• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Şuşa Bəyannaməsi böyük tarixi sənəddir - Azər Badamov

Şuşa Bəyannaməsi böyük tarixi sənəddir - Azər Badamov

“15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladıqları bəyannamə tarixə Şuşa Bəyannaməsi kimi düşəcək. 100 illər bundan sonra da öz əhəmiyyətinə görə vacib sənəd hesab ediləcək. 100 il əvvəl, 13 oktyabr 1921-ci ildə tarixi Qars müqaviləsi imzalanmışdı və bu sənəd müddətsiz təsdiq olunmuşdu. Qars müqaviləsinə görə Naxçıvanın muxtariyyət statusu təsdiq edildi. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə onun bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəd rolunu oynayıb”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, Şuşa Bəyannaməsi isə bütövlükdə Azərbaycanın təhlükəsizliyində və regionda təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq:

“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin yeni iş birliyi dövrünə qədəm qoyması deməkdir. Bəyannamənin tərkibindəki maddələrə diqqət yetirəndə görürük ki, sənəd çoxşaxəlidir. Hərbi əməkdaşlıqdan başlamış iqtisadi əməkdaşlığa və regional əməkdaşlığa xidmət edəcək kommunikasiyaların açılmasına qədər bütün istiqamətləri özündə ehtiva edir. Əslində, Şuşa Bəyannaməsi regionda altılıq platformasında, yəni Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanın iqtisadi əməkdaşlığının genişləndirilməsinə də hesablanıb. Regional əməkdaşlıq dərinləşdikcə regional təhlükəsizlik də möhkəmlənəcək”.

Deputat qeyd edib ki, bəyannamədə müdafiə sənayesi sahəsində əməkdaşlığa xüsusi yer verilib:

“Bu o deməkdir ki, Türkiyənin dəstəyi ilə ölkəmizdə müasir hərbi sənaye məhsullarının istehsalı genişlənəcək. Türkiyənin bu istiqamətdə təcrübəsi çox böyükdür. Türkiyə Silahlı Qüvvələrinin silahlanmasının 70 faizdən çox hissəsi yerli istehsal hesabınadır. Eyni təcrübə Azərbaycanda da tətbiq olunacaq və nəticədə hərbi vasitələrin idxalından asılılığımızı minimuma endirə biləcəyik. Müqavilədə nəzərdə tutulan əsas məqamlardan biri də ordumuzun təkmilləşdirilməsi və Türkiyə standartlarına uyğunlaşdırılmasıdır. 44 günlük Vətən müharibəsində türk təcrübəsindən istifadə etməklə qələbəmizi təmin edə bilmişik.

Türkiyə ordusu gücünə görə NATO-da ABŞ-dan sonra ikinci yerdədir. Türk əsgərləri dünyanın müxtəlif ölkələrində baş verən müharibələrin tənzimlənməsində iştirak edirlər və daima döyüş meydanında olduqlarına görə böyük təcrübə qazanıblar. Ordunun gücü nəzəri biliklərlə ölçülmür. Ordu müharibə meydanlarında daha da güclənir və özünü təsdiq edir. Ona görə də Türkiyə ordusu dünyanın ən güclüləri arasında öndə sıralanır.

Azərbaycan Ordusunun Türkiyə ordusunun standartlarına uyğunlaşdırılması düşünürəm ki, bizim NATO-ya daxil olmağımızı yaxınlaşdırır anlamına gəlmir. Amma Türkiyə NATO ölkəsidir və NATO təcrübəsinin Azərbaycan Ordusuna gəlişi kimi başa düşmək olar.

Ümumiyyətlə, Şuşa Bəyannaməsi böyük tarixi sənəddir və 100 il əvvəl qəbul olunmuş Qars müqaviləsinin analoqu olaraq bütün Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında Türkiyənin rolunun artmasına imkan verəcək”.

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR