Bu bəyannamə ona görə Şuşada imzalandı ki...
Bizi izləyin

Nida Təhlil

Bu bəyannamə ona görə Şuşada imzalandı ki...

Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri sözsüz ki, tarixi hadisədir. Bu səfər Türkiyə dövlət başçısının NATO sammitindən dərhal sonra baş verdi. O, NATO sammitində də Azərbaycanın haqlı mübarizəsindən, ədalətli mövqeyindən, həmçinin ərazi bütövlüyünü bərpa etməsindən söz açmışdı. Növbəti gün Ərdoğanın eyni bəyanatlarla Şuşada çıxış etməsi təsadüfi xarakter daşımır.

Bu sözləri Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib. O bildirib ki, Şuşa bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlığın nümunəvi göstəricisi kimi əhəmiyyətlidir:

“İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycanı siyasi və mənəvi aspektdən dəstəkləmişdi. Bu dəstəyin göstəricisi olaraq Şuşa Bəyannaməsini qiymətləndirə bilərik. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə arasında iqtisadi, təhsil, siyasi, səhiyyə və təhlükəsizlik sahələrində əməkdaşlıqla bağlı müddəalar yer alıb. Lakin burada ən önəmli olan siyasi təhlükəsizliklə bağlı müddəalardır. Qeyd olunub ki, tərəflərdən hər hansı birinə qarşı üçüncü tərəfin aqressiyası və ya hücumu olarsa, ərazi bütövlüyünə qəsdi baş verərsə, tərəflər bir-birinə dəstək göstərəcək. Bu da önəmli bir prinsipdir.

Bilirik ki, Ermənistanla Rusiya arasında 1997-ci ildə belə bir saziş imzalanıb. 2010-cu ildə Azərbaycan və Türkiyə arasında bağlanmış strateji əməkdaşlıq sazişində də oxşar müddəalar göstərilmişdi. Lakin bu bəyannamənin prinsipinin indiki halda Şuşa şəhərində imzalanması Azərbaycan-Türkiyə qardaşlığına başqa bir rəng qatır. Bu bəyannamə ona görə Şuşada imzalandı ki, bu şəhər Qarabağın simvoludur. Azərbaycan-Türkiyə qardaşlığından əlavə, bu, bütün türk dünyasına da verilən bir mesajdır. Artıq bölgədə yeni reallıqlar formalaşır. Bu reallıqlar Türkiyə və Azərbaycanın birbaşa iştirakı ilə baş tutacaq”.

Siyasi şərhçi qeyd edib ki, Şuşa Bəyannaməsi 1921-ci ilin oktyabr ayında imzalanan tarixi Qars müqaviləsinə istinad edir: “Bu da dostluq sazişi idi. Bu baxımdan bəyannamənin Qars müqaviləsinə istinad etməsi təsadüfi deyil. O saziş Naxçıvanın Azərbaycanın daxilində saxlanmasının qarantı rolunu oynamışdı. Belə müddəa var idi ki, Naxçıvan üçüncü tərəfə verilə bilməz, Azərbaycanın daxilində muxtar statusa malik olmalı idi. Bu müqavilədən 100 il sonra Şuşa şəhərində yeni bəyannamənin imzalanması Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”.

Ekspert vurğulayıb ki, sözügedən tarixi sənədin imzalanması Ermənistanda seçkiöncəsi gərginliyi daha da artıracaq:

“Ermənistanda onsuz da seçkiöncəsi gərginlik var, bu, aylardır ki, davam edir. Hər bir hadisədən namizədlər bir-birinə qarşı kampaniya aparmaq üçün istifadə edir. Sözsüz ki, seçki ərəfəsində bu bəyanatdan da əks tərəflər bir-birinə qarşı istifadə etməyə çalışacaq. Düşünürəm ki, bunu daha çox müxalif qüvvələrin başçılarından biri Robert Koçaryan əsas göstərəcək.

Prezidentlərin dünən Şuşada verdiyi mesajlar göstərir ki, Azərbaycan Ermənistanla kommunikasiya və nəqliyyat dəhlizlərinin açılmasının tərəfdarıdır. Zəngəzur dəhlizi Azərbaycandan əlavə, Ermənistan üçün də iqtisadi-inkişaf baxımdan yararlı layihə olacaq. Ermənistan xalqı bunu başa düşməli və seçkilərdə düzgün qərar verməlidir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm