Reallaşmaq üzrə olan Zəngəzur dəhlizi kimləri narahat edir? - görünməyən bədxahlar...
Bizi izləyin

Nida Təhlil

Reallaşmaq üzrə olan Zəngəzur dəhlizi kimləri narahat edir? - görünməyən bədxahlar...

Asif Nərimanlı: “Hadisələrin inkişafı Zəngəzur dəhlizinin açılmasında Bakı və Ankaranın, o cümlədən ”Bir kəmər, Bir yol" layihəsinin müəlliflərinin israrlı olduğunu göstərir"

Azərbaycanı Naxçıvan və Türkiyə, oradan isə Avropa ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması getdikcə reallığa çevrilməkdədir. Bir neçə gün əvvəl Naxçıvana səfəri zamanı Ordubad dəmiryol stansiyasına baş çəkən Prezident İlham Əliyev bu obyektə gəlişinin təsadüfi olmadığını deyib.

Son günlər Laçın rayonundakı Qaragöl gölü ilə bağlı Ermənistanın qaldırdığı hay-küydən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin 2020-ci ilin 10 noyabrında imzalanan sazişin bütün bəndlərinin, özü də “alternativsiz” olaraq icrasında təkid etdiyini bildirib. Bu isə həmin bəyanatda Zəngəzur dəhlizi ilə bağlı bəndin də icrasında Rusiyanın maraqlı olduğunu ortaya qoyur. Bu, eyni zamanda Ermənistanın üçtərəfli bəyanatın kommunikasiyaların açılması ilə bağlı bəndlərinin icrasını əngəlləməyə çalışmasına verilən cavab sayıla bilər.

Zəngəzur dəhlizi regionda, beynəlxalq səviyyədə kimlərin, hansı dövlətlərin maraqlarına uyğun gəlmir? Çindən Avropaya yükdaşımalarda yeni marşrutun yaranması hansı qüvvələri narahat edir ki, Ermənistanın onun icrasına mane olmaq cəhdləri dəstəklənir?

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının dediyinə görə, Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvana və Türkiyəyə quru əlaqəsinin yaradılması, Türkiyədən Mərkəzi Asiyaya uzanan coğrafiyanın birləşdirilməsi ilə yanaşı, Çindən İngiltərəyə uzanan geosiyasi planın - “Bir kəmər, Bir yol layihəsi”nin tərkib hissəsidir: “Əslində 30 ildən sonra müharibədə Ermənistanla təkbətək qala bilməyimizə, üçtərəfli razılaşmaya Azərbaycanın istəyi ilə Zəngəzur dəhlizinin daxil edilməsinə, Bakı və Ankaranın bu məsələ üzərində israrla dayanmasına bu kontekstdə baxa bilərik. ”Bir kəmər, Bir yol" layihəsində Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyəyə və Avropaya uzanan Orta dəhliz aktuallaşdı. Bunun bir neçə səbəbi var idi: Birincisi, Rusiyanın Qərblə qarşıdurması bu ölkənin yerləşdiyi Şimal dəhlizində, İranla da eyni problemlərin olması bu ölkənin yerləşdiyi Cənub dəhlizində daşımalara risklər yarada bilər. İkincisi, Mərkəzi Asiya ölkələri arasında yaxınlıq və Azərbaycanın mövcud infrastrukturu Orta dəhlizin perspektivini artırırdı. Bakı bu geosiyasi dəyişikliyi düzgün oxudu və Qarabağ məsələsini həll etməklə Orta dəhlizin əhəmiyyətini artırdı. Müharibədən sonra Azərbaycanın regionda təklif etdiyi altılıq platforması məhz Şimal və Cənub dəhlizlərinin Azərbaycan üzərində Orta dəhlizlə birləşməsi, Cənubi Qafqazda habın yaradılması məqsədinə xidmət edir. Zəngəzur dəhlizi bu habda açar rolunu oynayır və Azərbaycan üçün ikinci Qərb qapısıdır. Bu dəhliz Rusiyanın, İranın, ABŞ-ın və Fransanın timsalında Avropanın marağında deyil və hər bir oyunçu müxtəlif gedişlər edir. Rusiya özünün yerləşdiyi Şimal dəhlizinin aktuallığının azalmasında maraqlı deyildi, lakin Orta dəhlizin üzərində dayanıldığı üçün prosesdən daha az ziyanla çıxmağa çalışır. Əslində Qarabağ müharibəsinə “səssiz” qalmağa məcbur olması bundan qaynaqlanırdı və müharibədən sonra sülhməramlılarını bölgəyə gətirməklə, o cümlədən Zəngəzur dəhlizinin təhlükəsizliyini üzərinə götürməklə iştirakçılıq payını artırdı. Lakin Rusiya daxilində müəyyən qüvvələrin buna qarşı olduğu və bu qüvvələrin timsalında Moskvanın dəhlizə qarşı manevrləri aydın görünür".

Analitikin fikrincə, Qırğızıstan-Tacikistan toqquşmasının səbəblərindən biri də məhz Orta dəhlizin təhlükəsizliyinə risklərin yaradılması idi: “Lakin Rusiya anlayır ki, ABŞ və Çinin mübarizə coğrafiyalarından biri Cənubi Qafqaz olacaq, daha doğrusu, bu mübarizənin başlandığını deyə bilərik, o baxımdan bu coğrafiyada ”hakim" rolunu qorumağa çalışır. İran da Cənub dəhlizinin aktuallığının azalmasından sonra Azərbaycan üzərində qurulan habda iştiraka ehtiyatlı yanaşır və daha çox hadisələrin inkişafına uyğun davranmaq istəyir. Buna paralel olaraq, Ermənistan daxilində Zəngəzur dəhlizinə qarşı çıxacaq qüvvələrlə işləmək xəttini seçib. Belə qüvvələrdən biri “Sasna srer” millətçiləridir. Son dövrlər “Sasna srer”in Zəngəzur dəhlizinə qarşı çıxması və İran-Ermənistan dəhlizindən danışması bundan qaynaqlanır. Fransa regiondakı proseslərdən kənarda qalmağını qəbul etmir və müxtəlif yollarla müharibədən sonra yaranmış reallığa qarşı addımlar atır. Ermənistanda xristian millətçiliyinin siyasi arenaya daxil olması və Cavaxetiya millətçiləri ilə yaxınlaşmanın arxasında da Fransa var və məqsəd Azərbaycanın Gürcüstan üzərindən keçən enerji infrastrukturuna qarşı təhlükələrin yaradılmasıdır. Eyni qüvvələr Zəngəzur dəhlizinə qarşı da çıxırlar. Lakin bütün bu proseslərə əsas təsir ABŞ-ın nələr etdiyi və edəcəyidir. Bayden Consona “Bir kəmər, Bir yol” layihəsinə alternativ layihənin hazırlanmasını təklif etdi, ardınca ABŞ-ın Cənubi Qafqazda aktivliyi başlandı. ABŞ Zəngəzur dəhlizinə Mərkəzi Asiyaya çıxış olaraq baxır və əsas istəyi bu dəhlizin onun nəzarətində olmasıdır. ABŞ-ın regiona iki istiqamət üzrə daxil olduğunu deyə bilərik. Birincisi, Gürcüstanı altılıq platformasından uzaq tutur. İkincisi, Ermənistanda Paşinyan hakimiyyətinə dəstək verir. Mümkündür ki, Vaşinqton Bakı və Ankaraya regionda birgə hərəkət etməyi, Zəngəzur dəhlizindən birgə istifadəni təklif edir və bu istəyini qəbul etdirmək üçün manevrlər edir. Baydenin qondarma “erməni soyqırımı” məsələsində erməniləri sevindirməsinin arxasındakı səbəblərdən biri bölgədə Ermənistan üzərindən manevr imkanlarının artırılması və Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması perspektivinə qarşı addımı idi. Ardınca Blinkenin İlham Əliyevə zəngi və Cənub Qaz Dəhlizinin müzakirə edilməsi də Gürcüstan üzərindən keçən layihələrin ön plana çıxarılması idi. Çünki Zəngəzur dəhlizi məhz Orta dəhlizin Gürcüstan üzərindən keçən marşrutda problemin yarana biləcəyinə qarşı alternativ marşrutun yaradılmasıdır".

A.Nərimanlı deyir ki, hadisələrin inkişafı Zəngəzur dəhlizinin açılmasında Bakı və Ankaranın, o cümlədən “Bir kəmər, Bir yol” layihəsinin müəlliflərinin israrlı olduğunu göstərir: “Azərbaycanın Füzulidə və Zəngilanda hava limanı tikintisinin əsas səbəblərindən biri də məhz Zəngəzur dəhlizinin daşımalarda əsas yol olacağını deməyə əsas verir. Ermənistanda Paşinyan hakimiyyətinin addımlarının ABŞ-ın alternativ təklifi ilə sinxron olduğunu deyə bilərik. Vaşinqton bölgədə istəyinə nail olmaq üçün Gürcüstan kartından istifadə edir və Ermənistanın Türkiyə yox, Gürcüstan üzərindən Qara dənizə çıxışı planını irəli sürür. Bunun mümkünlüyü qeyri-real görünür, ABŞ da bunu daha çox istəyinə nail olmaq üçün rıçaq olaraq ortaya atıb. Görünür, Paşinyan hakimiyyəti bunu ”alternativ" hesab etdiyi üçün üçtərəfli razılaşmaya qarşı çıxan fikirlər səsləndirir. Sərhəddə baş verənlərə seçkiöncəsi daxili auditoriyaya hesablanan gedişlə yanaşı, Zəngəzur dəhlizinə mane olmaq üçün bəhanənin yaradılması kimi də baxa bilərik. Putinin Paşinyanla telefon söhbətində üçtərəfli razılaşmanın bütün şərtlərinin yerinə yetirilməsinin vacibliyini vurğulaması da göstərir ki, Moskva İrəvanın nə etmək istədiyini bilir. Burada ən mühüm məqam ABŞ Dövlət Departamentinin sərhəd məsələsində Ermənistana dəstək verməsi idi. Bu, Vaşinqtonun Zəngəzur dəhlizi ilə bağlı istəklərinin qəbul edilmədiyini göstərir və Paşinyana dəstəklə Ermənistan üzərindən dəhlizə maneələr yaratmaq istəyir. Eyni zamanda bu dəstək Rusiyanı Ermənistanın mövqeyini dəstəkləməyə sövq etmək, beləliklə, tərəf olmasına zəmin hazırlamaq manevri idi. Rusiya tərəf olarsa, Türkiyə də tərəf olacaq və bu, Türkiyənin regionda Rusiya ilə birgə hərəkətini istəməyən ABŞ-ın marağına uyğundur".

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Zəngəzur dəhlizinin açılması variantı Gürcüstanı narahat edir: “Gürcüstan indi narahatdır ki, Ermənistan-Azərbaycan münaqişəsi tam bitib sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri yaransa, Zəngəzur koridoru tam açılsa, Gürcüstanın bölgədə önəmi azalacaq, iqtisadi fürsətləri daralacaq. Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən ən çox maddı qazanc götürən ölkə məhz Gürcüstan idi. İndi yeni yolların açılması ehtimalı, Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları Gürcüstan üzərindən Türkiyə və Avropa mallarının Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və İrana tranzitini azalda bilər. Son 30 ildə Sarpdan keçməklə hər gün yüzlərlə TIR-lar Gürcüstan ərazisindən 600 km yol keçməklə Qırmızı Körpü keçid məntəqəsinə gəlirdi. Yol boyu həmin maşınlara xidmət edən, onminlərlə iş yeri olan obyektlər, infrastruktur qurulub, ölkə tranzitdən, əhali isə yolun özündən qazanırdı. İndi rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdılar”.

Ekspertə görə, Azərbaycan Gürcüstana bəzi zəmanətlər verməlidir: “Boru xətləri daim Gürcüstandan keçəcək, Bakı-Tiflis-Qars dəmir yolu çalışacaq - rəsmi Tiflisə bununla bağlı zəmanət verilməli, onların narahatlığı aradan qaldırılmalıdır. Hətta sabah Zəngəzur koridoru açılanda, yolun o başında da, bu başında da Rusiya duracaq, deməli, o yolla Azərbaycana təzyiq etmək kimi yeni alət yaranacaq, buna görə də Gürcüstan koridoru bizim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki, Moskvanın təzyiqlərini neytrallaşdıra bilək”. (Musavat.com).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm