Ankara-Bakı münasibətləri ən yüksək mərhələyə qədəm qoyub - RƏY
Bizi izləyin

Nida Təhlil

Ankara-Bakı münasibətləri ən yüksək mərhələyə qədəm qoyub - RƏY

“15 iyun 2021-ci il tarixində iki qardaş ölkə arasında imzalanan, Azərbaycan və Türkiyə prezidentlərinin öz imzaları ilə təsdiq etdiyi Şuşa Bəyannaməsi Ankara-Bakı münasibətlərinin ən yüksək mərhələyə qədəm qoyması deməkdir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili söyləyib ki, Şuşa Bəyannaməsi ilk növbədə müstəqillik, suverenlik, beynəlxalq səviyyədə sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini nəzərdə tutur:

“Bu, tarixi sənəddir. Bu tarixi sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində də əlaqələndirilmiş birgə fəaliyyətin təşviqi xüsusi yer alır. Son zamanlar hər iki dövlətin dünya miqyasında güclü və qüdrətli ölkəyə çevrildiyini görürük. Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazandıqdan sonra dövlətimizin qüdrətinin daha da artması və müstəqil siyasət yürütməsi, eləcə də qardaş Türkiyənin dünya çapında çox böyük nüfuzlu dövlətə çevrilməsi bu baxımdan hər iki ölkənin qardaşlığının bir təntənəsidir, zirvəsidir, zəfəridir. Bu bəyannamədəki vacib məqamlardan bəlkə də ən birincisi hər iki qardaş ölkənin hərbi müttəfiqlik etməsidir. Hər hansı bir üçüncü dövlətin Türkiyəyə və ya Azərbaycana qarşı təcavüzü olarsa, hər iki ölkə hərbi güclərini birləşdirəcək. Beləliklə, yaranmış təcavüz faktının qarşısı birgə alınacaq. Bu amil iki qardaş ölkənin gücünü və qüdrətini daha da möhkəmləndirəcək. Əlbəttə, silahlı qüvvələrin müasirləşdirilməsi vacib məqamdır”.

Cavid Osmanov qeyd edib ki, milli iqtisadiyyatın şaxələndirilməsi üzrə səylərin artırılması və Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması, daha da inkişaf etdirilməsinə yönəlmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi Şuşa Bəyannaməsində öz əksini tapıb:

“Ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi gələcəkdə Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını və bununla da qardaş Türkiyə ilə Azərbaycan arasında quru nəqliyyat yolunun bərpasını reallaşdıracaq. Türk dünyası ilə quru yolun birləşdirilməsini əks etdirəcək. Bəyannamədə Türkiyə ilə Azərbaycan diasporlarının daha sıx şəkildə əməkdaşlığı və birgə inkişafın həyata keçirilməsi nəzərdə tutulub. Bu da Azərbaycan və Türkiyə reallıqlarının bütün dünyaya çatdırılması anlamına gəlir. Digər tərəfdən, Azərbaycan-Türkiyə media platformasının imkanları çərçivəsində iki ölkənin birgə fəaliyyətinin daha da genişləndirilməsi və kommunikasiya, diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsidir. Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək mərhələsində olduğunu bu bəyannamə ilə sübuta yetirdi”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm