Ərdoğanın Şuşaya səfəri buna işarədir – Deputat detalları açdı
Bizi izləyin

Nida Təhlil

Ərdoğanın Şuşaya səfəri buna işarədir – Deputat detalları açdı

“Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi etməsi ölkəmizin dünya dövlətləri içərisində gücünün, qüdrətinin göstəricisidir. Eyni zamanda, Azərbaycana olan etibarın nümunəsidir. Bu günə qədər Azərbaycan idman ölkəsi kimi tanınıb. Ölkəmiz mötəbər idman yarışlarına ev sahibliyi edib”.

Bunu Publika.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan dünyaya əsl ev sahibliyi nümunəsi göstərib:

“Azərbaycan idmançıları beynəlxalq yarışlarda bayrağımızı hər zaman yüksəklərdə dalğalandırıblar. Sözün əsl mənasında Azərbaycan idman ölkəsi kimi tanınıb. Bu, Azərbaycanda həm sağlam həyat tərzinin, həm də turizmin təbliğinə çox böyük təsir göstərib. AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsi bizi çox sevindirir. Həm Azərbaycana çoxlu turistlər gələcək, həm də televiziya vasitəsi ilə bu yarışları milyonlarla azarkeş izləyəcək”.

Deputatın fikrincə, bununla yanaşı, qardaş Türkiyənin milli komandası 2 oyununu Azərbaycanda keçirəcək:

“İstənilən halda bu cür mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi böyük uğurdur. Bu, Azərbaycanın doğru yolda inkişaf etdiyini göstərir, eyni zamanda Azərbaycanın regionda diktə edən ölkə olduğunun göstəricisidir. Keçiriləcək yarışlar ölkəmizdə turizmin inkişafına çox böyük töhfə verəcək. Həm yarışlar zamanı, həm də yarışlardan sonra Azərbaycanın paytaxtına çoxlu sayda turistlər üz tutacaq. Bizim də arzumuz ondan ibarətdir ki, tezliklə Qarabağda həyat yenidən canlansın. Qarabağda bu cür mötəbər idman yarışlarını keçirək. Azarkeşlər məhz gəlib Qarabağda mötəbər idman yarışlarını izləsinlər”.

Millət vəkili söyləyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın futbol oyunları ərəfəsində ölkə başçısı İlham Əliyevlə Şuşaya səfər etməsi Türkiyənin Azərbaycana növbəti dəstəyinin göstəricisidir:

“Eyni zamanda, Türkiyənin regionda güc sahibi olduğunu bir daha nümayiş etdirir. Həm də istənilən məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu göstərir. Unutmamalıyıq ki, son dövrlərdə Ermənistanda revanşist fikirlərlə yaşayan və insanları bu istiqamətdə yönləndirən siyasətçilər var. Ermənilərin havadarları da münaqişəni yenidən alovlandırmaq və regionda sülhə kölgə salmaq istəyirlər. Ərdoğanın bu səfəri həmin qüvvələrə, dairələrə bir mesaj olacaq, yəni biz Azərbaycanın əldə etdiyi qələbəni dəstəkləyirik və regionda sülh üçün əlimizdən gələni əsirgəməyəcəyik. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır”.

Naqif Həmzəyevin sözlərinə görə, Ərdoğanın Şuşaya səfəri yaxın vaxtlarda bu şəhərin təkcə Azərbaycanın deyil, eyni zamanda bütün türk dünyasının mədəniyyət paytaxtı olacağına işarədir:

“Düşünürəm ki, Türkiyənin və türk şirkətlərinin dəstəyi ilə Qarabağ tezliklə çiçəklənəcək. Biz yenidən orada həyatın canlandığının şahidi olacağıq. Ən qısa zamanda soydaşlarımız işğaldan azad olunmuş ərazilərə köçəcəklər. Biz tezliklə Qarabağ torpaqlarında tikilmiş idman zallarında mötəbər idman yarışlarını izləyə biləcəyik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm