Büronun üzvü seçilsə də, Sovet dövlətinin idarəçiliyinə cəlb edilmədi. Qazaxıstanı idarə edir və Siyasi Büronun iclaslarına qatılırdı. Yalnız Heydər Əliyev yeganə türk-müsəlman idi ki, nəhəng Sovet dövlətini idarə edənlərdən biri oldu. Türk-müsəlman xalqlarına qarşı ayrıseçkilik siyasətinin yeridildiyi şəraitdə SSRİ kimi nəhəng bir dünya dövlətinin ali rəhbərliyinə yüksəlməklə Heydər Əliyev misilsiz dövlət idarəçilik istedadı və bacarığı nümayiş etdirib".

Deputat qeyd edib ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (BDU) 50 illik yubileyində məruzəni Azərbaycan dilində etdi: "Bu, həmin dövr üçün qeyri-adi hadisə idi. Azərbaycan dilinin Azərbaycan SSR-in dövlət dili olması haqqında maddənin respublika konstitusiyasına salınmasını təmin etdi. Azərbaycanda sovet dönəmində ilk hərbi məktəbin açılmasına nail oldu. Azərbaycanlı tələbələrin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi üçün bütün gücünü ortaya qoydu. Azərbaycanın aqrar ökədən sənaye-aqrar ölkəyə çevrilməsi üçün əlindən gələni etdi. Bakı Dərin Özüllər Zavodunun əsasının qoyulması da məhz Heydər Əliyevin dövründə baş verdi. Müstəqil Azərbaycan dövlətinin Konstitusiyası məhz onun hakimiyyətə ikinci dəfə gəlişinin ilk illərində qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətindən yadigar qalan üçrəgli bayrağın ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qaldırılması da Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü idi".

Deputat bu silsiləni davam etdirib:

"Bakı neftini dünya bazarına çıxarmaq üçün bağlanan "Əsrin müqaviləsi", torpaqların kəndlilərə verilməsi, ölkədə çoxsaylı ali hərbi məktəblərin təşkil edilməsi, Naxçıvanın ağır blokada şəraitindən çıxarılması, təcavüzkar Ermənistanla atəşkəs sazişinin imzalanması, Yeni Azərbaycan Partiyasının təsis edilməsi, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv qəbul olunması, 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilməsi, azərbaycanlıların Ermənistan SSR-dən deportasiya edilməsi haqqında fərmanın verilməsi, Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Moskvada Azərbaycanın daimi nüməyəndəliyində cəsarətli bəyanatla çıxışı, Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, senzuranın ləğv edilməsi, "bir millət, iki dövlət" ideyasının elmi və siyasi cəhətdən əsaslandırması və sair. Bunların hamısının altında ümummilli liderin imzası var".

Millət vəkili vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətləri kifayət qədərdir:

"Azərbaycan öz dövlət müstəqilliyini bərpa edən ərəfədə Ermənistanın təcavüzünə məruz qaldı. Torpaqlarımızın 20 faizi Ermənistan hərbi birləşmələri tərəfindən işğal olundu. Heydər Əliyevin uğurlu diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və nüfuzlu beynəlxalq təşlilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. ATƏT-in Lissabon sammitində bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli maraqlarına uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

Hazırda Ermənistanın təzavüzünə qarşı mübarizə Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla aparılır. Ermənistanın təcavüzkar siyasətinin kəskin tənqidi, Azərbaycanın haqq işinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunması, güclü orduya malik olmağımız, çoxmilyonlu xalq tərəfindən dövlətin siyasətinə hərtərəfli dəstək 2020-ci il sentyabrın sonlarında Azərbaycanı öz ərazi bütövlüyünü təmin etmək üçün Vətən müharibəsinə başlamağa məcbur etdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, düşməni darmadağın edərək onu danışıqsız bəyanata imza atmağa məcbur etdi. Qarabağ Azərbaycandır!"

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm