Ərdoğanın Şuşaya səfəri və oradan veriləcək mesajlar çoxlarına dərs olacaq - Jalə Əliyeva
Bizi izləyin

Nida Təhlil

Ərdoğanın Şuşaya səfəri və oradan veriləcək mesajlar çoxlarına dərs olacaq - Jalə Əliyeva

Bu gün daha bir tarix yazılacaq günlərin astanasındayıq. Yenə türk dünyası, “iki dövlət, bir millət” olan Azərbaycanla Türkiyə qoşa qanad kimi dünyaya Zəfər nümayiş etdirir. Qardaş və dost Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsindən, tarixi qələbə və zəfərimizdən sonra Azərbaycana - ikinci Vətəninə növbəti dəfə səfər edəcək. Bu səfər gözlənilməz deyildi və onun anonsu hələ xeyli əvvəldən verilmişdi. Bir müddət əvvəl Türk Şurası liderlərinin Zirvə toplantısında Rəcəb Tayyib Ərdoğan Ramazan bayramından sonra Azərbaycana, o cümlədən Şuşaya səfər edəcəyini açıqlamışdı. Baş tutacaq bu səfər olduqca əhəmiyyətlidir və tarixi səfərdir, bununla yeni tarixin yazılacağı istisna edilmir.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib.

Millət vəkili qeyd edib ki, bu səfər türk dünyasının, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun timsalında bütövlükdə dünyaya birliyin, həmrəyliyin, dostluq və qardaşlığın növbəti bəyanı olacaq: Dünya bir daha şahidi olacaq ki, əsl dostluq, qardaşlıq, birlik, həmrəylik necədir və necə olur. Sözlər, vədlər deyil, əməllər, ürəklər ortadadır. Eyni zamanda, mütləq qeyd edilməlidir ki, artıq Qarabağ münaqişəsinin tarixə çevrilməsindən, münaqişəyə son qoyulmasından 7 aydan çox zaman keçir və bu dönəmdə bir çox önəmli hadisələr baş verib. Xüsusilə qandan bəslənən dairələr, yenə də başları əzilmək, “dəmir yumruq” istəyənlər, revanşizm əhval-ruhiyyəsi ilə alışıb yananlar son vaxtlar “bulanıq suda balıq tutmaq” sevdasına baş vurmağa, vəziyyəti gərginləşdirməyə yönələn addımlara cəhd edirlər. Amma Azərbaycanın əzmi, iradəsi, qətiyyəti, xüsusilə də “dəmir yumruğu” yerindədir. Cavab necə lazımdırsa verilir və veriləcək, heç kimin buna şübhəsi olmasın. Hər kəs bir daha bilsin ki, bütün cəhdlərə rəğmən, Qarabağ adlı münaqişəni yenidən alovlandırmaq, yenidən fitnəkarlıq ocağı yaratmaq mümkün deyil və olmayacaq. Azərbaycan 8 noyabr Şuşa Zəfəri və 10 noyabr Bəyanatı ilə yağı və murdar düşmən ilə münaqişəyə son qoyub, tarixi Qələbə qazanıb. Artıq geriyə - 27 sentyabrdan əvvəlki dönəmə qayıtmaq mümkün deyil, Azərbaycan buna heç vaxt və heç bir vəchlə imkan verməyəcək”.

J.Əliyevanın sözlərinə görə, son zamanlar yaşananların fonunda R.T.Ərdoğanın Azərbaycana, xüsusilə işğaldan azad olunmuş ərazilərə, Qarabağa səfəri böyük məna daşıyır: “Ərdoğan Qarabağımıza, işğaldan azad olunmuş torpaqlarımıza, dünyanın mədəniyyət beşiyi Şuşamıza səfər edəcək ilk dövlət başçısı olacaq. Bunun özü də bir xoşbəxtlik, bir qismət, Böyük Yaradanın bir lütfüdür. Məhz ilk olaraq Türkiyə Respublikasının Prezidenti ilə Qarabağa bu cür səfərlərin başlaması qanunauyğunluqdur və təbii bir prosesdir. Bununla yanaşı, bu səfər işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya ilk xarici dövlət başçısının səfəri kimi də tarixə düşəcək. Türkiyə Azərbaycanın bütün dövrlərdə ən yaxın strateji tərəfdaşı, ən yaxın dostu, ən yaxın qardaşı olub. Xüsusilə də Qarabağ münaqişəsinin başlamasından bu yana Türkiyənin tutduğu mövqe, Azərbaycanın ədalətini ölkəmizlə birlikdə dünyaya car çəkməsi, beynəlxalq təşkilatlar qarşısında bizim haqlı mövqeyimizi müdafiə etməsi, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi mənəvi dəstək qardaşlığımızın və bütün sahələrdə əməkdaşlığımızın nümunəsidir. Vətən müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradında Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirak etməsi, tribuna arxasından həm onun, həm də cənab Prezident İlham Əliyevin çıxışı dünyaya bir mesaj idi və sabah baş tutacaq səfəri labüd edirdi. Bu səfər həm də böyük siyasi əhəmiyyət daşıyır. Bu, bir daha Türkiyənin və Azərbaycanın bölgədə artan gücünü və nüfuzunu nümayiş etdirir”.

Deputata bildirib ki, bu səfər və gerçəkləşdiriləcək layihələr, imzalanacaq sənədlər, sazişlər, atılacaq növbəti birgə addımlar və veriləcək birgə bəyanatlar, mesajlar heç şübhəsiz, çoxlarına dərs olacaq: “Çünki verilən dərslərdən nəticə çıxarmamağın aqibətinin necə olduğunu 44 günlük savaş bir daha göstərdi. Heç kim və heç bir qüvvə zəfər və uğur qatarının önünü kəsməyə qadir deyil, kimsə onu geriyə döndərmək, relsindən çıxarmaq iqtidarında deyil. Azərbaycanın zəfər qatarı, bütövlükdə Azərbaycanla Türkiyənin zəfər və uğur qatarı heç bir maneə tanımadan irəliləyir və irəliləyəcək. Bu səfərdən, bu tarixi hadisədən türk dünyası, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, həmrəyliyi bir daha güclənmiş, bir daha sıx tellərlə möhkəmlənmiş şəkildə çıxacaq. Bu səfər türkün yeni inkişaf, yeni zəfər mərhələsi olacaq. Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı və həmrəyliyi”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm