• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Artıq müharibə qərarını Ermənistan vermir - Deputat

Artıq müharibə qərarını Ermənistan vermir - Deputat

"Ermənistanda sabah keçiriləcək növbədənkənar parlament seçkilərində 26 siyasi partiya və blok iştirak edəcək. Nikol Paşinyanın ”Mənim addımım” və keçmiş prezident Koçaryanın “Ermənistan” bloku son sorğulara görə liderlik edirlər. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu reytinq faizlərinə kifayət qədər şübhə ilə yanaşılır. Çünki, Koçaryanın piar-kompaniyasına baxmayaraq, keçirdiyi mitinqlərdə az adamın iştirak etməsi sorğu keçirən təşkilatların obyektivliyinə şübhə doğurur".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, seçkilərdə Ermənistan kimi kiçik dövlətdə çoxsaylı partiya və blokların iştirakı səslərin parçalanmasından, elektoratın siyasətçilərə inamsızlığından xəbər verir: "Parlamentə 4 blokun düşmə ehtimalı yüksəkdir. Parlamentdə Paşinyanla yanaşı, Koçaryanın bloku, 1-ci prezident Levon Ter-Petrosyanın başçılığı ilə Erməni Milli Konqresinin və daha bir blokun təmsil olunacağını düşünürəm. Müharibədə biabırçı məğlubiyyətə baxmayaraq, Paşinyanın daha çox səs toplayacağını düşünürəm. Ancaq, hökumətin formalaşdırılması üçün mütləq koalisiya qurulmalıdır".

Millət vəkilinin fikrincə, liderlər arasında kəskin düşmənçiliyi nəzərə alsaq, bu, çox çətin olacaq: "Seçkidən sonra Paşinyan və Koçaryanın tərəfdarları arasında qarşıdurmaların olacağı şübhəsizdir. Hətta konfliktin genişlənərək vətəndaş qırğınına çevrilməsi ehtimalı böyükdür. Erməni xalqı yaxın tarixdəki Koçaryan-Sarkisyan cinayətlərini unutmayıb. Koçaryanın qalib olacağını düşünmürəm. Yenidən müharibənin alovlanmasına gəldikdə isə belə bir ehtimal hələlik görünmür".

Nəsib Məhəməliyev hesab edir ki, müharibə aparmaq üçün Ermənistanın nə ordusu, nə də ki, iqtisadi gücü var: "İndiki vəziyyət elədir ki, Ermənistanın rəhbərinin kim olmasından asılı olmayaraq, istənilən müharibə cəhdləri, onun dövlət olaraq məhv olması ilə nəticələnə bilər. Ələlxüsus, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları tarixi Şuşa Bəyannaməsindən sonra... Müharibə və digər qlobal məsələlərlə bağlı qərarları artıq Ermənistan deyil, başqa qüvvələr verəcək. Ona görə də, biz bilməliyik ki, bölgədə gərginliyin saxlanılmasında maraqlı olan, Ermənistandan maşa kimi istifadə etmək istəyən qüvvələr həmişə olacaq. Bölgədə əmin-amanlığın, sabitliyin olması, bir çox qlobal güclərin marağında deyil və uzun müddət belə olacaq. Şuşa Bəyannaməsində nəzərdə tutulan müddəaların tam icrası, bizim iqtisadi inkişafımız, Türkdilli ölkələrlə sürətli inteqrasiya, uzunmüddətli, dayanıqlı sülhün təminatı o qüvvələrə ən gözəl cavabdır".

Tural Turan

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR