Bu cür yarışlar Azərbaycanın tanıdılmasına böyük töhfələr verir - RƏY
Bizi izləyin

Nida Təhlil

Bu cür yarışlar Azərbaycanın tanıdılmasına böyük töhfələr verir - RƏY

Müharibədən çox qısa zaman ötməsinə baxmayaraq, Azərbaycan toparlanmağı bacardı. Artıq ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsinə qədəm qoyur. Əvvəla, onu deyim ki, Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar çox böyükdür. Bundan əvvəl ölkəmizdə gerçəkləşmiş bir sıra vacib beynəlxalq tədbirlər - "Avroviziya" mahnı musabiqəsi, xüsusən idman oyunları - 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, "Formula 1" yarışları Azərbaycanın tanıdılmasına çox müsbət töhfələrini verib. Eyni zamanda, bu cür beynəlxalq tədbirlər Azərbaycanda keçirildikdən sonra ölkəmizə daha çox turist axını olur.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, turistlərin Azərbaycana axını ölkə iqtisadiyyatına çox böyük töhfələr verir:

"İndi Azərbaycanda "Formula 1"in növbəti mərhələsi başlayacaq. Eyni zamanda, futbol üzrə Avropa çempionatının dörd oyununa Bakı ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək".

Cavid Osmanov ölkəmizdə son dövrlərdə uğurla həyata keçirilən digər istiqamətlərə də diqqət çəkib:

"Azərbaycan koronavirus pandemiyası ilə bağlı mübarizə tədbirləri çərçivəsində daha effektli mücadilə aparan ölkələrdən biridir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana, xüsusən də cənab Prezident İlham Əliyevə aparılan işlərə görə, bu istiqamətdə aparılan mübarizə tədbirlərinin yalnız milli ruhda deyil, regional və qlobal ruhda çıxış etməsi üçün öz minnətdarlığını bildirib. Artıq bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, ölkəmiz o dövlətlərdəndir ki, COVID-19-a qarşı vaksinləşmə prosesinə elə ilk dövrlərdən başlayıb. Artıq ölkəmizdə bir sıra məhdudiyyətlər aradan qaldırılır. Beləliklə, dövlətimiz post-pandemiya dövrünə qədəm qoyur. Digər tərəfdən, bununla əlaqədar ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin gerçəkləşməsi üçün ciddi işlər aparılır. Baxmayaraq ki, Vətən müharibəsindən 6 aydan bir qədər artıq müddət keçib, artıq işğaldan azad edilən ərazilərimizdə, Qarabağda yenidənqurma işləri ciddi şəkildə həyata keçirilir. Buranı cənnət məkana çevirməklə daha böyük turist potensialının ölkəmizə cəlb edilməsi istiqamətində vacib addımlar atılır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm